Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olub. O, ibtidai təhsilini bu şəhərdə alıb. Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf yollandı.
Ağa Məhəmməd şahın qoşunları yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı "İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək Şirvana, Şəkiyə və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti kimi, böyük əziyyətlər çəkmişdilər.
1795-ci ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə və vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car vilayətinə çəkildi. Ağa Məhəmməd şah öz qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı. Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə Gürcüstanda qalmaqda idilər.
Gürcüstan Rusiya ilə birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı. Adıgözəl bəyi Kovalenskiyə nişan verdilər. Nazir onu gizli məktublar ilə əlaqədar olan işlər üçün öz yanına xidmətə qəbul etdi.
Gürcüstanda Rusiya hakimiyyəti təsdiq olunduqdan sonra o, general-mayor Lisaneviçin yanına xidmətə təyin olunur. Mirzə Adıgözəl bəy general Lisaneviçin yanında və 5-6 ilə qədər Pənbək və Şoragil distansiyalarında xidmət etmişdir.
1816-cı ilin oktyabr ayında Gürcüstanın əlahiddə korpus komandiri vəzifəsinə təyin olunmuş general A. P. Yermolov Tiflisə gəldi və Qafqaz işləri ilə tanış olmağa başladı. A. P. Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Qarabağ xanı Mehdiqulu xanın yanına göndərdi. Adıgözəl bəyin Qarabağa göndərilməsi 1816-cı ildə A. P. Yermolovun Tehrana səfir təyin edilməsindən bir az əvvəl olmuşdu. Qarabağ xanı Mehdiqulu xan Mirzə Adıgözəl bəyə ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytardı, yeni malikanələr bağışladı və onu "İyirmi dörd" mahalına naib təyin etdi.
General Yermolovun tapşırığı ilə Adıgözəl bəy 1823-cü ildən 1828-cı ilədək, Qarabağ sərhədlərinin mühafizəsi üzrə qulluqda olmuşdur. Adıgözəl bəyə 1826-cı ildə 60 əsgərlə bir zabit, iki yüz azərbaycanlı və erməni süvariləri tabe edilmişdi. Mirzə Adıgözəl bəy sərhədi mühafizə etməklə, İran hökumətinin müharibəyə başlayacağı haqqında məlumatlar alırdı. O bu məlumatları Şuşa qalasının komendantı mayor Çilyayeva bildirirdi. Sərhəd mühafizəsi xidmətində Adıgözəl bəy 1826-1828-ci illərdə, Rusiya-İran müharibəsi başlananadək olmuşdur.
1827-ci ilin mart ayından İ.F.Paskeviç Zaqafqaziyanın bütün işlərini idarə etməyə başladı. Maddi mənafelərinə görə, Mehdiqulu xana tərəfdar olan Qarabağ əhalisinin müəyyən qruplarını Rusiya tərəfinə meyil etdirmək fikrilə İ.F.Paskeviç qarabağlı Mehdiqulu xanı da Rusiya tərəfinə çəkməyi siyasi cəhətdən məqsədəuyğun hesab edir.
Bu mühüm işin icrasını Qarabağ, Şirvan və Şəki əyalətlərini idarə edən V.K.Madatovu 1827-ci ilin aprel ayında əvəz etmiş knyaz İ.NAbxazova tapşırdı. 1829-1831-ci illər içərisində Knyaz İ.N.Abxazov bu məsul tapşırığı bilavasitə yerinə yetirmək üçün Mirzə Adıgözəl bəyi seçdi. Mirzə Adıgözəl bəy Mehdiqulu xanı Rusiya tərəfinə meyil etdirmək tapşırığını müvəffəqiyyətlə yerinə yetirdi.
General Paskeviç onun bu xidmətinə yüksək qiymət verərək onu təltif edilməyə təqdim etdi. Podporuçik Mirzə Adıgözəl bəyi poruçik rütbələsilə təltif etdi. Mirzə Adıgözəl bəy knyaz Abxazovla birlikdə Rusiya səfiri A.S.Qriboyedov Tehranda öldürüləndən sonra əmələ gəlmiş təhlükəli vaxtda - 1829-cu ildə Qarabağ, Şirvan və Şəkidə təşkil edilən süvari müsəlman alaylarının təşkilində iştirak etmişdir. Knyaz Abxazovun general Paskeviçə təqdim etməsilə Mirzə Adıgözəl bəyə kapitan rütbəsi verildi.
Mirzə Adıgözəl bəy geniş dünyagörüşünə və biliyə malik olmaqla bərabər, milli ehtiram bəsləmişdir. O, ikinci Rusiya – İran müharibəsi zamanı (1826-28) rusların dağıtdığı Nizami məqbərəsini 1847-ci ildə bərpa etmişdir.
Mirzə Adıgözəl bəy poeziyanı sevən və zamanın ən ziyalı şəxslərindən biri olmuşdur. Mirzə Adıgözəl bəy tarixi əsəri olan "Qarabağnamə"ni 1845-ci ildə, yəni yaşının 65-ə çatdığı zamanda yazmışdır. O, bu əsrdə Qarabağın 1736-cı ildən 1828-ci ilədək olan siyasi tarixini təsvir etmişdir. Yəqin ki, yaşının çoxluğuna görə, əsəri yazmaq Mirzə Adıgözəl bəy üçün çətinlik yaratmışdır. Buna görə də o, Salariyə müraciət edərək, onun söylədiklərini dediyi kimi, gözəl bir ifadə ilə yazmağı ondan xahiş etmişdir. Bu vəziyyət əsərin dilinə çox təsir etmişdir. Görünür ki, Mirzə Adıgözəl bəy hadisələri sadə və anlaşılan dildə şərh etmişdir. "Qarabağnamə"dəki Şərq tarixi əsərlərinə xas olan vəsflər, mübaliğələr, müqayisələr və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aid olduğu ehtimal edilir.
Mirzə Adıgözəl bəy 1848-ci ildə sentyabr ayının 9-da vəfat etmiş və Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir. Onun qəbri üzərində türbə tikilmişdir. Bu vəfat tarixi Mirzə Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən götürülmüşdür.
Tövsiyə edilən ədəbiyyat: