Tarixdən səhifələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Görkəmli dövlət xadimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dekabrın 24-ü doğum günüdür.

İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin ailəsində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almışdır. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur.

30 aprel 1994-сü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edilmişdir. 12 noyabr 1995-ci ildə I çağırış Milli Məclisə keçirilən seçkilərdə 14 №-li Qaradağ seçki dairəsindən deputat seçilmişdir. 24 dekabr 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə birinci vitse-prezidenti təyin edilmişdir. 31 iyul 1997-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidenti seçilmişdir. 21 dekabr 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir. 5 noyabr 2000-ci ildə II çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasından proporsional qaydada deputat seçilmişdir. 21 noyabr 2001-ci ildə Yeni Azərbaycan Partiyasının II qurultayında partiya sədrinin birinci müavini seçilmişdir. Yeni Azərbaycan Partiyasının III qurultayında (26 mart 2005-ci ildə) partiyanın Sədri seçilmişdir. 4 avqust 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuş. bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilmişdir.

2003-cü il oktyabrın 15-də Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. İlham Əliyevin prezidentliyinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm faktor Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin yaxşılaşdırılması, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.

Liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib. Milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanır. Bu praqmatik, çevik siyasət, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafının əsas təminatçısıdır.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının formalaşmasına nail olub. Təsadüfi deyil ki, beynəlxalq arenada ölkəmizə maraq gündən-günə artır, dostlarımızın və tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Azərbaycan Prezidenti dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanıb. Dinamik iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycanın qarşısında yeni üfüqlər açılıb. Qlobal enerji və logistika layihələrinin təşəbbüskarı, böyük humanitar forumların təşkilatçısı və icraçısı kimi ölkəmiz regionun əsas güc mərkəzi olaraq mövqeyini ildən-ilə daha da möhkəmləndirir. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarından qaynaqlanır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Prezidenti / red. V. Yolçiyev. - Bakı : Azərbaycan nəşriyyatı, 2004. - 264 s.
  2. Qasımlı, Musa. Azərbaycan Respublikasının tarixi (1991-2021). 2 cilddə. II cild (2003-2021). Bakı: Bakı Dövlət Universiteti, 2021. - 520 s.
  3. Məlikli, Günel. İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər: monoqrafiya / G. Məlikli; elmi red. İ. R. Məmmədzadə; AMEA Fəlsəfə İnstitutu.- Bakı: Nurlar NPM, 2018.- 200 s.
  4. Şükürov, Məsud. İlham Əliyev fenomeni / M. A. Şükürov; red. S. Mustafayev.- Bakı: Elm və Təhsil, 2013.- 240 s.
  5. İlham Əliyev: bizim siyasətimiz bizim işimizdir / tərt. M. Əmirov.- Bakı: Çaşıoğlu, 2007.- 160 s.
  6. Hüseynov, Həsən. Heydər Əliyev Azərbaycanın tarixi, İlham Əliyev bu tarixin davamıdır / H. Z. Hüseynov; red. Ə. Əhədov.- Bakı: Araz, 2004.- 330 s.
  7. Andriyanov, Viktor. İlham Əliyev / V. İ. Andriyanov, H. F. Mirələmov; rus dilindən tərc.: M. Oruc, İ. Qasımzadə; red. İ. Qasımzadə.- М.: Molodaya qvardiya, 2007.- 436 s.
  8. Ozerov, Mixail. İlham Əliyev: Azərbaycanıma inanıram / M. Ozerov; rus dilindən tərc. R. Əskər.- Bakı: Azərnəşr, 2007.- 376 s.
  9. Цыганов, Олег. Ильхам Алиев: открытый мир = Ilham Aliyev: open world / О. В. Цыганов.- М.: ИД Хроникер, 2008.- 308 с.
  10. Зенькович, Николай. Ильхам Алиев: взгляд из Москвы / Н. А. Зенькович.- М.: Яуза: Эксмо, 2008.- 512 с.
  11. Андриянов, Виктор. Ильхам Алиев / В. И. Андриянов, Г. Ф. Мираламов.- М.: Молодая гвардия, 2007.- 396 с.
  12. Озеров, Михаил. Ильхам Алиев: я верю в мой Азербайджан / М. Озеров.- М.: Бослен, 2007.- 352 с.