Tarixdən səhifələr

Beynəlxalq Kino Günü

Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur.

Kino sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" (lat. Laterna magica) ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi.

1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu.

Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi.

İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir.

Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır. Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi.

Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi.

Filmlər yarandığı ilk zamanlardan səssiz nümayiş etdirilmişlər. 1 noyabr 1895-ci ildə Skladovski qardaşları Berlinin klublarının birində düzəldikləri bioskop ilə 15 dəqiqəlik səssiz film nümayiş etdirirlər. Eyni vaxtda fransalı Lümyer qardaşları öz kinomoqraf (bu şəkil çəkən, köçürən və çalan qurğulardan ibarət idi) qurğusu ilə səssiz film göstərirlər.

Skladovski qardaşlarından fərqli olaraq Lümyer qardaşları öz filmlərinin 22 mart 1895-ci ildə olan nümayişinə cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələrini də dəvət etmişdirlər. 28-i dekabr 1895-ci ildə Parisdə filmin prezentasiyası baş tutur. Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” qısametrajlı filmin pullu nümayişini təşkil ediblər. Məhz bu tarixi hadisə “Beynəlxalq Kino günü”nün əsasında durur.

Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət olub.

XX əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb və 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

Ötən əsrin 70-80-ci illərində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, nüfuzlu əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi film, “Mozalan” satirik jurnalının 96 nömrəsi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur.

Müstəqillik illərində milli kinomuza xüsusi diqqətin yönəldilməsi də məhz Ümummilli liderin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il avqustun 19-da “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 22 dekabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu günü kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Hazırda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Bundan əlavə, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsinə öz töhfəsini verir.

Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”.


Tövsiyə edilən ədəbiyyat:

  1. Dadaşov, Aydın Ərşad oğlu. Dünya kinosu örnəklər kontekstində : monoqrafiya / A. Ə. Dadaşov ; elmi red. V. Qafarov ; red.: G. Qafarova, K. Yusifova ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 688 s.
  2. Kazımzadə, Aydın Ələsgər oğlu. Kino və zaman : 1923-2016 / A. Ə. Kazımzadə ; red. G. İsmayıloğlu ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 784 s.
  3. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kino salnaməsi : 1898-2018: 2 cilddə / A. Ə. Kazımzadə ; elmi red. C. Quliyev ; bur. məsul R. Salmanov ; red.: L. Vəzirzadə [et al.] ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu. I cild : Bədii, televiziya bədii, animasiya filmləri və "Mozalan" satirik kinojurnalının bədii süjetləri. - Bakı : Şərq-Qərb, 2020. - 768 s.
  4. Quliyeva, Ulduzə Qara qızı. Azərbaycan filmlərinin yaranma tarixindən / U. Q. Quliyeva ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. I kitab / elmi red. H. M. Ömərova ; red. M. Bəyişli. - Bakı : "E.L." NPŞ MMC, 2006. - 688 s.