Kəngərli sülaləsininin nümayəndəsi olan Cəmşid Naxçıvanski 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində ştabs-rotmistr Cəfərqulu xan Kəngərli-Naxçıvanskinin ailəsində doğulmuşdur. Cəmşidin Nazlıbəyim adlı bir bacısı, Kəlbəli, Teymur, Ehsan və Davud adlı dörd qardaşı olmuşdur.
Zəngin və maraqlı həyat yolu keçmiş Cəmşid Naxçıvanski ilk təhsilini evdə xüsusi müəllimlərdən almış, artıq 7 yaşında ikən Azərbaycan dilində yazıb-oxumağı, rus və fransız dillərində danışmağı öyrənmişdir. Sonralar İrəvanda pansionda oxumuş, 1907-ci ildə Tiflis kadet korpusuna daxil olmuşdur.
1914-cü ildə Tiflis kadet korpusunda təhsilini fərqlənmə diplomu ilə bitirərək 3 aylıq hərbi xidmətdən sonra, noyabr ayında ilk hərbi dərəcə - yunker-unter rütbəsini almışdır. Həyatını hərb sənəti ilə bağlamağı qərara alan 19 yaşlı Cəmşid sənədlərini Yelizavetqrad Süvari Məktəbinə təqdim edir və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək məktəbin kursantları sırasına qatılır. Buranı da müvəffəqiyyətlə başa vuraraq kornet rütbəsinə layiq görülür və bu, onun hərbi karyerasının başlanğıcı olur.
II Nikolayın fərmanı ilə Azərbaycan süvari alayının da daxil olduğu və Qafqaz xalqlarından təşkil olunmuş "Qafqaz yerli süvari diviziyası"nda Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolu başlayır. Cəmşid də tez bir zamanda bacarığı, bu sahədə dərin biliyi ilə fərqlənir və 22 iyul 1915-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna” ordeni ilə təltif olunur. 12 may 1916-cı ildə o, 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilir. Birinci Dünya müharibəsində bu diviziyanın döyüşçüləri qorxmazlıqları ilə ad çıxarmış və "Vəhşi diviziya" adlandırılmışdır. Qafqazın yerli əhalisindən yaradılmış "Vəhşi diviziya"nın tatar süvari alayının birinci yüzlüyünün birinci manqa komandiri təyin ediləndə Cəmşid Naxçıvanskinin cəmi 20 yaşı var idi.
1916-cı ildə Cənubi-Qərb Cəbhəsi Avstriya qoşunlarına ağır zərbələr endirdi. Həmin ilin 22-31 may tarixlərində Lutsk şəhəri istiqamətində general Brusilovun rəhbərliyi ilə rus qoşunları düşməni ağır məğlubiyyətə uğratdı. Və bu, "Brusilov cəbhəsi"nin yarılması adı ilə hərb tarixinə düşdü. Avstriya və Macarıstan qoşunlarının darmadağın edilməsində Qafqazın yerli süvari diviziyasının böyük xidmətləri oldu və bu döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, gənc zabit C.Naxçıvanski xüsusilə fərqləndi. O, 26 yanvar 1917-ci ildə "Müqəddəs Georgi Silahı" ilə təltif edildi.
15 aprel 1917-ci ildə kornet Cəmşid xan 3-cü dərəcəli (qılınc və bantla) “Müqəddəs Anna” ordeni ilə təltif edilir.
9 may 1917-ci ildə leytenant rütbəsi alan Cəmşid Naxçıvanskiyə həmin il oktyabrın 30-da süvari qoşunların ştabs-rotmistr rütbəsi verilir. Avqustun 22-də isə 4-cü dərəcəli "Müqəddəs Georgi xaçı” ilə təltif olunur.
1917-ci ilin sonunda Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə general-leytenant Əliağa Şıxlinskinin komandanlığı ilə yaradılan müsəlman (Azərbaycan) korpusu 1918-ci il aprelin sonu - may ayının əvvəllərində formalaşmağa başlayır. 1-ci Qarayar süvari alayı adlandırılan süvari tatar alayı da korpusun tərkibinə daxil olur və polkovnik-leytenant Cəmşid Naxçıvanski yüzbaşı kimi alayda xidmətini davam etdirir. Qafqaz İslam ordusunun tərkibində Cəmşid Naxçıvanski "Sentrokaspi Diktaturası"nın, daşnakların və ingilislərin birləşmiş qüvvələrinə qarşı döyüşlərdə iştirak edir.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunda Cəmşid Naxçıvanski Birinci tatar süvari alayının 1-ci yüzlüyünün komandiri, alay komandirinin döyüş üzrə köməkçisi vəzifələrində fəaliyyət göstərmişdir. 1920-ci martın 24-də ADR-in hərbi naziri Səmədbəy Mehmandarovun əmri ilə C.Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilir.
ADR-in süqutundan və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan milli ordusunun hissələri sovetlərin nəzarətinə keçir və Cəmşid Naxçıvanski də yeni hökumətə xidmət etməli olur. Gəncədə baş vermiş antisovet qiyamı yatırılandan sonra Azərbaycan milli ordusunun bir çox zabitləri ilə birgə Cəmşid Naxçıvanski də həbs edilir. Lakin iki aydan sonra azad edilərək qırmızı komandirlər məktəbinin rəisi, sonra isə 1921-1931-ci illərdə Azərbaycan atıcı (sonradan Dağ atıcı) diviziyasının komandiri təyin edilir. Bacarıqlı və istedadlı hərbçi Cəmşid Naxçıvanskinin sayəsində tezliklə bu diviziya bolşeviklərin ən üstün döyüş hazırlıqlı bölmələrindən birinə çevrilir. 1930-cu il oktyabrın 29-da C. Naxçıvanski Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilir.
C.Naxçıvanski 1931-ci il fevralın 22-də məruzə etmək üçün Tiflisdəki Qırmızı Ordu korpusunun qərargahına çağırılır və orada antisovet fəaliyyəti və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilir. 1931-ci il sentyabrın 30-da ona ölüm hökmü oxunur. Lakin Serqo Orconikidze Azərbaycanın milli hərb sənəti tarixinə adı qızıl hərflərlə yazılmış generala verilmiş ölüm hökmünün ləğvinə nail olur. İ.Stalinin göstərişi ilə C.Naxçıvanski Qafqazda işləməmək və yaşamamaq şərti ilə azadlığa buraxılır. O, yenidən ordu sıralarına qayıdır və V.Frunze adına Hərbi Akademiyaya oxumağa göndərilir. 1933-cü ildə təhsilini başa vurduqdan sonra akademiyada müəllim kimi fəaliyyət göstərir və 3 il Ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuşdur.
Cəmşid Naxçıvanskinin hərbi xidmətləri yüksək qiymətləndirilmiş, ona 1935-ci ildə general-mayor rütbəsi verilmişdir.
C.Naxçıvanski 1938-ci il mayın 20-də antisovet fəaliyyətində və casusluqda ittiham olunur və əmlakı müsadirə olunaraq ölüm cəzasına məhkum edilir. Rusiya ordusunda əvəzsiz xidmətləri olan generalı 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələyirlər. O, Moskva yaxınlığındakı “Kommunarka” adlanan meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir.
Cəmşid Naxçıvanski 1956-cı il dekabrın 22-də ölümündən sonra bəraət alır.
1971-ci il noyabr ayında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda hərbi "ixtisaslaşdırılmış internat məktəbi"nin açılışı olmuş və məktəbə milli ordumuzun yaranmasında, ərsəyə gəlməsində, döyüş qabiliyyətinin formalaşmasında əvəzsiz xidmətləri olan, Kəngərli nəslinin yetirdiyi 6 generaldan biri olan Cəmşid Naxçıvanskinin adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2015-ci ildə "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır.
Bakıda küçələrin biri Cəmşid Naxçıvanskinin adını daşıyır, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi fəaliyyət göstərir.
Şərəfli döyüş yolu keçmiş və sıravi yunkerlikdən general rütbəsinədək yüksəlmiş Cəmşid Naxçıvanskinin adı Azərbaycanın milli hərb sənəti tarixinə qızıl hərflərlə yazılmışdır.
Tövsiyə edilən ədəbiyyat: