Neft sənayesinin görkəmli nümayəndəsi, iri neft sahibkarı, xeyriyyəçi Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olub. O, uzun müddət malakeşlik etmiş, araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdu.
1870-ci ildən Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərdən birində fəhləlik etmişdir. Martov adlı bir sahibkar M.Muxtarovdakı iradəni görüb ona mехаniki аlət və neftqazma dəzgahların sirrini öyrədir. Qısa bir zamanda onu usta təyin edir. Qocalan sahibkar öz şəxsi emalatxanasını ona satır.
1890-cı ildə Murtuza Muxtarov öz emalatxanasını genişləndirir və bir çox ölkələrlə əməkdaşlıq etməyə başlayır.
M.Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. O, 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O, bu ixtirasına “Bakı qazma sistemi” adını verir. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini dərindən bilən sahibkar kimi tanınmışdı.
Əsasını 1891-ci ildə qoyduğu “Muxtarov M.” şirkəti neft sənayesi üçün texniki avadanlıq buraxır və neft quyulan qazmaqla məşğul olurdu.
Onun başqa bir ixtirası 1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru idi. Bu “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında mühüm rol oynamışdır. Sabunçu, Bibiheybet və Suraxanıda özünün mexaniki zavodları və neft mədənləri vardı. M.Muxtarovun Bibiheybətdəki qazma avadanlığı zavodu Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. O, təkcə Bakıda deyil, Maykop və Qroznıda da neft mədən sahiblərilə müqavilə bağlayıb, quyu qazırdı. Onun “Muxtarov M.” şirkəti 1906-cı ildən “Qazma işləri sahibkarları sindikatının”, “Neft quyuları qazan Bakı podratçılar cəmiyyətinin”, 1917-ci ildən isə “Podrat qazıma şirkətləri ittifaqı”nın əsas iştirakçılarından olmuşdur. 1913-cü ildə Muxtarovun müəssisələri daha da genişləndi, Suraxanıda onun üçüncü zavodu fəaliyyətə başladı. Elə həmin il şirkət səhmdar cəmiyyətinə çevrilmişdi və 4 milyon manat əsas kapitalı vardı. 1916-cı ildən cəmiyyətin səhmlərinin əksəriyyəti Petroqraddakı Azov-Don bankının əlinə keçdi və idarəsi Bakıdan Petroqrada köçürüldü. Muxtarov 1914-cü ildə Bakı Tacir Bankının yaradılmasında iştirak etmişdi.
Vladiqafqazda qoşa minarəli, qoşa eyvanlı məscid, Əmircanda eyni memarlıq üslubunda məscid (1910), habelə məktəb inşa etdirmişdi. Mərdəkanda salınan (1890) ilk bağlardan biri (sahəsi 8 hektar) Muxtarova məxsus idi.
Muxtarov geniş xeyriyyəçilik fəaliyyəti göstərmiş, ictimai binaların, məktəblərin inşasına heç zaman vəsaitini əsirgəməmişdi. O, “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin işində fəal iştirak etmişdi. Bakıda və ətraf kəndlərdə, Rusiya və Avropanın bir sıra şəhərlərindəki çoxlu binalar onun adı ilə bağlıdır. Həyat yoldaşı Liza xanım Muxtarova ilə Avropa səyahətində olarkən Venesiyadakı binaların memarlığına valeh olmuş, Bakıda bir il ərzində (1911-1912) onlara oxşar saray tikdirmişdi. Memar İ.K.Ploşkonun layihəsi əsasında fransız qotikası üslubunda tikilmiş bu mülk indi onun adına olan küçədəki “Səadət” sarayının binasıdır. Muxtarov, demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, idarə heyətlərinin üzvü olmuş, mətbuata, maarif və mədəniyyətə, incəsənət xadimlərinə qayğı ilə yanaşmış, maddi və mənəvi yardım göstərmişdir. O, məşhur aktyor Hüseyn Ərəblinskinin müalicə xərclərini öz üzərinə götürmüş, Saratovda küçələrdə mahnı oxuyan azərbaycanlı qızın musiqi təhsili almasına yardım göstərmiş, onu konservatoriyaya apararaq vokal şöbəsinə daxil olmasına kömək etmiş, həmçinin soyadını ona verərək, qızlığa götürmüşdür (həmin qız sonralar məşhur opera müğənnisi, xalq artisti, 1938-53 illə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fatma Muxtarova idi). “Səadət” xeyriyyə cəmiyyəti üçün məktəb binasını da Muxtarov tikdirmişdi. 1908-ci il iyunun 3-dən fəaliyyətə başlamış “Tərəqqi” qəzeti “İrşad” mətbəəsində Muxtarovun pulu ilə çap edilirdi. Bir müddət sonra Muxtarov “İrşad” mətbəəsini satın alıb, daimi istifadə üçün Haşım bəyVəzirovun sərəncamına vermişdir. Muxtarov İran inqilabçılarına (Səttarxan hərəkatı) da pul və silahla kömək etmişdi.
Abşeronun dəniz sahilində mayak qülləsi (1913), Mardəkanın Pirhəsən pirində Axund Mirzə Əbu Turabın qəbri üstündə günbəz, Kislovodskda (Şimali Qafqaz), İtaliyanın Florensiya şəhərində bir çox yaraşıqlı binalar Muxtarovun vəsaiti ilə tikilmişdi.
Aprel işğalının (1920) ilk “talan həftəsi” günlərində Muxtarov mənzilinə basqın etmiş silahlı hərbçilərdən birini, sonra isə özünü güllə ilə vurmuşdu. İşğaldan sonra “Muxtarov M.” şirkətinin müəssisələri milliləşdirilmişdi.
Tövsiyə edilən ədəbiyyat: