Tarixdən səhifələr

Milli valyuta - manatın dövriyyəyə buraxılması

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi.

1991-ci ildə ölkəmizdə müasir mərkəzi bankçılıq dövrü başlamışdır. Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir. 1992-ci il 7 avqust tarixində Milli Bankın fəaliyyətini tənzimləyən ilk qanun - "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanun, həmçinin həmin il dekabr ayının 1-də  isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qərar qəbul olunmuşdur.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. 1992-ci ilin avqust ayının 15-də isə Azərbaycan Respublikasının milli valyutası -  1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxılmışdır.

Ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilmiş və Azərbaycanın rubl zonasından çıxması təmin edilmişdir. Bununla da, Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etmişdir. Heydər Əliyevin sədrliyi ilə yaradılmış Dövlət Komissiyası tərəfindən 1994-cü il yanvarın 1-dən etibarən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuş və 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktında  bir daha öz təsdiqini tapmışdır.

Pul dövriyyəsinin nizamlanması və nağd pula tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə yeni iri nominallı 10000 və 50000 manatlıqlar tədavülə buraxılsa da, 1999-cu ildə dünyada baş verən qlobal iqtisadi böhran fonunda milli valyutamızın dəyəri yenidən zəifləməyə başlamış və bu proses 2004-cü ilədək davam etmişdir. 1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib. İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50 min manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Möminə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib. 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə olunub.

2004-cü ildən etibarən respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə ölkədə əldə olunmuş iqtisadi-siyasi stabillik milli valyuta ilə bağlı makroiqtisadi səviyyədə yeni Pul İslahatının başladılmasına şərait yaratdı.

Belə ki, 7 fevral 2005-ci ildə ölkə başçısının "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanı ilə əvvəlki dövrlərdə dəyərini əhəmiyyətli dərəcədə itirmiş milli valyutamızın denominasiyası prosesinə başlanıldı.  2006-cı ildən etibarən tədavülə yeni 6 nominalda kağız və 6 nominalda metal pul nişanları buraxıldı, bu zaman 1 yeni manat - 5000 köhnə manata bərabər tutuldu.

Dünyaca tanınmış və Avro əskinaslarının dizayn müəllifi olan Robert Kalinanın müəllifi olduğu yeni nəsil pul nişanlarımız "Müstəqil Azərbaycan" konsepsiyası əsasında dizayn edilmişdir. Ölkəmizin bütün sahələrdə inkişafını əks etdirən bu yeni konsepsiya "Vahid Ailə" prinsipinə əsaslanaraq hər bir nominal üzrə ayrı-ayrı mövzulara, o cümlədən 1 manat - Mədəniyyət, 5 manat - Yazı və Ədəbiyyat, 10 manat - Tarix, 20 manat - Qarabağ, 50 manat - Təhsil və Gələcək, 100 manat isə - İqtisadiyyat və İnkişaf mövzusuna həsr olunmuşdur.

Ölkə iqtisadiyyatının dinamik inkişafı və dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklərin fonunda ödənişlərdə adekvatlığın təmin edilməsi məqsədilə 23 may 2018-ci ildə dizayn mövzusu ulu öndər Heydər Əliyevin adını daşıyan və dünyanın ən modern arxitektura incisi olan Heydər Əliyev Mərkəzinə həsr olunmuş yeni yüksək nominallı  200 manatlıq pul nişanı dövriyyəyə buraxıldı.
Mərkəzi Bank nağd pul və onun saxtalaşdırılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədə baş verən müasir çağırışları və texnologiyaları nəzərə alaraq, pul nişanlarımızın mühafizə sistemlərinin və dizaynının yenilənməsi məqsədilə 2021-ci ilin əvvəlindən başlayaraq 1, 5, 10, 20 və 50 manatlıq pul nişanlarını yeniləyərək tədavülə buraxmışdır və bu pul nişanları köhnə pul nişanları ilə paralel olaraq dövriyyədədir. Kağız pul nişanları ilə yanaşı, 10, 20 və 50 qəpik metal pullarımızın da dizaynında müəyyən dəyişikliklər edilmişdir.

Dövlət müstəqilliyimizin bərpasından sonra Mərkəzi Bank tədavülə dövriyyə pulları ilə yanaşı, yubiley və xatirə pul nişanları da buraxmışdır.

Ölkəmizin tarixinin və dövlətçilik ənənələrinin, mədəniyyətinin və incəsənətinin, tanınmış şəxsiyyətlərinin və klassiklərinin, eləcə də xüsusi əhəmiyyətli hadisələrin tərənnüm edilməsinə həsr olunan 58 növdə belə pul nişanları ölkə ictimaiyyəti, yerli və xarici numizmatlar tərəfindən daim yüksək maraqla qarşılanır. Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə 500 manat nominallı xatirə banknotu və qiymətli metallardan hazırlanmış Zəfər xatirə monetası tədavülə buraxılmışdır. Eyni zamanda, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa", "Laçın", "Kəlbəcər", "Zəngilan", "Cəbrayıl", "Füzuli" və sair mövzularda xatirə sikkələri tədavülə buraxılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qənbərov, Fuad. Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar : monoqrafiya / F. Qənbərov ; elmi red. Ə. Ələkbərov ; AMEA İqtisadiyyat İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2021. - 296 s.
  2. Azərbaycanın xarici iqtisadi əlaqələri : nailiyyətlər və perspektivlər / A. K. Ələsgərov [et al.] ; red. A. K. Ələsgərov [et al.] ; AMEA İqtisadiyyat İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2015. - 332 s.
  3. Şəkərəliyev, Arif Şəkərəli oğlu. Dövlətin iqtisadi siyasəti : reallıqlar və perspekttivlər: monoqrafiya / A. Ş. Şəkərəliyev ; elmi red. M. X. Meybullayev. - Bakı : İqtisad Universiteti nəşriyyatı, 2009. - 416 s.
  4. Hüseynov, Tofiq Həsən oğlu. Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika : monoqrafiya / T. H. Hüseynov ; elmi red. A. K. Ələsgərov. - Bakı : Elm, 2015. - 466 s.
  5. Qurbanov, Çingiz Nəbi oğlu. Azərbaycanda pul tədavülü və bank işinin təkamülü : b.e.ə. IX əsr - 2014-cü il / Ç. N. Qurbanov. - Bakı : Avropa nəşriyyatı, 2018. - 547 s.