Tarixdən səhifələr

Beynəlxalq Kitabsevərlər Günü

Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Hər bir xalqın kitab və kitabxana tarixi onun milli təkamülünü və mədəni simasını ortaya çıxarmağa imkan verir. Kitablar mütaliə mədəniyyətinin inkişafına və cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir.

Dünyanın bir çox ölkələrində kitabla bağlı müxtəlif bayramlar qeyd olunur. 9 avqust “Beynəlxalq Kitabsevərlər günü” də, bu bayramlardan biridir. Bu gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq “Milli Kitab günü” kimi qeyd olunur. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Kitabsevərlər Günü qlobal miqyasda geniş şəkildə tanınısa da, onun mənşəyi və yaradıcısı bu günə qədər məlum deyil. Bu bayramın keçirilməsində əsas məqsəd kitabsevərlərin insanları kitab oxumağa və onların mütaliəyə olan həvəslərini daha da artırmaqdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur.

İnsan, cəmiyyətdə məlumat  toplamaqla bilik əldə edir. Kitablar da, bu bilikləri əldə etməkdə bizə kömək edən ən vacib vasitədir. Tarixə nəzər yetirdikdə qədim dövrlərdən bu günə qədər insanlar kitabın asan və az zaman sərf edərək əldə olunması yollarını tapmağa çalışmışlar. Dünya tarixində qədim əlifba, yazı mədəniyyəti və ibtidai çap materiallarının meydana gəlməsi və ilk əlyazma kitablarının yaranması Şərqdən başlanıb. Lakin dövr, zaman dəyişdikcə, kitaba maraq artdıqca əlyazma kitabları oxucu tələbatını ödəyə bilmədi. VIII-XI əsrlərdə Koreyada, Çində və Yaponiyada ksiloqrafiya üsulu ilə çap, mütəhərrik çap literinin hazırlanması bu sahədə texniki tərəqqiyə ilk addımlar oldu. Avropada mexaniki çap üsulu daha sonralar meydana gəlsə də, kütləvi kitab nəşri məhz buradan dünyaya yayıldı. 1440-cı illərdə alman ixtiraçısı Yohan Qutenberq Mayns şəhərində kitab çapının əsasını qoydu. Tezliklə onun ixtirası qonşu ölkələrə yayıldı, 1460-1470-ci illərdə İtaliyada, İsveçrədə, Fransada, Polşada, İspaniyada, Çexiyada, İngiltərədə və s. kitab çapına başlanıldı. Çap texnologiyası zaman keçdikcə təkmilləşərək daha da zənginləşdi. XVIII əsrin 90-cı illərində almaniyalı A.Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P.Knyagininski avtomat özüyığan maşını ixtira etdi. Çap olunacaq mətn çap maşınında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər və sətirlər səliqəli intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması çap işini xeyli sürətləndirdi. Müasir dövrdə çap işi görünməmiş səviyyədə təkmilləşdirilmiş və poliqrafiya adlanan sənaye sahəsinə çevrilmişdir.

Azərbaycan qədim dövrlərdən zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitablar əvəzsiz rol oynayıb. Əlyazma kitab mədəniyyətinin özünəməxsus yeri olan Azərbaycanda ilk litoqrafiya dəzgahı XIX əsrin əvvəlində Təbrizdə qurulub. Mirzə Zeynalabdin Təbrizinin yaratdığı mətbəədə ilk kitablar 1819- cu ildə çap edilib. Bundan sonra Şimali Azərbaycanda XIX əsrin sonlarına doğru mətbəələrin, çap olunan kitabların say və tirajı sürətlə artmağa başlayır.
Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə, digər sahələrlə yanaşı, mətbuat və kitab çapını da diqqətdə saxladı. 1919-cu ildə milli hökumətin hazırladığı mətbuat haqqında qanun parlamentdə müzakirə olundu və xalq cumhuriyyəti dövründə hökümət mətbəəsində bir çox kitablar nəşr edilməyə başladı.

Sovet dövründə bir çox siyasi-ideoloji məhdudiyyətlərə rəğmən, görkəmli ədib və mütəfəkkirlərimizin, klassiklərin, dövrün tanınmış yazıçı və şairlərinin, alimlərinin kitabları təkcə respublikamızda deyil, bütün ittifaq məkanında böyük tirajlarla işıq üzü görərək yayılmağa başladı. Azərbaycan müəlliflərinin əsərləri müxtəlif xarici dillərə tərcümə olunaraq dünya kitab aləminə çıxdı.

SSRİ-nin süqutu ilə bütün müttəfiq respublikalarda ümumi mədəniyyət infrastrukturunda baş verən tənəzzül kitab-nəşriyyat sahəsindən də yan keçmədi. Lakin, müstəqillik bu sahəyə mühüm imkanlar gətirdi və bazar iqtisadiyyatında özəl sektora geniş yer verildi. Yenicə qurulmuş müstəqilliyimiz dünya təcrübəsi ilə yanaşı Azərbaycan kitabının və mədəniyyətinin tanınması və təbliğinə geniş zəmin yaratdı.

Bu gün Azərbaycanda çox geniş, çoxsaylı imkanları olan çap evləri, mətbəələr yaradılıb. Onlar ən müasir texnologiyalarla təmin edilmişdir və çap prosesini həyata keçirən əksər müəssisələrimiz öz texnologiya üstünlüklərinə görə Avropanın məşhur çap evləri ilə müqayisədə heç də geri qalmırlar. Azərbaycanda müxtəlif beynəlxalq sərgilər, mədəniyyət günləri, beynəlxalq mədəni tədbirlər, mədəni irsimiz olan kitablarımızın xarici ölkələrdə və ölkəmizdə tanıdılmasına xüsusi diqqət yetirilir. Bu sərgilərdə çağdaş Azərbaycan elmi, bədii, ictimai fikrinin ən müxtəlif sahələrini özündə ehtiva edən gözəl nəşr nümunələri nümayiş olunur və bu uğurların göstəricisi olaraq, bu sərgilərdə Azərbaycan ekspozisiyasına axın-axın insanlar gəlir. Həmçinin hər il Bakı Ekspo Mərkəzində Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili, yerli əhali arasında mütaliə mədəniyyətinin təşviqinə, yazıçılar və oxucular arasında görüşlər üçün platformanın yaradılmasına, yazıçı və nəşriyyatlar arasında işgüzar münasibətlərin qurulmasına, kitab biznesinin inkişafına, sərgi ziyarətçilərinə məlumat verməklə müasir ədəbiyyatın və müəlliflərin təbliğatına, gənc yazıçıların bilik və bacarıq səviyyələrinin artırılmasına xidmət edir.

Dünya ölkələrində və müstəqil Azərbaycanda mədəniyyətimizin bir parçası olan kitablara verilən dəyər bir çox kitab bayramlarının yaranmasına və millilik statusu alaraq vaxt keçdikcə beynəlxalq bayrama çevrilməsinə səbəb olur. Belə bayramlar təbliğatçı rolu oynayaraq dünya xalqlarının mədəniyyətlərarası ünsiyyətinə və insanların intellektinin inkişafina xidmət edir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Abasova, Leyla Qabil qızı. Azərbaycan kitab tarixi: [monoqrafiya] /L. Abbasova ; elmi red.: K. Aslan, Ə. Bayramov. Hissə 1. - Bakı: Təhsil, 2024. - 318 s.
  2. Allahverdiyev, Bayram Vəli oğlu. Ümumi kitab tarixi: "Kitabxanaşünaslıq və biblioqrafiya", "Nəşriyyat işi və redaktəetmə" ixtisasları üzrə tədris-metodik vəsait /B.V. Allahverdiyev ; elmi red. İ. Ö.Vəliyev. - Bакı: Azərbaycan Milli Ensiklopediyası, 2003. - 384 s.
  3. lk Azərbaycan kitabı/tərtibçi. A. Xəlilov; məsləhətçi. N. Həsənzadə; elmi red.Ə.Mirənmədov; rəssam N.Rəhimov; İngilis dilinə tərcümə edəni.V.Qəmbərov. - Bakı: Şərq-Qərb, 1995. - 48 s.
  4. Həsənov, Hacı Balay oğlu. Azərbaycan kitabının inkişaf mərhələləri /H. B. Həsənov; rəy verən.M. A. Mahmudov, T. Ə. Əhmədov. - Bakı: Azərnəşr, 1989. - 253 s.
  5. Эггер, Эмиль. История книги: от ее появления до наших времен : пер. с французского /Э. Эггер. - Санкт-Петербург: [типография И. М. Комелова], 1900. - 242 с.