1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan edib. Bu günün təsis edilməsində məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.
1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Dünya ictimaiyyəti tərəfindən qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü kompyuter sistemləri və şəbəkələrində informasiyanın etibarlı mühafizəsi, aparat və proqram vasitələri istehsalçılarının və istifadəçilərinin diqqətinin təhlükəsizlik problemlərinə yönəldilməsi, bu sahədə tədbirlərin həyata keçirilməsi və s. məqsədlərə xidmət edir. İnformasiya təhlükəsizliyi məsələləri Azərbaycanın dövlətinin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biridir. Bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdəndir.
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib və beynəlxalq konvensiyaya qoşulub. İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə alimlərin, o cümlədən də bu sahədə yüksək ixitisaslı kadrların yetişdirilməsi məsələlərinə son illərdə xüsusi diqqət yetirilir.
Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Belə layihələrdən biri kimi də UNESCO-nun dəstəyi ilə Azərbaycanda həyata keçirilən “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramını (IFAP) qeyd etmək olar.
Ölkəmizdə uğur qazanmış digər - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mərkəzləri, Müəllif Hüquqları Agentliyinin “Rəqəmli hüquqları idarəetmə sistemi”, Mədəniyyət Nazirliyinin Milli Kitabxana-İnformasiya Mərkəzi “Azlibnet” layihəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Şəbəkə” xidmət mərkəzləri, Data Mərkəzi kimi layihələr bu sahədə həyata keçirilən işlərin nəticəsi kimi qəbul oluna bilər.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, habelə informasiya sahələrində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Ölkəmizin informasiya sahəsində təhlükəsizliyin təmin olunması üçün informasiyanın, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem inkişaf etdirilir və daha da möhkəmləndirilir. Son illərdə bu istiqamətdə atılan mühüm addımlar müsbət effektini verməkdədir.
2004-cü il dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev dövlət orqanları üçün internet şəbəkəsi seqmentini yaratmaq və dövlət orqanlarında informasiya təhlükəsizliyini təmin etmək məqsədilə fərman imzalayıb. Fərmana uyğun olaraq bütün dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsı, internetdən istifadəsi və həmin şəbəkədə informasiyanın yerləşdirilməsini yalnız Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının dövlət orqanları üçün internet şəbəkəsi seqmenti vasitəsilə həyata keçirməsi nəzərdə tutulmuşdur.
Fərmana uyğun olaraq dövlət informasiya ehtiyatları üçün xüsusi domen zonası yaradılıb. Belə ki, bu domen zonasının ayrıca kod altında dövlət qurumlarına ayrılması dövlət qurumlarına aid domen adlarının müxtəlif adlarla nəzarətsiz, pərakəndə qeydiyyatını sona çatdırıb, təhlükəsizliyi artırılıb və standartlara uyğun “gov.az” rəsmi dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınmasına imkan yaradılıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur.
Azərbaycan Respublikası kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq Konvesiyaya 30 sentyabr 2009-cu ildə qoşulmuşdur. Kibercinayət haqqında Konvensiya (Budapeşt, 23 noyabr 2001-ci il) 44 ölkə tərəfindən ratifikasiya edilmişdir.
Digər dövlətlər kimi, Azərbaycan Respublikası da kibercinayətkarlıqla mübarizə ilə bağlı həm universal, həm də regional əməkdaşlıq çərçivəsində beynəlxalq hüquqi normaların milli qanunvericiliyə implementasiyası ilə bağlı zəruri tədbirlər görmüşdür. Azərbaycan Respublikası 2008-ci ildə bu konvensiyaya qoşulması haqqında Avropa Şurasında, Strasburqda sənəd imzalamışdır. Konvensiya 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 bəyanat və 4 qeyd-şərt ilə təsdiq olunmuşdur.
Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası” təsdiq edilmişdir.
Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələyə çevrilmişdir. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir. Son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə (dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda olan məlumatların həyat boyu proseslərinə, həmin proseslər üçün istifadə olunan maddi və qeyri-maddi obyektlərə və onlar arasında əlaqələrə) qarşı texnoloji cəhətdən çoxşaxəli hücumlar genişlənməkdədir.
Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşmışdır.
Bu gün ölkəmizdə dövlət, hökumət orqanlarının informasiya təhlükəsizliyinin təminatını Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2021-ci il fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir. İnanırıq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkəmizin, qüdrətli dövlətimizin informasiya təhlükəsizliyinin etibarlı təminatı prosesinə bundan sonra da mühüm töhfələr verəcək.
Tövsiyə edilən ədəbiyyat: