Tarixdən səhifələr

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən yaradılmışdır. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 1954-cü il 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib.

Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya İnsan hüquqları Bəyannaməsi BMT- nin Uşaq hüquqları Konvensiyası, Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqları, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.

Bugün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Strategiyası”nda (2003-2005) öz əksini tapmışdır. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsi yaradılmışdır. Komitə ailə, qadın və uşaq problemleri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 avqust 2000-ci il tarixində təsdiq edilmiş “İstedadlı və yaradıcı uşaqların və gənclərin sosial və iqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına yönəlmiş Dövlət Proqramı” uşaq və gənclərin yaradıcı potensialının inkişafına əhəmiyyətli təsir göstərərək gənclərin məşğulluq və işədüzəlmə probleminin həllini təşviq etmişdir. Bu sahədə atılan digər mühüm addım 2006-cı il aprelin 17-də “Xüsusu istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın (2006-2010) qəbul edilməsi olmuşdur. Təsadüfi deyildir ki, ölkə başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.

Bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının qorunmasına xüsusi təşəbbüs göstərilsə də, uşaq hüquqlarının pozulması hallarına mütəmadi olaraq rast gəlirik. I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülmüş, 270 uşaq sağlamlığını itirmiş, 92 uşaq girov götürülmüşdür. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirmişdir. 44 gün ərzində davam edən Vətən Müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Eyni zamanda, müharibə zamanı Ermənistan dövlətinin işğalçı siyasi əməlləri bununla bitmirdi. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan rəhbərliyi ratifikasiya etdiyi “Uşaq hüquqları haqqında Konvensiya”ya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakultativ Protokoluna məhəl qoymadan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etmiş, əsgər qismində istifadə olunmalarına razılıq vermişdir.

“Uşaq hüquqları haqqında Konvensiya”ya qoşulmuş 189 ölkədən biri olan Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirməsi üçün hər cür şərait yaratmışdır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün körpələr eyni şəraitdə qeyd edirlər. Azərbaycan Prezidenti İlham Əliyev uşaqlarımızın inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. Onlar üçün gözəl uşaq bağçaları, məktəblər tikilib istifadəyə verilir, dövlət başçısı onların açılışında iştirak edir, uşaqlara özünün xeyirxah tövsiyələrini verir. Prezidentin istedadlı uşaqların seçilərək dövlət qayğısı ilə əhatə olunması barədə sərancamları da hamının yadındadır.

Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın Azərbaycan uşaqlarına qayğısını isə ayrıca qeyd edilməlidir. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Həmçinin Fondun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.  Diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, nəzərdə tutulan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrilmişdir. Onun uşaqlara göstərdiyi qayğılar nəinki Azərbaycanda ölkəmizin hüdudlarından kənarda öz əksini tapmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmiş layihələr nəticəsində uzaq Pakistanda qızlar üçün məktəb açılıb, Misirdə tikilən təhsil ocağına ölkəmizin birinci xanımının şərəfli ismi verilib. Bütün bunlar azərbaycan xalqının humanist duyğularının ən yüksəkdə olmasından xəbər verir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Uşaq hüquqları üzrə metodiki vəsait : uşaqlar üçün təlim materialları / tərt. N. Seyidov ; red. N. Quliyeva. - Bakı : Zərdabi LTD MMC NPM, 2009. - 96 s.
  2. Qətl edilmiş uşaqlar / Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ; tərt.-müəl.: İ. Şükürbəyli, N. Faiqoğlu ; red. M. Çəmənli. - Bakı : Aspoliqraf, 2016. - 160 s.
  3. Sadıqova, Sona Mirağa qızı. Məktəbəqədər yaşlı uşaqlarda hərbi vətənpərvərlik haqqında ilkin təsəvvürlərin formalaşdırılması : monoqrafiya / S. M. Sadıqova ; elmi red. M. İ. İlyasov ; Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : ADPU nəşriyyatı, 2017. - 123 s.
  4. Əliyeva, Sədaqət Ağarəhim qızı. Xalq tərbiyəsinin amilləri və vasitələri : metodik vəsait / S. A. Əliyeva ; elmi red. Ə. Ağayev ; Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : ADPU nəşriyyatı, 2016. - 95 s.
  5. Əliyeva, Şəhla Qasım qızı. Məktəbəqədər yaşlı uşaqların sosial inkişafının aktual problemləri : monoqrafiya / Ş. Q. Əliyeva ; elmi red. M. İ. İlyasov ; Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : ADPU nəşriyyatı, 2019. - 244 s.
  6. Əliyeva, Şəhla Qasım qızı. Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi : monoqrafiya / Ş. Q. Əliyeva ; elmi red. M. İ. İlyasov ; Azərbaycan Dövlət Pedaqoji Universiteti. - Bakı : ADPU nəşriyyatı, 2018. - 256 s.
  7. Quliyeva, Nərgiz Məlik qızı. Azərbaycanda uşaq etnoqrafiyası / N. M. Quliyeva ; elmi red. T. Əhmədov ; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2021. - 216 s.