Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli Azərbaycan ədibi və alimi Mir Cəlalın ailəsində anadan olmuşdur.
Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu “Radiorabitə və radioyayım” ixtisası üzrə bitirmişdir. O, 1959-cu ildə Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Arif Paşayev 1960-cı ildə Moskva Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olmuş, 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildən etibarən onun apardığı elmi tədqiqatlar mikroelektronikada yeni istiqamətin – qeyri-elektrik kəmiyyətlərin mikroelektron çeviriciləri sahəsinin əsasını qoymuşdur.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. Onun tədqiqatları əsasında sualtı obyektlərə nəzarət və tədqiq üçün nəzərdə tutulmuş telemetrik, çoxfunksiyalı, hidroakustik kompleks aparat yaradılıb.
Arif Paşayev 1971-ci ildən 1996-cı ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etmişdir. 1991-ci ildə A. M. Paşayev “Avtonom hidroakustik informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə” Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür. Onun mikroelektron vericiləri sahəsindəki elmi tədqiqatlarının nəticələri iki monoqrafiya şəklində çap edilmişdir: “Qeyri–elektrik kəmiyyətlərin bərk cisimli mikroelektron çeviriciləri” (1998-ci il) və “Bərk cisimli mikroelektron maqnitoelektrik və rütubətli elektrik çeviriciləri” (1999-cu il).
Fizika sahəsindəki yüksək nailiyyətlərinə görə Arif Paşayev, "SSRİ-nin İxtiraçısı" medalı ilə təltif olunub, eləcə də 1989-cu ildə AMEA-nın müxbir, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və o, 2004-cü ildə "Şöhrət", 2009-cu ildə "Şərəf" və 2014-cü ildə "İstiqlal" ordenləri ilə təltif edilib. Bundan əlavə, “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına, Nobel mükafatı laureatı İ.V.Pavlov adına "Qızıl nişan" və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, həmçinin Beynəlxalq Aviasiya Komitəsinin "Qızıl medal"ları, eləcə də Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb. 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Akademik Arif Paşayev Ukrayna və Gürcüstan Milli Aviasiya akademiyalarının fəxri doktoru, Vyana Beynəlxalq Universitetinin fəxri professoru, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri akademiki və Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.
Akademik Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Akademik 600-dən çox elmi əsərin, 60-dan artıq kitabın, monoqrafiyanın müəllifidir. Həmçinin 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb.
Görkəmli alim ömrünün uzun illərini gələcəyin intellektual elmi elitasını yetişdirməyə həsr edib. Onun rəhbərliyi ilə çoxsaylı namizədlik dissertasiyaları müdafiə olunub. O, eyni zamanda, Rusiya, Ukrayna, Latviya, Estoniya və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.
Akademik Arif Paşayevin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. O, Milli Aviasiya Akademiyasına 1996-cı ildən indiki dövrə kimi uğurla rəhbərlik edir. Arif Paşayev 2005-ci ildə təsis edilmiş Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının və 2009-cu ilin iyul ayında təsis edilmiş “Elmi Təminatlı İnnovasiya Assosiasiyası” İctimai Birliyinin prezidentidir. Alimin rəhbərlik etdiyi Azərbaycan Mühəndislik Akademiyası isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal iş aparır.
Tövsiyə edilən ədəbiyyat: