12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Azərbaycan gəncliyi tarixin bütün dövlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur. Sovet imperiyasına qarşı azadlıq mübarizəsinin, Qarabağ hadisələrində təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz mübarizə aparmışlar. Müstəqillik əldə edildikdən sonra gəncləri yenidən təşkilatlandırmaq, dövlət siyasətinin aparıcı qüvvəsinə çevirmək lazım idi. Lakin 80 ci illərin sonu 90-cı illərin əvvələrində ölkəmizdə sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində heç bir iş aparılmırdı. Yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan özbaşınalıq məngənəsindən çıxdı. Gənclər siyasətində sabit tərəqqi təmin edildi, dövlət gənclər siyasətinin milli hüquqi-qanunvericilik bazası formalaşmağa başladı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında gənclərin fəal iştirakının təmin olunması, gələcəyin layiqli vətəndaşları kimi formalaşmağı üçün münbit şəraitin yaradılması, 1993-2003-cü illərdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi bilavasitə Heydər Əliyevin adıyla bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə isə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. Ölkə gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq və məsuliyyətini yüksəltmək məqsədilə ulu öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2 fevral 1996-cı ildə gənclərin I Forumu baş tutmuşdu. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdır.
Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev gənclərə xüsusi önəm verir. Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyub.
Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmiş, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılmışdır. Respublikamızda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Prezident İlham Əliyev gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.
Ölkə başçısının 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Dövlət başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Gənclərinə böyük ümidlər bəsləyən müstəqil Azərbaycan dövləti onların inkişafı istiqamətində mühüm işlər həyata keçirir.
Fəxrlə, fərəhlə deyə bilərik ki, bundan sonra da müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi, vətənimizi qoruyub yaşadacaq, üzərinə düşən vəzifənin, məsuliyyətin böyüklüyünü biləcək, Azərbaycan gəncliyinin ən yüksək səhifələrində möhtəşəm yerlər tutacaqdır.
Tövsiyə edilən ədəbiyyat: