Tarixdən səhifələr

Azərbaycan Kinosu Günü

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Bu tarix Azərbaycanda milli kinonun yaranma günü hesab olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb və 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

İncəsənətimizin böyük hamisi Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. 1970-1980-ci illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasında, milli şüurun formalaşmasında və yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sevilən sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir.

Ötən əsrin 70-80-ci illərində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, nüfuzlu əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi film, “Mozalan” satirik jurnalının 96 nömrəsi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Alma almaya bənzər”, “O qızı tapın”, “Babamızın babasının babası”, “Səmt küləyi”, “Tütək səsi”, “Qərib cinlər diyarında” və başqa bədii filmlərimiz bu illərdə çəkilmişdir. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan bu cür sənət nümunələri yaradılmışdır.

Müstəqillik illərində milli kinomuza xüsusi diqqətin yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il avqustun 19-da “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Hazırda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

Son illər ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur.

“Azərbaycanfilm” kino­studiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür. “Nabat”, “Çölçü”, “Buta”, “Dolu”, “Axırıncı dayanacaq”, “Qırmızı bağ”, “Dəyərli adlar”, “Yarımçıq xatirələr”, “Qala”, “40-cı qapı”, “Qisas almadan ölmə”, “Sahə”, “Aktrisa”, “Xeyirlə Şərin rəqsi” və başqa filmlərimiz müstəqillik illərində Azərbaycan kinosunun zəngin mövzu və sənət axtarışlarından xəbər verir.

Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinosu : 1898-2002 / A. Ə. Kazımzadə ; elmi red.: İ. Ə. Rəhimli, A. Salayev ; red.: Ə. Müğanlı, V. Saleh ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. I cild : Bədii və cizgi filmlərinin izahlı kataloqu. - Bakı : Nağıl evi, 2003. - 239 s.
  2. Kazımzadə, Aydın Ələsgər oğlu. Heydər Əliyev və kinematoqraf / A. Ə. Kazımzadə ; elmi red. A. Ə. Dadaşov ; red. M. Bəyişli. - Bakı : Mütərcim, 2007. - 204 s.
  3. İsmayılov, Tofiq Hüseyn oğlu. Türk xalqlarının kino sənəti : monoqrafiya / T. H. İsmayılov ; elmi red. T. İ. Əfəndiyev ; red. D. O. Osmanlı ; ön sözün müəl. N. Q. Cəfərov ; Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. - Bakı : Çaşıoğlu, 2008. - 160 s.
  4. Kazımzadə, Aydın Ələsgər oğlu. Kino və zaman : 1923-2016 / A. Ə. Kazımzadə ; red. G. İsmayıloğlu ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Şərq-Qərb, 2016. - 784 s.