Musiqi insan mənəviyyatının bir hissəsidir. Muğam Yaxın və Orta Şərqin ən qədim musiqisi olduğu üçün insanların daim diqqətini cəlb etmişdir. Muğam sözü fars-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Orta əsrlərin Şərq və Avropa alimləri, eləcə də bizim müasir dövrün tədqiqatçıları müxtəlif zamanlarda muğamlarımızı araşdıraraq sanballı elmi əsərlər yazmışdılar. Muğam Yaxın və Orta Şərq xalqlarının həyatında aparıcı qüvvə olduğu üçün onların formalaşmasında əsas rol oynamışdır. Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, islamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: "Nəva" muğamı - Ay planetinə, "Busəlik" - Merkuri, "Rast" - Venera, "Əraq" - Günəş, "Üşşaq" - Mars, "Zirəfkənd" - Yupiter, "Rəhavi" - Saturn planetinə uyğundur. Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi "nəva", "rah", "xosrovani" adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması XII-XIII əsrlərə "Müsəlman Renessansı" dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və b. şairlər ) muğamın da inkişafına təkan verdi. Şərq ölkələrində yüksək poeziya dili kimi qəbul olunmuş ərəb-fars dilləri saray mühitində formalaşan muğam sənətinə böyük təsir göstərmişdir.
Məhz bu dövrdə yaranmış muğamlar ərəb-fars mənşəli adları qəbul etmiş və ənənəvi olaraq, bu gün də saxlanılmışdır. Orta əsrlərdə Şərq musiqisində 12 klassik muğam: "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq", "İsfahan", "Zirəfkənd", "Büzürk", "Zəngulə", "Rəhavi", "Hicaz"; 6 avaz: "Şahnaz", "Mayə", "Səlmək", "Novruz", "Gərdaniyyə", "Güvaşt" mövcud idi. Eyni zamanda, 24 şöbə və zərbi muğamlar, təsnif adları da qeyd olunur. Zaman keçdikcə, bütün bu muğamların mahiyyəti dəyişsə də, onların adları bu günə kimi bütün Şərq xalqlarının musiqisində eyni şəkildə qalmışdır.
Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmışdə "xanəndə və sazəndə dəstəsi" adlanırdı, müasir musiqi ifaçılığında "muğam üçlüyü" deyilir - klassik muğam üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir. İkincisi, muğamlar instrumental, yəni solo şəkildə ifa olunur.
Azərbaycanın xalq musiqisinə daxil olan muğamların zənginliyi onların formasının çox cəhətliyini göstərir. Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yanız biz deyilik. “Çahargah”, “Rast”, “Şur”, “Humayun”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər.
2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən marağı, diqqəti, yüksək dəyəri əks etdirir.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.
Ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun muğamı özünəməxsus ifası və təqdimi bu sənətin geniş imkanları ilə dünya auditoriyasını heyran qoyur.
Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Çünki müstəqil ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq gücündədir. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Azərbaycan mədəniyyətinin bugünkü inkişafında, xüsusən də muğam sənətinin dünyada tanıdılmasında birinci vitse – prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər muğamın müasir tarixində müstəsna rol oynayır. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyrimaddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.
Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının təşkilatçısıdır. Fondun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalları keçirilmişdir.
Heydər Əliyev Fondu həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir. Bu sıraya “Muğam Dəstgah”ı da daxildir. Layihənin məramı həm köhnə val yazılarının, həm də məharətlə ifa olunan muğamların bütün şöbə və guşələrinin yenidən bərpasından ibarətdir.
Daha iki layihə - “Azərbaycan Muğamı” multimedia toplusu və “Muğam Aləmi” nəşri də xüsusi qeyd edilməlidir. Dərs vəsaiti kimi təqdim olunan “Azərbaycan Muğamı” multimedia toplusuna muğamın növləri, janrların mənşəyi, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri barədə məlumatlar daxildir.
Daha bir layihə 2009-cu ilin mart ayında keçirilən Beynəlxalq Muğam Festivalına həsr olunub. 33 DVD diskin cəmləşdiyi topluda Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları yer alıb.
24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan uğurlu layihələrdən biridir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.
Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında Beynəlxalq Muğam Mərkəzinin açılışı xüsusi əhəmiyyətli hadisə oldu. Bu mərkəzin inşası fondun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib. Belə bir mədəniyyət ocaqlarının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin fəaliyətinin inkişafına təkan verən amillərdən biridir.
Muğam ruhi-mənəvi mövcudiyyat haqqında dahiyanə musiqili hekayətdir. Əbədi, əzəli mənamız olan muğam həyatımızın, bədii-estetik aləmimizin psixoloji, fəlsəfi dəyəridir. Zəngin, saf təranələrin möcüzəli, emosional axını olan muğamlarımız quruluş baxımından müxtəlif, ahəngdarlıq baxımından təsirli, əsrarəngizlik baxımından isə əlçatmaz zirvədir.
Tövsiyə edilən ədəbiyyat: