Lirik şair və satirik, “Zakir” (“Allahı zikr edən”, yəni yad edən mənasında) təxəllüsü ilə tanınan Qasım bəy Əli bəy oğlu Cavanşir 1784-cü ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Q. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir.
Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasında öz təsirini göstərmişdir.
Şair cavan yaşlarında Qafqaz müsəlman könüllü süvari dəstəsində xidmətdə olmuş, 1806-1813-cü il, 1826-1828-ci illər rus-İran müharibəsində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə çarın 1828-ci il 15 mart tarixli əmrinə əsasən gümüş medalla təltif olunmuşdur. Zakir müharibənin hər cür məşəqqətlərinin şahidi olmuşdu. Q, müharibə illərində doğma torpaqlarını tərk etmiş əməkçi kəndlilərin halına acımış, onların ata-baba yurdlarına qayıtması üçün əlindən gələni etmişdir.
Müharibədə iştirakı şairin yaradıcılığında da öz əksini tapmışdır. Yaxn dosltarından Baba bəy Şakirə yazdığı “Çar müqəddiməsi” şerindən məlum olur ki, Zakir Car-Balakən ətrafında döyüşlərdə iştirak edən Qarabağ atlı dəstəsinin də tərkibində olmuşdur.
Qasım bəy Zakir 1830-cu illərin sonlarında təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. O kənddə kəndlilərlə birlikdə işləyər, onlarla bir süfrəyə oturmaqdan çəkinməzmiş.
Zakir müasirləri arasında dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Tarxan Mauravov onun qəddar düşmənləri idilər. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axtarır, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhanə tapıldı: Tarxan Mauravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq 1849-cü ilin oktyabr ayında Q. Zakiri ailəsi ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətizdirdi. Bundan sonra Tarxan Mauravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı.
Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı, Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin sürgündən azad olmasına çalışdılar. Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.
Həbs, sürgün, onun kəndinin və mal-mülkünün talan edilməsi və yaxınlarından ayrı qalması şairin sağlamlığını sarsıtmışdı.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.
Hələ erkən yaşlarından Zakir şeir yazmağa başlamışdır. Onun ilk şeiri 1854-cü ildə "Qafqaz" qəzetində dərc olunmuşdur. Zakir əsasən lirik qoşmalar, qəzəllər, satira və təmsillər yazırdı.
Şair öz lirik şeirlərini əsasən qoşma (şeirin aşıq forması) şəklində yazırdı. Dilin sadəliyi və bu formanın istifadəsi onun poeziyasının məşhurluğuna şərait yaratmışdı. Zakirin məşhur qoşmalarından biri isə – “Durnalar” şeiridir. Zakir lirik və epik növdə yazdığı əsərlərlə zəngin bədii irs yaratmışdır. Poeziyamızı mövzu və ideya cəhətdən zənginləşdirən bu şeirlərin bir qismində insan gözəlliyi və həqiqi aşiqin təmiz məhəbbətindən söz açılır, digər qismində isə dövrün ictimai eyibləri, əxlaqi-mənəvi qüsurlar tənqid olunur.
Zakirin yaradıcılığının ana xəttini satirik şeirlər təşkil edir. Bu səbəbdən də onu Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi hesab edirlər. Onun satirasında ən kəskin tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. O, yazdığı şeirlərdə həmin insanları yalnız tənqid etmir, həm də onlara qarşı mübarizə aparırdı. Onun satirik şeirləri zamanın güzgüsü olmaqla bərabər, həm də mübarizə vasitəsi idi. Onun satirik əsərləri arasında 1840-1850-ci illərdə Mirzə Fətəli Axundova, İsmayıl bəy Qutqaşınlıya, Xurşidbanu Natəvana, Cəfərqulu ağaya və digərlərinə ünvanladığı poetik məktublar əsas yer tutur. Bu məktublarda Zakir bəylərin özbaşınalığını və despotluğunu, çar məmurlarının rüşvətxorluğunu və ruhanilərin ikiüzlüyünü ifşa edirdi. Məhz bu satirik əsərlər zadəgan və ruhanilər tərəfindən ona qarşı nifrət oyadırdı. Bu əsərləri ilə o, maarifçi realizmin ədəbi cərəyan kimi təşəkkülünə və inkişafına böyük töhfə vermişdir. Satiranın bir cərəyan kimi formalaşmasında şairin böyük xidməti olmuşdur. Firudin bəy Köçərli şairin bu əsərlərini “Azərbaycan xalqının həyatının güzgüsü” adlandırırdı.
Şairin yaradıcılığında mənzum hekayələr də mühüm yer tutur. Bu əsərlərin bir qismində (“Məlikzadə və Şahsənəm”, “Aşiqin təam bişirməyi” və s.) məhəbbət, evlilik məsələlərindən danışılır, digər qismi (“Dəvəsi itən kəs”, “Tərlanlar və elçilər” və s.) tərbiyəvi, bəziləri isə (“Dərviş ilə qız”, “Həyasız dərvişlər haqqında” və s.) satirik-tənqidi mahiyyət daşıyır. İctimai eyibləri, insan təbiətindəki qüsurları bir sıra hallarda üstüörtülü şəkildə əks etdirən şair maraqlı təmsillər "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu") yaratmışdır. Bu əsərlərdə o, zülm və zorakılığın əleyhinə çıxır, hiylə, satqınlıq, mənəm-mənəmlik kimi cəhətləri pisləyir. Şairin təmsilləri gənclərə mərdlik, fədakarlıq, sədaqət kimi gözəl sifətlər aşılayan qiymətli nümunələrdir.
Zakirin yaradıcılığı həm də onunla qiymətlidir ki, ana dilimizin gözəlliyini, imkanlarını dolğun əks etdirir. Bu baxımdan o, “Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirən və incələşdirən sənətkar” kimi dəyərləndirilir.
Şairin xalq danışıq dilindəki söz və ifadələrdən ardıcıl, həm də məharətlə istifadə etməsi əsərlərinə xüsusi bir rəng, ayrıca təravət vermişdir. O, atalar sözü və məsəllərdən yerli-yerində istifadə etməklə aydın, axıcı, şux qoşmalar yaratmışdır. Bütün bunlar onun şeirlərini bədii cəhətdən qüvvətləndirdiyi kimi, məna dərinliyinə də səbəb olmuşdur.
Zakir həm heca, həm də əruz vəznində yazdığı əsərlərdə yüksək sənətkarlıq nümayiş etdirmiş, böyük uğur qazanmışdır.
XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Zakirin ədəbi irsi xalqımızın mədəniyyət xəzinəsinə daxil olmuşdur. Böyük şair, görkəmli satirik Qasım bəy Zakirin maarifçilik fəaliyyəti, sonralar onun xələfləri, o cümlədən dostu M.F.Axundov tərəfindən davam və inkişaf etdirilmişdir.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qasım bəy Zakir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.
Tövsiyə edilən ədəbiyyat: