Tarixdən səhifələr

Ümumdünya ətraf mühitin mühafizəsi günü

Bəşəriyyət, yarandığı gündən müasir dövr də daxil olmaqla onu əhatə edən təbii mühitdən öz xeyri üçün istifadə etmək məqsədilə ona hər cür müdaxilə etməkdən çəkinməmişdir. Təbii sərvətlərdən yüzilliklər boyu kortəbii, səmərəsiz istifadə olunması nəticəsində təbii mühit dünya miqyasında əsaslı dəyişikliyə məruz qalıb. Yer kürəsinin quru sahəsinin 97 mln kv km ərazisi antropogen təsirə məruz qalıb. 52 mln kv km ərazi isə hələlik öz təbii halını saxlamaqdadır. Belə ki, dünya əhalisinin hər il 80 mln nəfərdən çox artımı, onun gündəlik tələbatının yüksəlməsi, təbii sərvətlərin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat kompleksində yeni texnologiyaların tətbiqi, istehsalın genişlənməsi, dünya ərazisi təbii örtüyünün getdikcə daha çox antropogen dəyişikliklərə uğraması, təsərrüfat əlaqələrinin beynəlxalq miqyasda genişlənməsi və sair digər amillər göründüyü kimi ətraf mühitə öz mənfi təsirini göstərir. XIX əsrin əvvəlindən başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər, XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Nəhayət, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsini, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsinin vacibliyini nəzərə alaraq, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya ətraf mühitin mühafizəsi günü kimi qeyd olunmasına qərar verildi. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.

Azərbaycanda “Ətraf Mühitin Mühafizəsi Günü” hər il keçirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə (1969-1982) ekologiya, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə sahəsində 8 qanun, 32 qərar qəbul olunmuşdur. Bu dövrdə, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilmiş, yeni - yeni parklar, yaşıllıqlar, meşəliklər salınmış, bu sahədə fənlərin tədrisinə diqqət artırılmışdır. Ümummilli liderin 1993 - cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə dair bir sıra qanun və qərarlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 1997 - ci il 30 dekabr tarixində “Azərbaycan Respublikasının Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında”, 1999 - cu il 4 iyun tarixində “Heyvanlar aləmi haqqında”, 1999 - cu il 8 iyun tarixində “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunları, “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” lar, 2002 - ci il 10 dekabr tarixində “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilmişdir.
 
Prezident İlham Əliyev ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib, bu sahədə iri layihələr uğurla həyata keçirilib və hazırda da davam etdirilir. 2003-cü ildə ölkə prezidenti tərəfindən təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram ekoloji siyasəti daha da təkimlləşdirərək, onun tətbiq edilməsi üçün imkanlar yaradıb. Onun 2010-cu ili “Ekologiya ili” elan etməsi, eyni zamanda ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiya” sı, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyət kəsb edir. 2012-ci ildə nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən açıqlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutub. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərəmiz bir ağac əkək” devizi, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın təbiətinin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə biomüxtəlifliyin qorunmasına yönələn “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və təbii areallarının yenidən bərpası” layihəsi həyata keçirilib.  Milli parkların yaradılması işi uğurla davam etdirilir və təbii ehtiyatların qorunması üçün uzunmüddətli dövlət planları nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Bu meşələr  məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarları ekoloji terrora məruz qalıb. Hazırda işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının aradan qaldırılması, təbiətin flora və faunasının bərpa edilməsi istiqamətində dövlət tərəfindən çox mühüm işlər görülür. Bu fəsadların aradan qaldırılması üçün işğaldan azad edilən ərazilərdə “Dostluq meşəsi” və terasların salınması ilə yanaşı ağıllı tinglik sahələri də yaradılır. Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəsalma və meşəbərpa işləri həyata keçirilir. Kimyəvi çirklənməyə məruz qalan çayların təmizlənməsi üçün beynəlxalq təcrübədən istifadə olunur.

Qlobal istiləşmə və iqlim dəyişikliyi nəticəsində  qasırğalar, quraqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verir. Bu hadisələr qida və su təhlükəsizliyi məsələlərinə, quraqlıq və ekstremal hava hadisələri olan regionlarda mənimsəmə münaqişələrinin artmasına səbəb olur. İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək  xəstəliklərin artmasına, temperaturun yüksəlməsi və yaşayış yerlərinin dəyişməsi, bir çox bitki və heyvan növlərinin məhv olmasına, biomüxtəlifliyin itirilməsinə və ekosistemlərin tarazlığının pozulmasına səbəb olur. Qalıq yanacaq istifadəsinin yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının artması dünya temperaturunun yüksəlməsinə səbəb olub. Hazırda bu qəbildən olan problemlərə Azərbaycan xüsusi diqqət yetirir. “Yaşıl enerji”nin inkişafı və onun dünya bazarlarına çıxışı hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. Bu məqsədlə, Azərbaycanda böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib - 230 meqavat gücündə Günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edib. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Günəş enerjisini, demək olar ki, bütün ölkə ərazisində əldə etmək olar və külək enerjisindən istifadə baxımından ən perspektivli sahələr Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də Bakı sayılır. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisi ilə zəngindir, Kəlbəcər və Laçın güclü küləkləri ilə tanınır. Təbii, dağ çaylarının - Tərtərçay, Bazarçay, Həkəri enerji yaradan potensiala malikdir və bu da atmosferə zərər vermədən elektrik enerjisi istehsalına öz töhfəsini verəcəkdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycanın dünyada liderlər sırasında olacağı planlaşdırılır.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir. COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcəkdir. Hər dövlət öz nailiyyətlərini nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da “yaşıl energetika”, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin və digər nailiyyətlərini həmçinin, gələcəkdə nəzərdə tutuduğu digər layihələri və planları təqdim edəcəkdir.

Cəmiyyət - təbiət qlobal sistemində ekoloji problemlərin həlli beynəlxalq əməkdaşlıq, qlobal səviyyədə qarşılıqlı razılaşma tələb edir. Azərbaycan Respublikası qlobal və regional ekoloji problemlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həllinə çalışır. Azərbaycan dövlətinin ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər beynəlxalq aləmdə təqdir edilir. Ekoloji problemlərə düzgün yanaşma cəmiyyətimizin köklü maariflənməsini tələb edir. Davamlı gələcək naminə hamımız birləşərək bu problemlərin aradan qaldırılmasına yardım etməliyik. Ekoloji problemlərin həlli dünya ölkələrinin birgə fəaliyyətini və inteqrasiyasını tələb etsə də, hər bir insan ətraf mühitin qorunmasının məsuliyyətini daşımalı ağacəkmə aksiyalarına qoşulmalı, sudan qənaətlə istifadə etməli, ətraf mühitin qorunmasına və yaşıllaşdırılmasına öz kiçik töhfəsini verməlidir.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə: dərs vəsaiti / elmi red. Ş. Göyçaylı; red. V. Paşayev.- Bakı: Hərbi nəşriyyat, 1996.- 238 s
  2. Məmmədov, Qərib Şamil oğlu. Ekologiya və ətraf mühitin mühafizəsi / Q. Ş. Məmmədov, M. Y. Xəlilov.- Bakı: Elm, 2005.- 880 s.
  3. Məmmədov, Qərib Şamil oğlu. Ekologiya, ətraf mühit və insan: dərslik / Q. Ş. Məmmədov, M. Y. Xəlilov; elmi red. B. Ə. Budaqov.- Bakı: Elm, 2006.- 608 s.
  4. Xəlilov, Telman Abdul Həmid oğlu. Ekologiya və ətraf mühiti mühafizənin əsasları: dərslik / T. A. Xəlilov; elmi red. Ş. Y. Göyçaylı.- Bakı: MBM-R, 2009.- 232 s.