Tarixdən səhifələr

Georgiyevsk müqaviləsi (1802)

XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu əraziləri ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici yürüşləri vəziyyəti daha da gərginləşdirirdi.

Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq rus elminə məlum idi və təsadüfi deyildir ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənimsənilməsini onun istilası ilə bağlayırdı.

Zaqafqaziyanın siyasi və hərbi-strateji əhəmiyyəti xüssusilə böyük idi. Bu diyarın işğalı ənənəvi rus-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həll edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı.

Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Osthind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.

Cənubi Qafqazdakı mürəkkəb vəziyyət Rusiyanın işğalçı planlarının bu diyarda həyata keçirilməsini obyektiv olaraq asanlaşdırırdı. Feodal ara müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı. Zəruri ilkin sosial-iqtisadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayırdı.

Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi.  Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.

1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-ci ilin əvvəlində o bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə İranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin İran üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyətilə birlikdə tələb olunan miqdarda hərbi yardım göstərməyi öz üzərinə götürürdü.

Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki dövlətin ərazisinə azad daşımaq hüququ veriridi. İngiltərə tacirlərinə İranın istənilən şəhər və limanında məskən salmağa icazə verilir, onların malları isə hər cür vergilərdən azad olunurdu.

Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə İngiltərənin antirus siyasətinin alətinə, öz müstəmləkəsini – Hindistanı kənar təcavüzlərdən qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi.

Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksadrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksadr Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleonçu Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmağı yüksək qiymətləndirən İngiltərə artıq İranı açıqca müdafiə edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etmək imkanını əldən verməyərək, Rusiya əleyhinə müqavilə bağlamağı İran şahına təklif etdi.

İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksadr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl, Həştərxan-Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən Gürcüstanla əlaqə yaratmağa çalışırdı.

1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərbaycan ərazisinin də bir hissəsi – Kartli-Kaxetiya çarlığının vassal asılığında olan və onunla birlikdə birləşdirilmiş Qazax, Borçalı, Şəmsəddin sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.

I Aleksadr bəzi xanların artıq Rusiya himayəsini qəbul etməyə məcbur olması ilə məhdudlaşmağa qərara aldı. O digər xanlıqları da, ilk növbədə Azərbaycanın Xəzəryani vilayətlərini ələ keçirməyə çalışırdı. General Knorrinqin təşəbbüsü ilə 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasət və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinin nümayəndələri ilə görüşünü keçirdi. Danışıqlarda Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş komandanı general Knorrinq, Quba və Talış xanlarının nümayəndələri, həmçinin Tarki şamxalı, Qaraqaytaq usmisi, Tabasaran hakimi və digər Dağıstan hakimləri iştirak edirdi. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmədi. 

İranın maneçiliyinə baxmayaraq, Georgiyevskidəki dörd aylıq danışıqlar müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrn 26-da müqavilə imzalandı. Giriş və 12 maddədən ibarət olan bu müqaviləyə görə, “öz xahişlərinə görə ... Rusiya ... himayəsinə” qəbul olunan Quba və Talış xanları, həmçinin Dağıstan feodal hakimləri İran hücum edəcəyi təqdirdə ona qarşı çıxaraq Rusiya ilə birgə fəaliyyət göstərməyi, Cənubi Qafqazda ticarətin və Xəzərdə gəmiçiliyin inkişafına şərait yaratmağı, bir-birinə hücum etməməyi, daim ittifaqda, dostluqda olmağı öhdələrinə götürdülər. Bununla da Georgiyevsk müqaviləsi Azərbaycan və Dağıstanda Rusiyanın nüfuzunun güclənməsinə şərait yaratdı.

Lakin Georgiyevsk müqaviləsi bağlandıqdan sonra çar hökuməti həmin müqaviləyə etinasız yanaşaraq Azərbaycan xanlıqlarının ərazilərini zəbt etmək üçün hazırlıqlara başladı.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan tarixi : uzaq keçmişdən 1870-ci ilə qədər / S. S. Əliyarlı, F. Mahmudov, İ. Babayev [et al.] ; red. S. S. Əliyarlı ; Bakı Dövlət Universiteti. - Bakı : Azərbaycan nəşriyyatı, 1996. - 872 s.
  2. Qocayev, Əkbər Ədilxan oğlu. Azərbaycan tarixi : ən mühüm hadisələrin xronoloji xülasəsi: ən qədim zamanlardan müasir dövrədək olan dövrü əhatə edir / Ə. Ə. Qocayev, S. A. Əliyeva, A. H. Hacıyeva. - Bakı : Maarif, 2002. - 160 s.
  3. Şükürov, Kərim Kərəm oğlu. Azərbaycan tarixi : 3 hissədə / K. K. Şükürov. II hissə : Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər. - Əlavələr və dəyişikliklər edilmiş III nəşri. - Bakı : Bakı Universiteti Nəşriyyatı, 2004. - 379 s.
  4. Азәрбајҹан тарихи : 7 ҹилддә / АМЕА А.А. Бакыханов адына Тарих Институту. IV ҹилд : ΧΙΧ әср / мәс’ул ред. М. Ә. Исмајылов [et al.]. - Бакы : Елм, 2000. - 508 с.