Tarixdən səhifələr

Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü

Qloballaşan dünyada özünə layiqli yer tutmaq istəyən ölkələr digər ölkələrlə  iqqtisadi, siyasi mədəni əlaqələrin yüksək səviyyədə saxlanılmasına önəm verməlidir. Bu mənada dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərəsə də xalq  diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.

Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni - iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur.

Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada alman şəhəri olan Padernborn və fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə 1-ci dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub. Bu təcrübə 2-ci dünya müharibəsindən sonra da davam edib.

Qardaşlaşmış şəhərlər beynəlxalq hərəkatı hələ İkinci Dünya müharibəsi illərində meydana gəlmişdir. İlk dəfə 1942-ci ildə İngiltərənin Koventri və SSRİ-nin Stalinqrad şəhərləri qərara gəldilər ki, vətəndaşların sülh və əmin-amanlıq naminə əməkdaşlıqlarını inkişaf etdirmək məqsədilə dostluq münasibətləri qursunlar.

Bundan sonra “qardaşlaşmış şəhərlər” hərəkatı daha da genişlənməyə başladı və 1957-ci il aprelin 28-də qardaşlaşmış şəhərlərin nümayəndələri Fransanın Eks-le-Ben şəhərinə toplaşıb Ümumdünya Qardaşlamış Şəhərlər Birliyinin (ÜQŞB) əsasını qoydular.

Ümumdünya Qardaşlamış Şəhərlər Birliyinin məqsədi müxtəlif dövlətlərin şəhərləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olan, mənzil qərargahı Parisdə yerləşən bu qeyri-hökumət təşkilatının 1963-cü ildə qəbul etdiyi qərara görə, hər il aprelin axırıncı bazar günü Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü elan olundu.

2000-ci ildə federasiya artıq 160 dövlətdən olan 3500 şəhəri birləşdirirdi.

ÜQŞB-nin əsas məqsədi dünyanın müxtəlif dövlətlərinin şəhərləri arasında iqtisadi və mədəni əməkdaşlıq, təhsil, mədəniyyət, ətraf mühitin qorunması və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdirilməsi idi. Federasiyada ayrı-ayrı üzv şəhərlər kimi, şəhərlərin assosiasiyaları və ya birlikləri də iştirak edirdilər. ÜQŞB-nin məqsəd və məramı onun nizamnaməsində - “Qardaşlaşmış şəhərlər xartiyası”nda və “Qardaşlaşmış şəhərlərin siyasi proqramı”nda aydın göstərilirdi. Şəhərlərin əməkdaşlığı nümayəndə heyətlərinin, incəsənət və idman kollektivlərinin qarşılıqlı səfərləri, şəhərlərin həyatı haqqında ədəbiyyatların, kinofilmlərin, sərgilərin, fotomaterialların və şəhər təsərrüfatının idarə olunması təcrübəsi barədə informasiyaların mübadiləsi ilə ifadə olunur.

2004-cü ildə isə Parisdə Ümumdünya Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatı (UCLG) təsis edilir. Bununla da yerli təşkilatları birləşdirən nəhəng dünya təşkilatlarının - Ümumdünya Qardaşlamış Şəhərlər Birliyini, Beynəlxalq Yerli Hakimiyyətlər İttifaqını, həmçinin nəhəng şəhərlər assosiasiyası “Metropolis”in birləşməsi başa çatdı.

Avropada qardaşlaşmış şəhərlər Avropa Birliyi tərəfindən təmin olunur. Qeyd edək ki, bu təminat sxeminin əsası 1989-cu ildə qoyulub. 2003-cü ildə Avropa İttifaqının illik büdcəsinin 12-milyon avrosu bu sahədə 1300 layihənin reallaşdırılmasına yönəldilmişdi.

Azərbaycan paytaxtı Bakı da bu ümumdünya tendensiyasından geri qalmayıb və tarixi boyu fərqli qitələrdə yerləşən şəhərlərlə qardaşlaşıb. Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Fedarasiyasının üzvüdür.

Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.

Sonralar Bakı İtaliyanın Neapol (1972-ci il), İraqın Bəsrə (1972), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975), ABŞ-ın Hyuston (1976) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.

Azərbaycanın Sumqayıt, Gəncə, Şəki, Xankəndi, Lənkəran şəhərləri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli- 110 il / T. Ə. Bünyadov [et al.]; red. N. Quliyev; Azərbaycan Respublikasının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.- Bakı: Elm və Təhsil, 2016.- 88 s.
  2. Tapdıqoğlu, Nazim. Azərbaycan ərazisinin şəhərləri : Respublika ərazisindəki qədim və müasir şəhərlər: ensiklopedik bilgilər / N. Tapdıqoğlu ; elmi red. N. Hüseynov ; red. V. Muradov. - Bakı : Zərdabi Nəşr MMC, 2019. - 520 s.
  3. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri.- Naxçıvan: Əcəmi NPB, 2008.- 91 s.
  4. Bağırzadə, Cavid Vəkil oğlu. Gəncə şəhəri müstəqillik dövründə / C. V. Bağırzadə ; elmi red. E. Ə. Aslanova ; Gəncə Dövlət Universiteti. - Bakı : Elm və təhsil, 2014. - 66 s.
  5. Quliyeva, Ulduz İsmixan qızı. Azərbaycan Respublikasının beynəlxalq iqtisadi-mədəni əlaqələrində Sumqayıtın rolu: 1991-2005-ci illər : monoqrafiya / U. İ. Quliyeva ; elmi red., ön sözün müəl. H. C. Əlibəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Elm və təhsil, 2017. - 344 s.