Tarixdən səhifələr

Yelenendorfda (Göygöl) alman koloniyasının əsasının qoyulması

XVIII əsrin II yarısından başlayaraq çarizmin apardığı məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri də Qafqaz regionu idi. Bu siyasət Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bu bölgənin xristianlaşdırılmasına və daha çox Avropa mədəniyyətinə — xristian dininə aid xalqlarla məskunlaşdırılmasına xidmət edirdi.

1770-1780-ci illərdə çar Rusiyası Şimali Qafqazın böyük bir hissəsini işğal etdi və bu vaxtdan başlayaraq Qafqazda alman kolonistlərinin məskunlaşdırılması siyasəti həyata keçirilməyə başlandı. Qafqazda almanlar kompakt şəkildə Don-hərbi dairəsində, Kubanda, Şimali Osetiyada, Kabarda-Balkariyada, Şimali Dağıstanda, Çeçenistanda, Azərbaycan və Gürcüstanda məskunlaşmışlar.

Almanların öz yurdlarından didərgin düşməsinə səbəb XIX əsrin əvvəllərində baş vermiş Napoleon müharibələri, durmadan artan vergilər idi. Xüsusən Almaniyanın cənub vilayətləri, Vürtemberq əhalisi müharibədən daha çox əziyyət çəkirdi. Belə ki onlar həm də dini məzhəb baxımından təqib olunur və buna görə vəziyyətdən çıxmaq üçün Qafqaza köçmək istəyirdilər.  Bu məqsədlə almanlar 1816-cı ildə Vyana konqresindən qayıdan və yolüstü Ştutqart şəhərindən keçən Rusiya imperatoru I Aleksandra kömək üçün müraciət etmişlər. Çar I Aleksandr böyük şövqlə Vürtemberq mühacirlərinin Qafqaza köçməsinə icazə vermişdi.

Çar I Aleksandr almanları qəbul edəcəyini, onlara torpaq və dini azadlıq verəcəyini, vergilərdən və hərbi xidmətdən azad edəcəyini vəd etmişdir. Aleksandrın almanların Rusiyaya köçməyinə icazə verməsinin digər səbəbi onun şəxsi planları idi. Belə ki, XIX əsrin əvvələrində Qafqazı işğal edən Rusiya hökumətinin burada həm strateji, həm də iqtisadi maraqları vardı və onlardan ən başlıcası regionda möhkəmlənmək, onun iqtisadi mənimsənilməsini həyata keçirmək, Qafqazı inkişaf etməkdə olan Rusiya sənayesinin xammal bazasına çevirməkdən ibarət idi.  Bu strateji vəzifənin yerinə yetirilməsində Rusiya üçün əngəllər yaradan əsas amil - həm Şimali, həm Cənubi Qafqazda yaşayan avtoxton müsəlman əhali idi ki, onlar rus işğalı ilə barışmaq istəmir, azadlıq mübriazəsini davam etdirirdilər.  Elə buna görə bütün işğalçı dövlətlər kimi, Rusiya da bölgədə özünə sosial dayaq yaratmaq, burda ilk növbədə Qafqazın müsəlman əhalisinin sayının azaldılmasına, regionda Rusiyaya sadiq slavyan mənşəli və xristianlığa sitayiş edən xalqların yerləşdirilməsinə nail olmaga, Qafqazı Rusiyanın «təbii» ərazisinə çevirməyə çalışırdı. Bu məqsədlə çar höküməti Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra İrandan və Türkiyədən Cənubi Qafqaza təqribən 130 min erməni, 27 min kürd, 16 min aysor (assuriyalı) və sair etnos nümayəndələrini  köçürmüşdü. Çarizm üçün Qafqazda həyata keçiriləcək ən vacib vəzifələrdən biri də yeni iqtisadi sahələrin inkişaf etdirilməsi, yeni dünyagörüşünə malik olan, «Avropa mədəniyyətinə» uyğun vətəndaşların tərbiyə edilməsi məsələsi idi. General Yermolovun fikrincə, əsrlərlə müxtəlif dövlətlərin tərkibində yad, aşağı statuslu, azlıq təşkil edən və iqtisadi ixtisaslaşması «xırda ticarətlə» məhdudlaşan, marginal psixologiyaya malik olan ermənilər Cənubi Qafqazın avtoxton əhalisi olan azərbaycanlılara mədəni baxımdan nümunə ola bilməzdilər. Yerli xalqlar üçün belə nümunə yalnız Avropa mədəniyyətinə mənsub xalq – almanlar ola bilərdi. O, almanların sayəsində burda kənd təsərrüfatının, ipəkçiliyin inkişaf etdiriləcəyinə inanırdı.

İmperatorun razılığını alan 1440 alman ailəsi 1817-ci ildə Zaqafqaziyaya yola düşdülər. Dörd minə yaxın bu əhalinin min yüz nəfərə qədəri yolda həlak oldu, qalanı isə Odessaya çatdı. 1818-ci iln yazında 500 ailə Odessa - Xerson -Taqaroq -Rostov - Georgiyevsk - Stavropol- Mozdok -Tiflis maşrutu ilə hərəkət etdilər. Köç zamanı 40 nəfər sənətkardan ibarət bir dəstə Tiflisdə qalaraq Yeni Tiflis adlı koloniyanın əsasını qoydular. Bundan sonra gələn kolonistlər üçün Tiflisin yaxınlığında münasib yer olmadığından hökumət onları Yelizavetpol quberniyasında yerləşdirmək qərarına gəldi. Kolonistlərin etirazına baxmayaraq onlar məcburi olaraq Yelizavetpola köçürüldülər. Bu vaxt artıq payızın son ayı idi. Qışın düşməsi ilə kolonistlərin müvəqqəti qazma evlərdə, çadırlarda yaşaması mümkün olmadı və alman ailələri təcili şəkildə Yelizavetpol şəhəri və onun ətraf kəndlərində yaşayan azərbaycanlı ailələrində yerləşdirildilər. Qeyd etmək yerinə düşərdi ki, o vaxt rəsmi sənədlərdə «tatar» kimi adlandırılan azərbaycanlı əhalisi alman mühacirlərini 3 aya yaxın bir müddət ərzində öz evlərində saxladılar. Bu birgə yaşayış almanların sosial-mədəni uyğunlaşmasına müsbət təsir göstərdi, azərbaycanlılarla almanlar arasında dostluq münasibətlərinin təməlini qoydu. 1819-cu ilin baharında alman kolonistləri yerli əhalinin evlərini tərk etdilər və kazak dəstələrinin nəzarəti altında Gəncə çayının sağ sahilində 22 avqust 1819-cu ildə Yelenendorf koloniyasının əsasını qoydular. Çar I Aleksandrın bacısı Yelena Pavlovnanın şərəfinə adlandırılan bu koloniya Yelizavetpol şəhərindən 7 verst aralıqda, keçmiş Xanlıqlar kəndinin ərazisində yerləşirdi. Bu koloniyada 127 alman ailəsi məskunlaşmışdı və onlara 2600 desyatin torpaq sahəsi ayrılmışdı.

Beləliklə, Azərbaycan xəritəsinə ilk alman koloniyası daxil oldu. 31 dekabr 1898-ci ildə bu koloniyada artıq 1806 alman yaşayırdı.

1826-cı ildə başlanan Rus-İran müharibəsi nəticəsində Yelenendorf koloniyası darmadağın edilir və almanlar burdan Gəncəyə üz tuturlar. Vəziyyət 1850-ci ildən sonra yenidən sabitləşir. Koloniyalarda üzümçülük, şərabçılıq inkişaf etdirilir. Dövlət kənd təsərrüfatını daha da inkişaf etdirmək məqsədilə hər alman ailəsinə 3 min rubl maddi yardım verir, onları bütün vergilərdən azad edir. Belə əlverişli şəraitdə bir çox işğüzar almanlar öz şəxsi bizneslərini yaradırlar. Belələrinə misal göstərmək olar Forer və Hümmel qardaşlarını. Forerlərin böyük şərabçılıq zavodu, Bakıda və Rusiyada satış məntəqələri vardı. Hümmel qardaşları 1883-cü ildə da çaxır anbarı inşa etmişdilər. 1900-cü ildə burda onların konyak zavodu da inşa edilir. Məhsul satılmaq üçün Bakıya və Tiflisə göndərilirdi. Ümumilikdə, Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi.

Almanların gətirdikləri idarəetmə forması da Azərbaycan üçün təzə idi. XIX əsrin 30-cu illərində  Yelenendorf koloniyasını idarə etmək üçün bələdçi vəzifəsi tətbiq olunmuşdu. Koloniyada hərbi şəraitə uyğun qayda-qanun qoyulmuşdur. Almanlar həmçinin Rusiyaya, Qafqaza seçki mədəniyyəti gətirmişlər. Koloniyaya rəhbərlik seçki yolu ilə müəyyən edilirdi və bu da koloniyanın inkişafına çox müsbət təsir edirdi. İnkişaf özünü şəhərsalma mədəniyyətində də göstərirdi. Mənzərəli təbiəti olan Yelenendorfda alman memarlığı üslubunda 500-ə yaxın yaşayış yeri tikilmiş, 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Evlər bir qayda olaraq, zirzəmili tikilirdi. O vaxt salınmış geniş yollardan hazırda da istifadə edilir.

Almanlar təsərrüfatla məşğul olmaqla yanaşı uşaqların təhsili ilə də ciddi məşğul olurdular. İlk vaxtlar uşaqlara evlərdə keşişlər dərs keçirdilər. Almanlar təhsilə çox böyük önəm verirdilər və buna görə onlar arasında demək olar ki, bir nəfər də savadsız yox idi.

Azərbaycanda yaşayan almanların əksəriyyəti xristianlığın protestantlıq qoluna etiqad edirdilər. Hökumət tərəfindən tam dini azadlıq alan almanlar ibadət etmək məqsədilə 1857-ci ildə Yelenendorfda ilk protestant kilsəsini tikmişlər.

1914-cü ildə I Dünya müharibəsinin başlaması ilə Rusiya ilə Almaniya münasibətləri daha da gərginləşir. Canişinin göstərişi ilə almanların üzərində gizli müşahidə sistemi yaradılır, onlara əvvəllər verilmiş hüquq və azadlıqlar ləğv edilir, məktəblərdə alman dilinin təhsili dayandırılır. Hətta Yelenendorf koloniyasının adı belə dəyişdirilərək Yelenina qoyulur. Lakin bu ad çox az müddət işlənir. Koloniya yenə əvvəlki kimi adlandırılır. Hökümət almanlardan məcburi qaydada cəbhəyə maddi yardım göstərilməsini tələb edirdi.

1920-ci ilin aprelində AXC-nin süqutu ilə alman kolonistlərinin həyatında yenidən gərgin dövr başlayır. Elə həmin ilin mayın 18-də hakimiyyətə gələn bolşeviklər burda İnqilabi Komitə yaradır, varlı almanların əmlaklarını müsadirə edir, müxtəlif qadağa və məhdudiyyətlər qoyurlar. Hümmel qardaşlarının mülkləri, əmlakları müsadirə edilir. Əhalinin mal-qarası, arabaları müsadirə edilərək Qızıl Orduya verilir. Bütün 16-17 yaşlı gənc almanlar hərbi komissarlıqlarda məcburən qeydiyyatdan keçirilir.

8 avqust 1930-cu ildə Yelenendorf koloniyasında yeni rayon - Nərimanov rayonu təşkil edilir. Lakin bir müddət sonra hökümətin N.Nərimanova münasibəti dəyişdikdən sonra 29 noyabr 1938-ci ildə rayon inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, rayon mərkəzi isə Xanlar şəhəri adlandırılır.

Faşist Almaniyasının SSSR-i üzərinə hücumundan sonra koloniyalar üçün çətin dövr başlayır. 1941-ci ilin oktyabrında onlar Mərkəzi Asiyaya departasiya olunurlar. Yalnız İ.Stalinin ölümündən sonra 1953-cü ildə vəziyyət yaxşılığa doğru dəyişilir. "Sovet" almanlarına departasiya olunmuş digər xalqlar kimi yaşadıqları ölkələrə geri qayıtmalarına icazə verildi. Onların bir hissəsi yaşadıqları yerlərə, o cümlədən də Azərbaycana geri qayıtmış, bir hissəsi isə Almaniyaya köç etmişdilər.

7 may 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Ağasiyev, İkram Kərim oğlu. XVIII əsrin sonu - XX əsrin əvvəllərində almanların Qafqazda məskunlaşması : monoqrafiya / İ. K. Ağasiyev ; elmi red. İ. S. Bağırova ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Təhsil, 2009. - 304 s.
  2. Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı = Spuren des Deutschen Erbes und der Architektur in der Toleranz Aserbaidschans = Следы немецкого наследия и архитектуры в толерантности Азербайджана / R. Hacıyeva ; Mənəvi Dəyərlərin Təbliği Fondu. - Bakı: Tuna, 2019. - 179 s.
  3. Seyidov, Abbas Qadir oğlu. Yelenondorf-Yeleneno-Xanlar/ Abbas Qadir oğlu Seyidov; elmi red. Y. M. Mahmudov, H. F. Cəfərov ; AMEA Arxeologiya və Etnoqrafiya İn-tu, AMEA A.A. Bakıxanov adına Tarix İn-tu ; Azərbaycan Dövlət İqtisad Universiteti. - Bakı: Elm, 2007. - 286 s.
  4. Вердиева, Хаджар Юсиф гызы. Немцы в Северном Азербайджане : монография / Х. Вердиева. - Баку: Элм, 2009. - 208 с.