Tarixdən səhifələr

"Şərqi-rus" - XX əsrdə Tiflisdə çap olunan ilk Azərbaycan dilli qəzet

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları mətbuata olan ehtiyacın artdığını görərək ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin  çar hökuməti Azərbaycan mətbuatının da inkişafına mane olurdu.

1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə azərbaycanlı oxucuların yeganə anadilli mətbu orqanı “Kəşkül” qəzetinin nəşri dayandırılandan sonra dövrün ziyalıları Azərbaycan dilində yeni bir qəzet çıxarmaq üçün çalışırlar. Ancaq heç bir nəticə hasil olmur. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi. Bu təşəbbüsdə olanlardan biri də Məmmədağa Şahtaxtlı idi.

1902-ci ildə  Məmmədağa Şahtaxtlı xaricdən Rusiyaya qayıtdıqdan sonra qəzet çıxarmaq istəyində olmuş, bu istiqamətdə Çar Rusiyasının inzibati idarələri ilə yazışmalar aparmışdı. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçmüş və mətbə təşkil etmişdir.

Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək yeni qəzet açmaq niyyətilə hökumətə ərizə verir və bu istəyinə cavab olaraq Çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir. “Şərqi-rus” qəzetin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə Məmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə işıq üzü görüb. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü ilin iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi.

"Şərqi-rus" qəzetində redaktorluğu dövrü M.Şahtaxtlının həyatının və yaradıcılığının çox mühüm və maraqlı çağlarıdır. O, qəzetdə Qəzetnəvis”, rus mətbuatında isə “Mexmet bey” imzası ilə yazılar çap etdirirdi. Onun “Şərqi-rus”da çap olunan 50-dən artıq məqaləsində cəmiyyətdəki mədəni gerilik, avamlıq, dini fanatizm, mövhumatçılıq, qadın əsarəti ustalıqla damğalanırdı.

“Şərqi-rus”un ilk nəşri 1500 nüsxə olmuş, sonradan abunəçilərinin sayının artması səbəbindən nüsxələrinin sayı getdikcə çoxalmışdır. Qəzetə Orenburq, Simbirsk, Yalta, İrkutsk və digər şəhərlərdən daim müxbir məktubları göndərilərək çap olunurdu.

XX əsrin əvvəllərində Azərbaycan dilində ilk mətbuat orqanı olan “Şərqi-rus”un nəşrə başlaması təkcə Qafqazda deyil, Rusiya müsəlmanları arasında, hətta İsveçrə, Fransa, Bolqarıstan, İran, Türkiyə və başqa ölkələrdə tanınması, ona marağı daha da artırdı. Paris, Cenevrə, Bağdad, İstanbul, Tehran, Varna kimi şəhərlərdə qəzetin fəal müxbirlər şəbəkəsi yaranmağa başladı.

“Şərqi-rus” sürətlə yayılaraq özünə hər yerdə pərəstişkarlar qazanırdı. Burada Azərbaycan mədəniyyəti, rus mədəniyyəti, fransız elminin nailiyyətləri və mədəniyyəti ilə oxucular yaxından tanış olurdular. Fransanın qüdrətli söz ustalarından Volter, Didro, Monteskye və digər maarifçilərin, Avropa fəlsəfi fikrinin qabaqcıl nümunələri qəzetdə dərc edilərək xalqa çatdırılırdı.

Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi-rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi.

"Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.

1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı olmuşdur, 1904-cü ilin 23 noyabrında M.Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar inanıb etibar etdiyi C.Məmmədquluzadəni öz yerinə müvəqqəti redaktor təyin etmiş və görkəmli ədibimiz qəzet bağlanana qədər, yəni 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) bu vəzifəni icra etmişdir.

Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü.

Azərbaycan milli mətbuatı tarixində “Əkinçi” ənənələrini davam etdirən “Şərqi-rus” qəzeti “Molla Nəsrəddin” jurnalının yaranması üçün münbit şərait yaratdı. Beləliklə, XX əsrin əvvəlində ilk milli mətbuat orqanı olan bu qəzet Azərbaycan yazıçı və ziyalılarının fikir mübadiləsinin mərkəzi və yaradıcılıqlarına istiqamət verən bir vasitə oldu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Zeynalzadə, Ağarəfi. Azərbaycan mətbuatı və çar senzurası : 1850-1905 / A. Zeynalzadə ; elmi red. Ə. M. Mirəhmədov ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm, 2006. - 328 s.
  2. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı ; red. A. Bayramoğlu. I hissə : 1875-1920. - Bakı : Elm və təhsil, 2009. - 296 s.
  3. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı. II hissə : 1920-1990 / elmi red. C. Məmmədli. - Bakı : Elm və təhsil, 2010. - 227 s.
  4. Qasımova, Amalya Nəbi qızı. XX əsrin əvvəllərində Şimali Azərbaycan mətbuatında qadın problemləri : 1901-1917 / A. N. Qasımova ; elmi red.: D. B. Seyidzadə, H. N. Həsənov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Adiloğlu, 2010. - 168 s.
  5. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.
  6. Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920 = Historical Gems of Azerbaijani Press : 1875-1920. - Bakı : Şərq-Qərb, 2020. - 160 s.