Tarixdən səhifələr

Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günü

Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.

Azərbaycan Hərbi Donanması Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra Azərbaycanın Hərbi Dəniz Qüvvələri formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır.

Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış  iki kanoner gəmisi –  “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. 
Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məkəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.

Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artileriya silahları sifariş olunmuşdu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar  güclü hərbi donanmanın yaradılması mümkün olmadı.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25% hərbi gəmilərinə sahib oldu.

26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil oldu. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı.

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam-Tər-Tər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 19 aprel 1994-cü il tarixində cəbhə bölgəsinə göndərildi və 25 iyul 1994-cü il tarixində vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü.

4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.

Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Məktəb 1999-cu ildən etibarən NATO standartlarına uyğun tədris proqramına uyğun olaraq hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə 2003-cü ildən AAHDM-nin nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.

Hərbi Dəniz Qüvvələri İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. Hərbi Dəniz Qüvvələrinin sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) xüsusi təyinatlı dəstəsinin birinci xüsusi təyinatlı qrupu müharibənin ikinci günündə Goranboy rayonunda əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilər Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində Zəfər yürüşünü davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancaraq azad edilən əraziləri aidiyyətı üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.

Hərbi dənizçilər Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərinin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstəriblər. Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də hərbi dənizçilərimiz xüsusilə fərqləniblər.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyev, Nurulla Arif oğlu. 1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri /N. A. Əliyev; elmi red. Q. Hacıyev; elmi məsləhətçi Y. M. Mahmudov ; Azərb. Resp. Silahlı Qüvvələrin Hərbi Akademiyası. - Bakı: [s.n.], 2018. - 77 s.
  2. Əliyev, Nurulla Arif oğlu. Azərbaycanda Hərbi-Dəniz qüvvələri ücün kadr hazırlığı (1918-1997): hərbi məktəblər ücün dərs vəsaiti /N. A. Əliyev; elmi red. M. N. Çobanov ; rəyçilər: M. Abbasov, R. Darabadi. - Bakı: Səda, 1999. - 140 s.
  3. Əliyev, Nurulla Arif oğlu. Zabit kadr hazırlığında və Xəzər bölgəsinin hərbi-dəniz müdafiəsində Azərbaycanın rolu: (1939-1945): [monoqrafiya] /N. Əliyev; elmi red. Q. Hacıyev; hərbi məsl. H. Piriyev ; Azərb. Resp. Silahlı Qüvvələri Hərbi Akademiyası. - Bakı: [n. y.], 2022. - 143 s.
  4. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi-Donanmanın xidmətində 70/N. Əliyev; elmi red. P.Q. Darabadi; rəyçi Ş. Ə. Sultanov [və b.]; Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi. - Bakı: [s.n.], 2009. – 430 s.
  5. Гритченко, Александр. Адмиралы Каспия/А. Гритченко, М. Г. Абасов ; ред. К. О. Гасанов ; [худож. А. А. Гапон]. - Баку: Военное издтельство, 1998. – 203 с.
  6. Мусаев, Гидаят Мамед оглу. Забытый адмирал/Г. Мусаев. - Севастополь: Дельта, 2014. - 173 с.