Tarixdən səhifələr

Xəzər Günü

Son illər ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.

Aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlara əsasən 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə hər il dənizin səviyyəsi 10 santimetr enir. Həmin dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır.

Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Dənizin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.

Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

“Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd də dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Bununla əlaqədar Azərbaycanda da hər il “Xəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyyətin nümayəndələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının xarici siyasəti : 1991-2003 / M. C. Qasımlı ; red. heyəti: A. Əzimov [et al.] ; baş red. E. M. Məmmədyarov ; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. - (Azərbaycan Respublikasının diplomatiya tarixi). I hissə. - Bakı : Mütərcim, 2015. - 648 s.
  2. Qonaqov, Rufiz Rəhim oğlu. Xəzər hövzəsi və enerji təhlükəsizliyi / R. R. Qonaqov ; elmi red. Ə. M. Həsənov ; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. - Bakı : Elm, 2018. - 200 s.
  3. Abbasbəyli, Ağalar Nəriman oğlu. Dünya siyasəti : XX əsrin ikinci yarısı - XXI əsrin əvvəlləri: dərslik / A. N. Abbasbəyli ; elmi red.: Q. H. Məmmədov, R. Ə. Sadıqov. - Bakı : Nurlar NPM, 2011. - 584 s.
  4. Каспий : международно-правовые документы: [12 августа 2018 г. главы стран "Каспийской пятерки" подписали в Актау Конвенцию о правовом статусе Каспийского моря, которую называют: "Конституция Каспийского моря" / сост.: С. С. Жильцов [и др.]. - М. : Международные отношения, 2018. - 568 с.