Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən Tofiq İsmayılov Moskva Rabitə Elektrotexnika İnstitutuna daxil olur. 1956-cı ildə institutu bitirən Tofiq İsmayılov Moskvada hərbi-sənaye kompleksinə aid qapalı müəssisədə çalışmağa başlayır, qısa müddət ərzində burada sex rəisi vəzifəsinədək yüksəlir. Moskvanın ictimai-siyasi həyatında fəal iştirak edən T.İsmayılov Moskvanın Frunze rayonu Şurasının deputatı seçilir. Əmək fəaliyyətini davam etdirməklə yanaşı, T.İsmayılov 1959-cu ildə Moskvada aspiranturaya daxil olur. Onun sahəsinə aid qapalı hərbi-sənaye müəssisəsi Bakı şəhərində açılanda isə o, Bakıya təyinat alır və 1966-ci ildə doğma şəhərə qayıdır. Əmək fəaliyyəti ilə bərabər, elmi araşdırmalarını davam etdirən T.İsmayılov bəzi elmi əsərlər çap etdirir. O, 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasına işə dəvət olunur.
1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edən T.İsmayılov Elmlər Akademiyasında işi ilə paralel olaraq Politexnik İnstitutunun radiotexnika kafedrasında dərs deyirdi. 1973-cü ildə onun rəhbərliyi ilə Elmlər Akademiyasında "Kaspi" Elmi-Texniki Mərkəzi yaradılır. Dövlət sifarişi üzrə kosmik sahə ilə bağlı tədqiqatlar aparan mərkəz tezliklə respublikada bu yeni sahə ilə bağlı ən effektiv təşkilata çevrilir. Ətrafında gənc və eyni zamanda bilikli və fəal alimləri birləşdirən T.İsmayılov sovet kosmik aparatlarında tətbiq edilən bir sıra cihazların yaradılmasında iştirak etmişdir. Artıq Sovet İttifaqı səviyyəsində ad qazanan elmi mərkəz 1978-ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilir. Tofiq İsmayılov institutun direktoru təyin olunur. 1981-ci ildə həmin təşkilatın və ona tabe olan bütün müəssisələr bazasında Azərbaycan SSR EA-nın nəzdində ilk dəfə olaraq “Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi (KTEİB)” yaradıldı. Respublikada aparıcı elmi-tədqiqat və elm-istehsalat müəssisəsinə çevrilən birliyin baş direktoru Tofiq İsmayılov təyin edilmişdir. Respublikada ən iri elmi mərkəzlərdən biri olan birlik artıq ümumdünya əhəmiyyətli tədqiqatlar aparırdı. Kosmik aparatların uçuşlarını tənzimləyən elmi cihazlarla bərabər, agentlik kosmik fəzadan Yer və su səthinin müşayiət edilməsi, okean və dənizlərin dibinin öyrənilməsi, planetimizin ekoloji durumunun müəyyən edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi.
1979-cu ildə Tofiq İsmayılov doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, texnika elmləri doktoru adına və professor elmi dərəcəsinə layiq görülür. Çox keçmədən, ixtira etdiyi cihazların birinin böyük əhəmiyyəti nəzərə alınaraq, ona Azərbaycan SSR Dövlət mükafatı verilir.
Əməkdar elm xadimi adına layiq görülən Tofiq İsmayılov 200-dən çox elmi işin müəllifidir, onlardan 90-ı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdir. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki yüksək elmi adına layiq görülən alim Beynəlxalq Mühəndis Akademiyasının üzvü seçilmişdir.
T. İsmayılov Beynəlxalq elmi-texniki jurnal - “Məsafədən duyma üzrə xülasə jurnalı”nın (Vaşinqton), “Kosmik Tədqiqatları EİB məlumatları” dövri nəşrin redaktoru, “Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri”nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdur.
1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdur. Akademik T.K.İsmayılov məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış “PS - 17 BK” və “Pulsar X-1” rentgen teleskopları böyük müvəffəqiyyətlə “Salyut-Soyuz-T-11”, “Mir” orbital stansiyalarında fəaliyyət göstərmişdir. “Pulsar X-1” ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin “PS - 17 BK” (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdur.
T.İsmayılov 1991-ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi. Xalq qarşısında xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni, “Əməkdə rəşadət” medalı, elm və texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, K.E.Sialkovski, S.P.Korolyov və Y.A.Qaqarin adına fəxri medallarla təltif edilmişdir.
Tofiq İsmayılov 1991-ci il noyabrın 20-də Qarakənd üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində faciəli şəkildə həlak olmuşdur.
Tövsiyə edilən ədəbiyyat: