Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci ilin 28 mayında qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxildəki düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin 28 mayında yaradılan ilk kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi.
Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da ölkədəki gərgin durumu nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-20-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı.
1918-ci il avqustun 1-də isə ADR-in Hərbi Nazirliyi təsis edildi. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabr ayının 29-da isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini vəzifəsinə təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək məharət göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları var idi.
1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.
Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı və yalnız Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün oldu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü.
1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu işinə böyük önəm verən Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun - Silahlı Qüvvələr Günü elan olundu.
90-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Silahlı Qüvvələrimiz öz gücünü Vətən müharibəsində sübut etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır.
Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar.
Tövsiyə edilən ədəbiyyat: