Tarixdən səhifələr

Görkəmli memar Zivər bəy Əhmədbəyov

Ali təhsilli ilk azərbaycanlı memar, rəssam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 16 fevral 1873-cü ildə Şamaxıda doğulmuşdur.

 Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləmişdir. 1907 ildə Şamaxı şəhərinin baş memarı təyin edilmiş, məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamanı (1908) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf etmişdir. Layihələrində milli memarlıq ənənələrindən geniş istifadə etmişdir.  Onun layihələri əsasında Bakıda Təzəpir (1905-14), Göy məscid (1912-13), Göyçayda məscid (1906), Şamaxıda İmam məscidi (1909), Cümə məscidi (1909-18), “Səadət” məktəbi (1911-12) və s. inşa edilmişdiir. Z. Əhmədbəyov öz yaradıcılığında milli irslə yanaşı Avropa klassisizminə də müraciət etmişdir. Bakıda “Doğum evi” (1910), “Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu; 1914-16), həmçinin Bakıda və Şamaxıda bir sıra yaşayış evlərinin layihələrini yaratmışdır.

Z. Əhmədbəyov Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirmişdir. O, milli memarlıq abidələrinin mühafızəsi ilə əlaqədar 1917 ildə mülki mühəndis Ömər bəy Abuyevlə birgə “İslam incəsənəti abidələrini sevənlər və qoruyanlar cəmiyyəti”ni yaratmış, 1919 ildə isə Şamaxının bərpası üçün “Yeni Şirvan” cəmiyyətini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı vəzifəsində çalışan Z. Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi diktaturası”ndan azad olunması (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlamışdı. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunmuşdu.

Aprel işğalından (1920) sonra Azərbaycan Xalq Maarifı Komissarlığının qərarı (1920, 13 noyabr) ilə, ikinci dəfə yanmış, Tağıyev teatrının bərpa və yenidənqurma layihəsini hazırlamaq da Z. Əhmədbəyova tapşırılmışdı.

Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat etmişdir.

26 may 2011-ci ildə Bakıda metronun “Nizami” stansiyasının qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. İstedadlı memarın heykəlinin məhz burada ucaldılması da təsadüfi deyil. Çünki metro stansiyasının sol tərəfində tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Fətullayev-Fiqarov, Şamil Seyfulla oğlu. Mülki mühəndis Zivər bəy Əhmədbəyov = Civil Engineer Ziverbey Ahmadbeyov / Ş. S. Fətullayev-Fiqarov ; layihənin rəh. E. Ə. Qasımzadə ; Azərbaycan Respublikasının Memarlar İttifaqı. - Bakı : Şərq-Qərb, 2013. - 40 s.
  2. Фатуллаев-Фигаров, Шамиль Сейфулла оглы. Бакинские архитекторы : конец XIX - начало XX веков / Ш. С. Фатуллаев-Фигаров ; рук. проекта Э. А. Касимзаде ; Союз Архитекторов Азербайджанской Республики. - Баку : Шарг-Гарб, 2013. - 328 с.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti: Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. I cild. - Bakı : Lider nəşriyyat, 2004. - 440 s.