Tarixdən səhifələr

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü

Aprelin 4-dü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. Təşkilat müharibənin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə milli minalarla mübarizə imkanlarının yaradılmasına və inkişaf etdirilməsinə bu gün vasitəsilə çağırış edir.

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də təhlükəli və faciə yarada bilən qüvvə olaraq qalır. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişaf”ı üçün əlavə imkan yaradıb.

Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan ölkələr və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanı olmayan terrorçu icmalar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də ucuz qiymətidir. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı bir əmrə ehtiyac olmadan bir çox aylar və hətta illər ərzində öz mövqelərində qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə öz qurbanlarını gözləyirlər.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq üçün multimedia sərgisi təşkil edir. Hər il Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü çərçivəsində tədbirlər müəyyən deviz altında keçirilir.

Çox təəssüf ki, mina problemi Azərbaycandan da yan keçməyib. Belə ki, torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması zamanı vandallıq aktları törədilməsi ilə yanaşı, ərazilərimiz minalarla da çirkləndirilib.

44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır.

Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub. (4 aprel 2024-cü ilin məlumatına görə).

İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.

Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuvalarına təhlükəsiz dönməsini təmin etməkdə aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə 1998-ci ildə yaradılmış Agentliyin əsasında yeni statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Agentlik fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq tarixçəsinə malikdir. Agentlik öz işində beynəlxalq İMAS standartlarına əsaslanır və işin sonunda təmizlənən bütün ərazilərə beynəlxalq səviyyəli sertifikat təqdim edir. ANAMA tərəfindən minatəmizləmə əməliyyatları: əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınları və minaaxtaran itlərin vasitəsilə həyata keçirilir.

Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə ANAMA ilə yanaşı, müxtəlif qurumlar da cəlb olunur. Bu işdə qadın minaaxtaranlar da yaxından iştirak edirlər.
Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinın bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kün, Haydi. Canlanan torpaq : minalı ərazilərdən üzümlüklərə, bir qadının dünyanı qorumaq missiyası: [“Sülhün Kökləri” təşkilatının qurucusu] / H. Kün ; tərc.: A. Umudlu, Q. Aşırov ; red.: V. Sultanlı, A. Nəbi ; ön sözün müəl. K. Ruterford ; Beynəlxalq Avrasiya Mətbuat Fondu. - Bakı : AVE Print, 2022. - 258 s.
  2. Преступления армянских террористических и бандитских формирований против человечества : XIX-XXI вв.: краткая хронологическая энциклопедия / Институт Права и Прав Человека НАНА ; авт. идеи Р. Ф. Мустафаев ; сост.: А. И. Мустафаева [и др.]. - Повторное изд. - Баку : Elm və təhsil, 2020. - 332 с.
  3. Hidden Seeds of Death = Gizli ölüm toxumları / Ministry of Foreign Affairs of the Republic of Azerbaijan, Pasha Life Insurance ; project manager, ed. M. Marjanli ; trans.: I. Asadov [et al.] ; ed.: G. Lysenko [et al.]. - Dubai : IRS Publishing House, 2023. - 173 p.