18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günüdür.
1918-ci ilin 28 mayında Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra həmin il iyun ayının 17-də Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi.
Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara qanunsuz daşınmanın qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə sərəncam verildi. Bu postun ardınca Azərbaycan Respublikasının digər sərhəd bölgələrində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi.
1919-cu il avqustun 18-də Azərbaycan Xalq Сümhuriyyəti Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunun qəbulundan sonra, əlavə olaraq 100-ə qədər sərhəd postu yaradıldı. Əlavə postlar Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə imkan yaradırdı.
Qısa müddətdə sərhədlərin qorunması kimi çətin bir sahədə xeyli iş görmüş Azərbaycan hökuməti sonrakı illərdə yerlərdə dövlət və hakimiyyət strukturlarını möhkəmləndirməklə müstəqil respublikanın sərhədlərini hərtərəfli mühafizə etməyə qadir qüvvələr formalaşdıra biləcəkdi. Ancaq daxili mübarizələr və bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycanın ilk müstəqil dövlətinin süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin yaradılması işini də yarımçıq qoydu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olundu.
20-ci illərin əvvəllərində Azərbaycan Xalq Сümhuriyyəti dövründə respublikanın təxminən 114 min km2 ümumi ərazisi vardı. Onun 97.298 km2 mübahisəsiz, 16,6 min km2 isə mübahisəli ərazilər hesab olunurdu. Azərbaycan SSR Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində təsis edildiyindən onun sahəsi ilk vaxtlarda 97.298 km2 olmuşdur.
Sonrakı proseslər nəticəsində Azərbaycan öz ərazisinin bir hissəsini, xüsusən Göyçə, Şərur-Dərələyəz, Zəngəzur istiqamətində xeyli ərazi itirdi. Beləliklə Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr qaldı.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra onun İran və Türkiyə ilə sərhədində sovet hərbi hissələri və hərbi texnikası yerləşdirildi.
İkinci dünya müharibəsi başa çatdıqdan və 1946-cı ildə Sovet qoşunları İrandan çıxarıldıqdan sonra Azərbaycanın İran və Türkiyə ilə olan sərhədlərində yerləşdirilmiş hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox dərəcəsində idi. Bu proses XX əsrin 70-ci illərinin əvvəlinə qədər davam etdi və yalnız Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətdə dəyişikliyə nail olundu, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü.
Ümummilli liderin səyləri nəticəsində Sərhəd Qoşunlarında bir neçə yüksək rütbəli azərbaycanlı zabitlər yetişdi. Bundan əlavə, keçmiş SSRİ DTK-nın xətti ilə başqa respublikalara azərbaycanlı zabit kadrların hazırlanması üçün respublikadan gənclər göndərilir və hər il bu məqsəd üçün 10-12 yer ayrılırdı. Onlar Moskva, Almatı, Kiyev, Sankt-Peterburq və digər şəhərlərdə yerləşən xüsusi ali təhsil ocaqlarına göndərilirdi. Bütün bunların hamısı, Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsindən sonra onun sərhədlərinin qorunması və möhkəmləndirilməsi işində xüsusi rol oynadı.
1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. 1992-ci ilin oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.
Müstəqil Azərbaycan dövlətində sərhəd qoşunlarının ilk dəstəsi Naxçıvanda yaradıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildikdən sonra ulu öndərin səyi nəticəsində 1991-ci il sentyabrın 3-də Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Naxçıvan ərazisində 1-ci sərhəd dəstəsi yarandı.
1992-1993-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində bir neçə hökumət qərarı verilsə də onlar istənilən səviyyədə yerinə yetirilmədi, yalnız Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Sərhəd Qoşunlarında da keyfiyyətcə yeni mərhələ başlandı.
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü.
2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin (18 avqust) Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında sərəncam imzalayıb. 2002-ci il iyulun 31-də Ümummilli lider Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması barədə fərman imzalayıb. Bu qərar Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib.
Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı. Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.
Tövsiyə edilən ədəbiyyat: