Tarixdən səhifələr

Qafqaz müsəlmanlarının Bakı qurultayı

Fevral inqilabından sonra Azərbaycanda bütün siyasi partiyalar leqal fəaliyyətə keçdilər, yeni siyasi partiyalar («Türk ədəmi mərkəziyyət», «İrşad») yarandı. Lakin inqilabın ilk günlərində bu partiyaların heç biri təkbaşına milli hərəkata rəhbərlik etmək iqtidarında deyildi. Odur ki, bütün milli - siyasi qüvvələri bir mərkəzdən idarə etmək məqsədi ilə 1917-ci il martın 29-da Bakıda və digər qəza şəhərlərində şöbələri olan müsəlman ictimai təşkilatlarının müvəqqəti şurası - Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı. Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Nərimanov, Ə.B.Əmircanov, M.Ə.Rəsulzadə, M.Əsədullayev, Y.Əliyev, M.Çıxanov, M.A.Ağaəlizadə, B.X.Cavanşir, İ.B.Qəbulov, M.H.Hacınski, İ. Heydərov, S. Axundov, A.Tağıyev Komitəyə üzv seçildilər. M.H.Hacınski sədr, M.Ə.Rəsulzadə isə onun müavini seçildi.

Yeni inqilabi şəraitdə milli hərəkatın məqsəd və istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda («İsmailiyyə» binasıında) keçirilmiş Qafqaz müsəlmanları qurultayında atıldı.

Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda müxtəlif ictimai təşkilatlardan 300-dən artıq nümayəndə iştirak edirdi. Qurultay Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsinin sədri M.H.Hacınski tərəfindən təntənəli surətdə açıldı. Ə.M.Topçubaşov, N.Nərimanov, İ.B.Heydərov, N.b.Yusifbəyli, F.X.Xoyski və M.H.Hacınski rəyasət heyətinə, M.Ə.Rəsulzadə, İ.Kabulov, M.M.Axundov, M.Mahmudov, H. Ağayev və M. Mirmehdiyev katibliyə seçildilər.

Qurultayın sədri seçilən Ə.Topçubaşov açılış mərasimində Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırdı. Bakı İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri V.İ.Frolov, Bakı şəhər rəisi Y.N.Smimov, qubernator P.F.İlyuşkin, polyak təşkilatlarından S.A.Vonsoviç, yəhudi icması adından M.Y.Şor çıxış edərək, azad Rusiyanın bütün xalqlarının həmrəyliyi fikrini müdafiə etdilər.

Qurultaydakı məruzələri sistemləşdirmək, həmçinin siyasi, təşkilati, dini, məktəb işləri üzrə və milli fond yaradılması məqsədilə beş komissiya təşkil olundu: siyasi (sədr M.Ə.Rəsulzadə), təşkilati (sədr Ə.M.Topçubaşov), dini (sədr Ə. Rəfıbəyov), məktəb işləri üzrə (sədr F. Köçərli) və milli fond yaradılması ilə əlaqədar (sədr Ə. Əmircanov). Kəndli və fəhlə məsələləri üzrə komissiya da təşkil olundu ki buna X. Sultanov rəhbərdik edirdi.

Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə M.Ə.Rəsulzadə məruzə etdi. O, bildirdi ki, Rusiya kimi geniş əraziyə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi xalqların azad birgə yaşayışı baxımından məqbul deyildir. Məruzənin əsasında milli müqəddəratın azad surətdə təyin olunması hüququ dayanırdı.

Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri, o cümlədən bolşeviklər ərazi muxtariyyəti ideyasına qarşı çıxdılar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini, sosialist yönümlü qüvvələr, o cümlədən boşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırdılar. Üzun sürən müzakirələrdən sonra qurultay M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi. Qətnamədə deyilirdi: “Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən yaxşı forma kimi tanınsın ”.

Qurultay Müvəqqəti hökumətə, müharibəyə və Rusiyanın digər xalqlarına münasibət məsələlərini də müzakirə etdi. Müharibəyə münasibət məsələsinə dair qərarda Rusiya demokratlarının müharibəni ilhaqsız və təzminatsız sülhlə qurtarmaq tələbinə qoşulmaq nəzərdə tutulur, həmçinin, ümumi demokratik idealların birgə heyata keçirilməsi üçün Rusiyanın bütün digər xalqları ilə yaxınlaşmağın vacibliyi qeyd edilirdi.

Qurultay Qafqazda qadınların vəziyyəti haqqında məsələni də müzakirə etdi. Siyasi komissiya öz qətnaməsində müsəlman qadınlara kişilərlə bərabər siyasi və iqtisadi hüquqlar verilməsinin zəruri sayıldığı bəyan edildi. Beləliklə, bu qətnaməyə əsasən qadınlar ictimai həyatın bütün sahələrində kişilərlə bərabər hüquq qazanmış oldular.

Qurultayın gündəliyində fəhlə və torpaq haqqında məsələlər də var idi. Lakin bu mə¬sələlərin həlli Müəssisələr Məclisi çağırılana qədər təxirə salındı.

Bakı qurultayında müzakirə edilən son məsələ kütləvi təhsil haqqında idi. Əhalisinin əksəriyyətinin savadsız olduğu Qafqaz üçün bu qərarın böyük əhəmiyyəti var idi. Maarifçi-pedaqoq M.Ə.Əfəndiyevin məruzəsi üzrə «Türk dilində ümumi məcburi və pulsuz təhsilin zəruriliyi haqqında» qətnamədə müəllim kadrları hazırlamaq üçün seminariya və universitet açılması nəzərdə tutulurdu.

Qurultay M.C.Yusifzadənin dini işlər üzrə ayrıca məruzəsini dinlədi. Məruzədə dini sahədə əsas qaydalar müəyyənləşdirilir, şiə və sünni dini idarələrinin vahid orqanda birləşdirilməsi, vahid dini təhsil müəssisələrinin yaradılması təklif edilirdi. Qurultayda sünni və şiə məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul olundu.

Qurultay eyni zamanda Qafqazda xüsusi milli komitələrin təşkili və onların müsəlmanlar hesabına genişləndirilməsi, müsəlman əhalisinin siyahıya alınması və gözlənilən təhlükə ilə əlaqədar onun hərbi potensialının öyrənilməsinin zəruriliyini də qeyd etdi.

Bütün qarşıya qoyulan məsələlərin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün milli fond yaradıldı. Fondun hesabına 50 min manat məbləğində pul köçürən ilk milyonçu H.Z.Tağıyev oldu ki, onun çıxışını qurultay gurultulu alqışlarla qarşıladı. Qurultay iştirakçılarından milli fonda pul köçürənlərin siyahısı milli mətbuatda dərc olundu ki, bu işin nə dərəcədə şəffaf təşkil olunmasına əyani sübutdur.

Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynadı, onların milli hərəkatının gücləndirilməsi yollarını müəyyənləşdirdi. Qafqaz müsəlmanlarının Bakı qurultayında irəli sürülən prinsiplər sonralar Azərbaycan milli partiyaları və siyasətçilərinin fəaliyyətinin əsasında durdu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Мәммәдзадә, Мирзә Бала. Милли Азәрбајҹан һәрәкаты / М. Б. Мәммәдзадә ; ред. Һ. Һаҹыјев. - Бакы : Ниҹат, 1992. - 246 с.
  2. Сүлејманова, Севда Јунис гызы. Азәрбајҹанда иҹтимаи-сијаси һәрәкәт : XIX јүзиллијин сону - XX јүзиллијин әввәлләри / С. Ј. Сүлејманова ; елми ред.: С. Т. Гәндилов, С. С. Әлијарлы. - Бакы : Азәрбајҹан Дөвләт Китаб Палатасы, 1999. - 422 с.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə / red. heyəti: Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. I cild. - Bakı : Lider nəşriyyat, 2004. - 440 s.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə / red. heyəti Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov. II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s.
  5. Азәрбајҹан тарихи : 7 ҹилддә / АМЕА А.А. Бакыханов адына Тарих Институту. - ISBN 5-8066-1305-4. V ҹилд : 1900-27 апрел 1920 / мәс’ул ред. М. Ә. Исмајылов [et al.]. - Бакы : Елм, 2001. - 672 с.