Aqillər kitabı bilik, zəka, idrak mənbəyi, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Mənəvi həyatımızın tarixi ən qədim dövrlərdən başlayaraq kitabla sıx bağlı olub və məhz onun ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək təkmilləşib, formalaşıb. Daş kitabələr, gil lövhələr, papiruslar, perqamentlər, yeni müasir kitabların ulu əcdadları, antik dünya mədəniyyətinin mənəvi sərvətidir.
Müəlliflik hüququ ilk dəfə XVII əsrin əvvəllərində İngiltərədə tətbiq edilib və bu hüququn beynəlxalq aləmə gerçək çıxışı isə XIX yüzillikdə başlanıb. Müəllif hüquqları haqqında ilk qanun 1710-cu il aprelin 10-da İngiltərədə qəbul edilmiş Şahzadə Annanın nizamnaməsi (Statue of Anne) sayılır. Müəlliflik hüququ və kitabın dünyadakı müasir nüfuzu cəmiyyətin intellektuallaşmasında və mədəniyyətin zənginləşməsindəki rolu ilə izah edilir. Müəllif hüquqlarının qorunması və idarə edilməsi ilə dünya miqyasında iki böyük beynəlxalq təşkilat məşğul olur. Bunlardan biri 160-a yaxın üzvü olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, digəri isə UNESCO-nun 80-dən artıq üzvü olan “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasıdır. UNESCO 25 oktyabr-16 noyabr 1995-ci ildə Parisdə keçirilmiş 28-ci sessiyada 23 apreli Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edib.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Kitab günü kimi 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün dünya ədəbiyyatında simvolik tarix hesab olunur. Belə ki, 23 aprel Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso de la Veqa kimi dünya şöhrətli yazıçıların ölüm günüdür. Hər il UNESCO baş qərargahında və dünyanın müxtəlif ölkələrində nəşriyyatların, kitabxanaların, kitab evlərinin və aidiyyəti qurumların iştirakı ilə bu əlamətdar günə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.
1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olan Azərbaycan bu sahədəki əlaqələri getdikcə artırır. 2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına (1999), “ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyasına (2001), “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında” Roma Konvensiyasına (2005), “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi”nə (2005) və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ifalar və fonoqramlara dair Müqaviləsi”nə (2005) qoşulub.
3 mart 2006-cı ildə Bakıda imzalanmış və Azərbaycan Respublikasının 30 may 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı” əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə böyük təsir göstərib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli Fərmanı müəllif hüquqları sahəsində uğurlu və sistemli tədbirlərin həyata keçirilməsini, bu sahədə yeniliklərə yollar açılmasını stimullaşdıran ən vacib sənədlərdəndir.
Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.
2021-ci ilin aprel ayında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını və bununla bağlı digər məsələləri həyata keçirir.
23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” nün ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrilmişdir və bu münasibətlə hər il Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabın insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Tövsiyə edilən ədəbiyyat: