Beynəlxalq İtkin Düşmüşlər Günü 30 avqust 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunmuşdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işinə görə şöhrət qazanmışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmışdır. Eyni zamanda üç dəfə "Nobel" sülh mükafatı laureatıdır. 1949-cu il Cenevrə konvensiyalarını, onun 1977-ci il (I Protokol, II Protokol) və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər (imzalayanlar) beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün BQXK-nə mandat vermişlər. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, itkin düşənlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var. BQXK-nə üzv dövlətlər, bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları itkinlərin taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirirlər.
Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətiləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüquq prinsiplərinə və Beynəlxalq Hərəkatın nizamnaməsinə əsasən fəaliyyət göstərir. Milli Cəmiyyətlər spesifik situasiya və imkanlardan asılı olaraq beynəlxalq humanitar hüquqa və Beynəlxalq Hərəkatın mandatına aid olmayan əlavə işlərə cəlb oluna bilərlər.
Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. 13 yanvar 1993-cu ildə yaranmış Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir.
Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
İtkin düşmüş mülki şəxslərdən 20 nəfəri qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872 nəfərinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən edilmişdir.
Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə və sübutlara baxmayaraq, Ermənistan Respublikası bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir.
Təkzibedilməz faktlardan biri isə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1998 və 2001-ci illərdə Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş məktublarda adı keçən 54 azərbaycanlı ilə bağlıdır.
Həmin materiallara əsasən Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ermənistan Respublikasında və bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılmış, aralarında 6 nəfəri qadın olmaqla 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir. Birinci Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib. Şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.
Eləcə də Ermənistan hərbçilərinin Azərbaycanın Xocalı şəhərini işğal etdikləri zaman qətlə yetirdikləri 613 Xocalı sakinindən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri isə müxtəlif yaş hədlərində olan qadınlardır. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfərin aldıqları ağır bədən xəsarətləri səbəbindən əlilliyi müəyyən olmuşdur ki, onlardan da 76-sı uşaqdır.
Hazırda 196 nəfər Xocalı sakini, o cümlədən 13 nəfəri qız olmaqla 36 uşaq və 20 nəfəri ahıl olmaqla 65 qadın itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın əsir-girovluğundan qurtulmuş insanların verdiyi ifadələr və jurnalist müsahibələri Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif tərkibli cinayətlərin, o cümlədən müharibə cinayətlərinin törədildiyini təsdiq edir.
Yüzlərlə azərbaycanlıya əsir və girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrlə aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlillik dərəcəsi təyin olunmuşdur. Bu gün də onlar fiziki və ya psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkirlər.
Ermənistan siyasi və hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında atəşkəs elan olunduğu sonrakı illərdə də qeyri-qanuni olaraq azərbaycanlı mülki şəxsləri girov götürərək həbs etmişdir ki, bu da açıq-aşkar dinc azərbaycanlılara qarşı nifrət siyasətinin həyata keçirildiyini sübut edir.
Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir. Bununla da, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini, Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2 (1) və 3 (2) maddələrində müəyyən edilmiş təminatlar da daxil olmaqla, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur. 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. 2021-ci ilin fevral - 2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.
Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.
Tövsiyə edilən ədəbiyyat: