Tarixdən səhifələr

Ümumdünya Qaçqınlar Günü

BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Bu günün qeyd edilməsində məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.

Beynəlxalq Qaçqınlar Günü hər il Azərbaycanda da qeyd edilir. Bu da təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, mənfur qonşularımız tərəfindən tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqın həyatı yaşamağa məcbur olub. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və 7 rayondan didərgin salınaraq ölkənin müxtəlif yerlərində müvəqqəti məskunlaşıblar. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib.

Ümummilli liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Ümummilli liderin 1998-ci ildə qəbul etdiyi "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanmışdır.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli yönümündə böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası çox böyükdür. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu baxımdan olduqca əhəmiyyətlidir. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün milyardlarla manat vəsait sərf olunub. Ümumilikdə yüzə yaxın müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb.

Son illər ərzində ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına şərait yaratdı. 2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı.

Hazırda işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi prosesinə başlanılıb. Şuşa mədəniyyətimizin paytaxtı kimi yenidən qurulur. Keçmiş məcburi köçkünlər yenidən qurulan yaşayış məntəqələrinə geri qayıdırlar. Beynəlxalq təşkilatlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürlər. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, “ yaşıl enerji zonası” konspesiyalarına üstünlük verilir.

Yaranan yeni reallıq Qərbi Azərbaycandan zaman-zaman deportasiya edilən azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq arzusunun reallaşması üçün də hüquqi zəmin yaratmışdır. Beynəlxalq humanitar hüquq bu istəyin reallaşması üçün imkan yaradır. 1989-cu ilin dekabrında yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və 2022-ci ilin avqustunda yaradılan Qərbi Azərbaycan İcması tarixi-etnik torpaqlarından zaman-zaman qovulan azərbaycanlıların kompakt şəkildə öz vətənlərinə qayıtmaları üçün mübarizə aparır, öz maddi-mədəni irsinə sahib çıxmaq istəyir, onların yer üzündən silinməsinin qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciətlər edir, Ermənistan hökuməti qarşısında məsələ qaldırır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası təsdiq olunub.

Əminliklə demək olar ki, Azərbaycan xalqının əzmi, dövlət başçısı Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində illər boyu yurd həsrəti ilə yaşayan bütün vətəndaşlarımız öz dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qovuşacağı günlərə, bir sözlə, Azərbaycanda qaçqın və məcburi köçkün probleminin sona çatacağına çox az qalıb.


Tövsiyə edilən ədəbiyyat:

  1. Ələkbərli, Əziz Yusif oğlu. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı : sənədlərin dili ilə / Ə. Y. Ələkbərli ; red.: B. Ə. Budaqov, H. İ. Mirzəyev, H. Ə. İsmayılov. - Bakı : Nurlan, 2008. - 560 s.
  2. Qaçqınların və məcburi köçkünlərin rifahı naminə = For the Welfare of Refugees and Internally Displaced Persons: İn three volumes / Azərbaycan Respublikası Prezidentinin Katibliyi. I cild. - Bakı : n. y., 2013. - 416 s.
  3. Qaçqınların və məcburi köçkünlərin rifahı naminə = For the Welfare of Refugees and Internally Displaced Persons / Azərbaycan Respublikası Prezidentinin Katibliyi. II cild. - Bakı : n. y., 2013. - 398 s.
  4. Qaçqınların və məcburi köçkünlərin rifahı naminə = For the Welfare of Refugees and Internally Displaced Persons / Azərbaycan Respublikası Prezidentinin Katibliyi. III cild. - Bakı : n. y., 2013. - 408 s.
  5. Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı: 2003-2013 / Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi. - n. y. y. : n. y., n. i. y. - 76 s.
  6. Məmmədov, Rüstəm Fəxrəddin oğlu. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində / R. F. Məmmədov, S. A. Süleymanlı, X. R. Abbasov ; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Hərəkatı İctimai Birliyi. - Bakı : Səda, 2016. - 232 s.
  7. Allakhverdiyev, Galei Ali oglu. Armenian Aggression and Tragedy of Azerbaijanian Refugees / G. A. Allakhverdiyev, A. A. Saad. - Cairo : [w. p.], 1996. - 72 p.