Şairə, Qarabağ xanı İbrahim xanın nəvəsi Xurşidbanu Mehdiqulu qızı 15 avqust 1832-ci ildə Şuşada doğulmuşdur. Evdə təhsil almışdır. Bibisi Gövhər xanım dövrünün təhsil görmüş xanımı olmuş, Xurşidbanuya yazmağı, oxumağı, şəkil çəkməyi, musiqi alətlərində çalmağı öyrətmişdi. Natəvan ərəb, fars və türk dillərini bilirdi.
Ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçmişdir.
1850-ci ildə şairə Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurmuşdur. Onların toy mərasimi 1850-ci ilin payızında Şuşada baş tutmuşdu. Sonra Xasay bəyin Dağıstandakı kəndinə getmiş, oradan da Tiflisə köçmüşdülər. Xurşidbanunun bir müddət Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edir, ağlı, zəkası, milli-mənəvi dəyərlərə bağlılığı, kübarlara məxsus davranışları, üç dildə sərbəst danışması ilə maraq oyadırdı. Amma Tiflis həyatı hər nə qədər xoşuna gəlsə də, burada qəriblik çəkirdi. Doğma Şuşadan ötrü darıxırdı.
1852-ci ildə şairə möhkəm xəstələnir. Həkimlərin məsləhəti ilə Şuşaya qayıdır. Sağaldıqdan sonra ailəsi ilə birgə Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səyahətə çıxır. Səyahət zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Natəvanın təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir.
Xasay xanla izdivacından 1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdi. Oğlunun adını Mehdiqulu, qızının adını isə Fatmabikə (Xanbikə) qoymuşdular.
1858-ci ildə təsadüf nəticəsində Bakıda məşhur fransız yazıçısı A.Düma ilə rastlaşmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilində “əsl parisli kimi” danışması qonaqların heyrət və sevincinə səbəb olmuş, aralarında dostluq münasibətləri yaratmışdır. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.
Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn ilə ailə qurur.
1870-1880-ci illərdə onun həyatında və yaradıcılığında yeni mərhələ başlamışdır. Maarifin, mədəniyyətin yayılmasına kömək göstərmiş, ictimai-mədəni tədbirlərdə fəal işirak etmişdir. Natəvan yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirdən xüsusi fond ayırmışdır. İncəsənətin bütün növlərinə bələd olması Natəvanı dövrünün görkəmli sənətkarları ilə yaxınlaşdırmışdır. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım almışlar. Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdılar.
Natəvanı Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması məsələsi ciddi düşündürmüşdür. O, 1873-cü ildə yüz min manat sərf edərək, Şuşaya içməli su çəkdirmişdir. Həmçinin o şəhər sakinlərinin yüz illik arzusunu həyata keçirdərək bulaq çəkdirmiş, su anbarı, hamam, buzxana tikdirmiş və park saldırıb camaatın istifadəsinə vermişdir.
1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır. Məclisdə klassiklərdən tərcümələr edilmiş, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır. Şeirlərin bir qismi də məşğələ zamanı məclis üzvlərinin bədahətən söylədikləri beyt və ya misralardan düzəlmişdir.
Qarabağ şairləri Azərbaycanın bir çox şəhərləri ilə birlikdə Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bombey, Kəlkətə və Bağdad şəhərləri ilə də ədəbi əlaqə saxlamışlar. Bu məclislərdə adlı-sanlı şair, musiqiçi və rəssamların sənətkarlığı izlənmiş, onların incəsənətə gətirdikləri yenilik müzakirə edilmişdir. Bu zaman Xurşidbanunun ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli qəzəlləri Azərbaycan şairləri arasında şövqünü artırmışdır. Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Naxçıvan, Ordubad şairləri Natəvan əsərlərindəki yüksək sənətkarlıqdan təsirlənərək, onlarca nəzirə və təxmis yazmışlar.
Natəvan yaradıcılığının bir hissəsini şairin şəxsi faciəsi ilə əlaqədar olaraq 1885-1886-cı illərdə yazdığı silsilə şeirləri təşkil edir. Bu əsərlərdə oğlunun ölümü ilə ağır matəmə batan, mənəvi sarsıntılara məruz qalan və göz yaşları içərisində boğulan bədbəxt ananın ah-naləsi eşidilir. Oğlu Mir Abbas 17 yaşında vəfat etdikdən sonra Xan qızı uzun müddət bu dərddən özünə gələ bilmir. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan təxəllüsünü götürür.
Natəvanın 1886-cı ildə 227 səhifədən ibarət tərtib etdiyi “Gül dəftəri” adlı məşhur albomunda on üç şeiri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik parçaları toplanmışdır.
Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də sənətdə ağır və böhranlı keçmişdir. Şairə 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur. Onun ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdir. Bu münasibətlə “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar, Natəvanın həyat fəaliyyəti haqqında yazılar dərc edilmişdir. XX əsrin ilk yarısında Xurşidbanunun şeirlər məcmuəsi bir neçə dəfə çapdan çıxmışdır.
Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmişdir. Adına küçə, klub, kitabxana, məktəb vardır.
Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəli işğaldan sonra Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra gülləbaran edilən heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı şəhərə qaytarılaraq öz yerinə bərpa edilmişdir.
Tövsiyə edilən ədəbiyyat: