1918-ci ilin may ayının 28-də dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra daxili və xarici təhdidlərə qarşı effektiv mübarizə aparmaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək və dövlət sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilmək üçün milli ordu ilə yanaşı təhlükəsizlik orqanlarına böyük ehtiyac yaranmışdı. Azərbaycan hökuməti bu məqsədlə yaradılacaq yeni qurumun Hərbi Nazirliyin tərkibində olmasını məqsədəuyğun sayırdı. Keçmiş çar ordusunun generalları Səməd bəy Mehmandarovun hərbi nazir, Əlağa Şıxlinskinin nazir müavini, Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi təyin edilməsi ordu quruculuğu ilə birgə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin formalaşdırılmasına da xüsusi təkan vermişdi.
1919-cu ilin fevral ayının 25-də "Hərbi Nazirliyin ştatları haqqında" qanun layihəsi ölkə parlamenti tərəfindən yekdilliklə qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Məmməd bəy Sulkeviçin 1919-cu il martın 28-də birgə imzaladıqları 157 nömrəli əmrlə Baş Qərargahın Baş İdarəsinin General-kvartimeyster şöbəsinin tərkibində Kəşfiyyat və Əks-kəşfiyyat bölməsi yaradılmışdır. Səməd bəy Mehmandarov Nazirlər Şurasının sədrinə məruzəsi zamanı kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsinin "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq"dan ibarət olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, xüsusi bacarıq tələb edən bu sahədə peşəkar mütəxəsislər olmadığından bölmənin əməkdaşları keçmiş çar ordusunun hərbçilərindən komplektləşdirilmiş və ilkin ştatda 28 nəfər (1 rəis, 2 rəis köməkçisi, 23 agent, 2 kargüzar) nəzərdə tutulmuşdu.
Kadr qıtlığına, peşəkar zabit çatışmazlığına baxmayaraq, Azərbaycan kəşfiyyatçıları Gürcüstan, Ermənistan, Şimali Qafqaz və digər bölgələrdən qiymətli məlumatlar əldə edərək mərkəzə göndərir, mümkün olan bütün kanallardan yararlanmağa çalışır, Xarici İşlər Nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına məxfi kargüzarlığın, şifrləmənin sirlərini öyrədirdilər.
1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması, Azərbaycan və Gürcüstanın sərhədlərinə doğru irəliləməsi Bakıda vəziyyəti daha da gərginləşdirmişdi. Denikin təhlükəsinin qarşısını almaq və müdafiəni gücləndirmək məqsədilə yeni qurum - Dövlət Müdafiə Komitəsi yaradılmış, ölkədə hərbi vəziyyət elan olunmuşdu. Həmin vaxtda əks-kəşfiyyat funksiyasını yerinə yetirəcək müstəqil xüsusi xidmət orqanına da ehtiyac olduğundan 1919-cu ilin iyun ayının 11-də Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı. Hərbi Nazirliyin əks-kəşfiyyat xidməti öz əməliyyat təsərrüfatını Əksinqilabla Mübarizə Təşkilatına təhvil verdi. Polkovnik İrza bəy Hacıbəylinskinin rəhbərlik etdiyi kəşfiyyat qurumu isə Hərbi Nazirliyin tərkibində saxlanıldı. Lakin hər iki xüsusi xidmət orqanı arasında qarşılıqlı əməkdaşlıq davam edirdi.
Əksinqilabla Mübarizə Təşkilatının başlıca vəzifəsi dövlət quruluşunun devrilməsinə yönəlmiş, əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə hökumətə zidd təşviqat aparan şəxslərin ifşa olunması; hökumətin fəaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair, yalan məlumat və şayiələr yayan, əhalinin arasında qarşıdurma yaradan şəxslərin ifşa olunması; hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xarakter daşıyan, hər cür toplantı və iclasların təşkilatçılarının müəyyən edilməsi; qanunsuz odlu silah, döyüş sursatı və partlayıcıların aşkar olunmasından ibarət idi. Quruma şübhəli şəxsləri həbs etmək və ibtidai istintaq aparmaq səlahiyyəti də verilmişdi. Bakıda yaradılan hərbi limandakı gediş-gəlişə nəzarət, sənədlərin və məktubların yoxlanılması, qaçaqmalçılıqla mübarizə, şübhəli şəxslərin saxlanılması vəzifələri də Əksinqilabla Mübarizə Təşkilatına həvalə edilmişdi. Qurum «Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərirdi.
Hökumətin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəylinin sərəncamı ilə «Müsavat» partiyasının üzvü, millət vəkili Məmmədbağır bəy Şeyxzamanov təşkilatın rəisi vəzifəsinə təyin olunmuşdu. Rəis müavini vəzifəsini isə «Hümmət» partiyasının üzvü Mirfəttah Musəvi tuturdu. Onun öldürülməsindən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski icra etməyə başladı. Təşkilatın ilk rəisi M.Şeyxzamanov 1919-cu ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunduqdan sonra onun yerinə təyin edilən kiçik qardaşı Nağı bəy Şeyxzamanov şəxsi heyətə təqdim edilmişdir.
Qurumun əməkdaşları arasında azərbaycanlılarla yanaşı, türk, rus, ukrayn, gürcü, Şimali Qafqaz xalqları və b. millətlərin nümayəndələri çalışırdılar. Bakıda təşkilatın 8 ərazi (rayon) bölməsi yaradılmışdı. Bu bölmələrə Məmmətağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev və İslam Əliyev rəhbərlik edirdilər. Qurumun senzura, agentura, müşahidə bölmələri və dəftərxanası vardı. Senzura işinə Lavrenti Beriya, agentura işlərinə isə Aleksandr Qoberidze, sonra A.Sultanov cavabdeh idilər. Üç baş agent vəzifəsi vardı, həmin vəzifələri Mirzəağa Nəsirov, Ağaəli Mahmudov və Ağaəli Zeynalabdinzadə tuturdular. 4 agent isə H.Z.Tağıyev fabriki üzrə cavabdeh idilər. Dəftərxana işlərinə Əbdulqafar Mahmudov rəhbərlik edirdi. Kargüzar köməkçisi olan Müzəffər Nərimanov (Nəriman Nərimanovun qardaşı) eyni zamanda, təşkilatın mühasibi vəzifəsini icra edirdi. Agentlər arasında 6 nəfər qadın da vardı.
Ölkədə, xüsusən də Azərbaycan ordusunda bolşevizmin yayılma təhlükəsi daha da sürətləndiyindən, Əksinqilabla Mübrizə Təşkilatının bolşeviklərə qarşı mübarizəsi milli hökuməti qane etmədiyindən, hətta bu qurumun ləğv edilməsi və hərbi əks-kəşfiyyatın yaranması məsələsi gündəmə gəlmişdi. Yaranmış şəraitdən böyük narahatçılıq keçirən hərbi nazir Səməd bəy Mehmandarov hərbi əks-kəşfiyyatın təsis olunması üçün Dövlət Müdafiə Komitəsinə geniş məruzə təqdim etmişdi. Dövlət Müdafiə Komitəsi bolşeviklərlə mübarizəni gücləndirmək məqsədilə yaranmış vəziyyəti müzakirə etmişdir, lakin təşkilat ləğv olunmamış, Əksinqilabla Mübarizə Təşkilatı Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general-mayor Murad bəy Tlexasın tabeliyinə verilmişdir. Murad bəy qatı antibolşevik olduğundan bolşeviklərə qarşı daha qətiyyətli mübarizənin aparılması işini təşkil edə bilmişdir. Kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə də ciddi fikir verilirdi. Quruma namizədləri partiya prinsiplərinə görə deyil, şəxsi keyfiyyətlərinə görə qəbul etməyə başlamışdılar. Yalnız bundan sonra Əksinqilabla Mübarizə Təşkilatı bolşeviklərə qarşı mübarizədə daha qətiyyətli mövqe sərgiləyə bilmişlər.
Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərindən yeni vüsət aldı. AXC-nın hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə yönəltsələr də, vəziyyət gündən-günə gərginləşirdi. Vəziyyətin gərginliyinə baxmayaraq, nə qədər qəribə də olsa, Nazirlər Şurası 1920-ci il martın 6-da Əksinqilabla Mübarizə Təşkilatının ləğv edilməsi barədə qərar qəbul etdi.
Belə bir addımın atılmasının əsas səbəbi bu orqanın fəaliyyətinin ümumilikdə istənilən nəticəni verməməsi, dövrü üçün müasir hesab edilən texniki təminatın zəifliyi, yaxud olmaması, əməkdaşların bir çoxunun təhsilinin, intellektual səviyyələrinin, siyasi savadlarının, eləcə də peşəkarlıqlarının aşağı olması, obyektiv və subyektiv səbəblərdən işin öhdəsindən lazımınca gələ bilməməsi idi. Heç təsadüfi deyildir ki, əməkdaşların bəziləri adi fəhləlikdən bu orqana götürülmüşdü. Buna görə də onlar əməliyyat işlərini lazımi səviyyədə mənimsəyə və apara bilmirdilər.
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aya yaxın vaxt qalmış Bakıda əks-kəşfiyyat təminatını general-qubernatorluğun tərkibində yaradılmış İnformasiya şöbəsi yerinə yetirmişdir. Yeni qurum Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. Əksinqilabla Mübarizə Təşkilatının texniki funksiyaları, o cümlədən təhqiqat, müşahidə, axtarış və s. Bakı general-qubernatorunun göstərişi ilə İnformasiya şöbəsinə təhvil verilmişdir. Şöbəyə rəhbərlik Ələkbər xan Şahsuvarova tapşırılmışdır.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın rəhbərlərinə, hərbiçilərə və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı əsil repressiya başlandı. Əfrasiyab bəy Ağalarov, Məmmədbağır bəy Şeyxzamanlı, Ələkbər xan Şahsuvarov müstəqil Azərbaycan Respublikasına xidmət etdiklərinə görə sorğusuz-sualsız güllələndi, bir qismi həbs edildi, bir qismi isə, o cümlədən Nağı bəy Şeyxzamanlı və digərləri mühacirətə getməyə məcbur oldular.
Tövsiyə edilən ədəbiyyat: