Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə və Sosial Təminat Nazirliyinin yarandığı günə istinad edərək imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Yaxın Şərqin bir hissəsi olan Azərbaycanda qədim zamanlardan tibbi xidmətə xüsusi diqqət yetirilmiş, təbiblər cəmiyyətin ən nüfuzlu üzvləri sayılmışdır. Fiziki-coğrafi, sosial-iqtisadi və siyasi xüsusiyyətlər Azərbaycanın hər bölgəsinin, özünəməxsus tibbi biliklər, müalicə metodları və vasitələrinin formalaşdırılmasını şərtləndirmişdir. Qədim dövrlərdə Azərbaycan ərazisini əhatə edən Midiya dövlətinin Avesta kimi tarixi abidəsində deyilir ki, "həkimin üç silahı var: “söz, otlar və bıçaq". Söz və təkliflə şəfa verən həkim o dövrdə ən yaxşı hesab olunurdu. VIII əsrdə İslam dövründə tibb elminin ciddi yüksəlişi müşahidə olunur. O dövrdə Azərbaycanda məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərib, burada ərəb və fars dilləri, din, riyaziyyat, xəttatlıq, tarix, ədəbiyyat, tibb və kimyagərlik dərsləri keçirilib. Son orta əsrlərdə yaşamış Məhəmməd Bərgüşadinin "Tibbi Nəbivi" əsəri Azərbaycan dilində məlum olan ilk tibb haqqında kitab hesab olunur. 1712-ci ildə Məhəmməd Yusif Şirvani Azərbaycan dilində "Tibbnamə" ("Tibb kitabı") əsərini yazmışdır.
XVIII - XIX əsrlərdə tibbin inkişafı təmamilə başqa istiqamətə yönəldi. Rusiya imperiyası dövründə Şimali Azərbaycanda ilk müasir tipli əczaxanalar – apteklər meydana çıxdı. O dövrdə, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundov birlikdə ölkəni sarsıdan malyariya ilə bağlı əsərlər üzərində tədqiqatlar aparırdılar. Həsən bəy Zərdabinin tibb haqında “Torpaq, su və hava”, “Gigiyena” kimi əsərləri, həmçinin “Əkinçi” və “Kaspi” qəzetlərinin səhifələrində silsilə məqalələri nəşr olunmuşdu. 1914-cü ildə nəşr olunmuş "Gigiyena" kitabı, gigiyena sahəsi üzrə Azərbaycanda ilk elmi tədqiqat əsəri hesab olunur.
1918-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması oldu. Səhiyyə Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfıbəyov təyin edilmişdi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibbi məntəqələr açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi tibbi avadanlıqlar alınmışdı. O dövrdə, Azərbaycanlı tələbələr tibb təhsili almaq üçün Parisə, Almaniya, Sankt-Peterburq, Moskva, Kiyev və digər şəhərlərə göndərilirdi.
Sovet hakimiyyəti qurulandan sonra dərman bitkiləri satılan apteklər təmamilə bağlandı, ərəb qrafikası ilə yazılmış əlyazmalar yandırıldı. XX əsrin əvvəllərində azərbaycanlı gənclərin çox az hissəsi Rusiyada və digər xarici ölkələrdə təhsil ala bilirdi. Azərbaycanda elmi təbabətin, tibb elminin güclü inkişafı 1919-cu ildə Bakı Dövlət Universitetinin təşkil olunması və burada tibb fakultəsinin yaradılması ilə bağlı olmuşdur. Unversitetin yaradılması ilə Azərbaycanda tibb elminin inkişafı sürətləndi. Tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq bir-birinin ardınca elmi-tədqiqat institutları yaranırdı.Tibb elminin belə intensiv inkişafı otuzuncu illərin əvvələrində xüsusi ixtisaslaşdırılmış ali tibb institunun yaradılmasını tələb etdi. Beləliklə, 1930-cu ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tibb fakultəsi universitetdən ayırılıb Səhiyyə Nazirliyinin tabeliyinə verildi və həmin ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu yarıdıldı. Tanınmış ictimai xadim və xalq səhiyyə komisarı M.Qədirli Tibb İnstitutunun ilk rektoru seçildi.
60-cı illərin sonu – 70-ci illərin əvvəllərində, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ümummilli liderin bilavasitə rəhbərliyi, diqqət və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, çoxsaylı islahatlar aparılıb. Bu işdə, ilk növbədə, səhiyyənin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılmışdır.1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyasında onun təşəbbüsü ilə “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul olundu. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, səhiyyənin inkişafına əsaslı təkan verdi. 1970–1980–ci illərdə Heydər Əliyevin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi olmuşdur.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə səhiyyədə geniş islahatlar proqramı işlənib hazırlandı. Onun Azərbaycan Respublikasında “Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998-ci il tarixli sərəncamı bu işin daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Onun təşəbbusü ilə Respublikamızda bir sıra beynəlxalq elmi konfransların keçirilməsi Azərbaycan təbabət elminin inkişafında xüsusi rol oynamışdır.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan səhiyyəsi müvəffəqiyyətlə inkişaf etməkdədir. Onun təşəbbüsü və rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları, qanun və qərarlar qəbul edilmişdir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir.
Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. 2017-ci ildən etibarən ölkəmizdə səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaq məqsədi ilə mərhələli şəkildə genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın pilot layihə şəklində tədbiqi həyata keçirilir. Təcili təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq məqsədilə pilot ərazilərdəki Mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulmuş, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilmişdir. Koronavirusla mübarizə zamanı ölkəmizdə qabaqlayıcı tədbirlər görülmüş, 14 ölkəyə zəruri maliyyə və texniki yardım edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilir. Azad edilmiş ərazilərdə, səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim tibb məntəqələrinin inşasına başlanılıb və istifadəyə verilmişdir.
Azərbaycan səhiyyəsi çox çətin inkişaf yolu keçərək köklü dəyişikliklər və yüksək səylər nəticəsində dünyanın qabaqcıl ölkələri səviyyəsinə qalxmışdır. Bu gün ölkəmizdə tibb işçilərinə yüksək dəyər verilir və tibb işçilərimiz əzmkarlıqla yorulmadan çalışırlar. Azərbaycan tibb işçiləri iki sınaqdan uğurla çıxmışdır, COVID-19 pandemiyası və 44 -günlük Vətən müharibəsində yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək xəstələrin və yaralananların həyatı uğrunda şücaətlər göstərmişlər. Azərbaycan tibb işçiləri ordusu hər zaman olduğu kimi bu gündə öz qüvvələrini səfərbər edərək xalqımızın sağlamlığının qorunması naminə yüksək fədakarlıqla çalışırlar.
Tövsiyə edilən ədəbiyyat: