Tarixdən səhifələr

Beynəlxalq Tolerantlıq günü

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür.

Latın sözü olan “tolerancia”nın mənası dözümlülük deməkdir. Ancaq tolerantlığın mahiyyəti və izahı ilə bağlı müxtəlif variantlar mövcuddur. Tolerantlıq haqda fikirlərin yaranmasının hüquqi əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil edir. Həmin bəyannamədə göstərilir ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir"; "insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır". Tolerantlıq sahəsində ilk beynəlxalq hüquqi sənəd BMT Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul edilən “Din və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Bəyannamə” hesab edilir. Tolerantlığa aid ən mükəmməl sənəd UNESCO Baş Məclisinin 16 noyabr 1995-ci ildə qəbul etdiyi “Tolerantlıq prinsipləri haqqında Bəyannamə”dir. Bəyannamənin 6-cı maddəsinə qeyd edilmişdir ki, hər il noyabrın 16-sı dözümlülüyə həsr olunmuş Beynəlxalq gün kimi təntənəli qeyd edilsin.

Azərbaycan tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin tarixi kökü çox qədim dövrlərə qədər uzanır, çünki qədimdən bu torpaqlarda təşəkkül tapmış xalqlar dil, din, mədəniyyət fərqlərinə baxmadan birgə, dostluq və qardaşlıq şəraitində yaşamışdır. Qədim və müasir tariximizin bütün dövrlərində əsrlərdən bəri formalaşan multikulturalizm və birgəyaşayış ənənələri mövcud olmuşdur.

Bu bir gerçəklikdir ki, bu gün ölkəmizin bütün regionlarında mədəni müxtəliflik həyat tərzinə çevrilmişdir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilmişdir. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.

Ümummilli liderin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Böyük İpək yolu üzərində, mədəniyyətlərin qovuşduğu yerdə təşəkkül tapmış Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkə olduğunu bildirməklə, ölkəmizdə bütün xalqların bərabər hüquqlara malik olduğunun təsdiqidir.

Ümummilli lider dövlət-din münasibətlərinə dair mövqeyini açıqlayarkən dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi təqdim etmişdir. Bu mənada “Dini etiqad azadlığı haqqında” Qanuna zamanın tələbi olaraq, bir sıra əlavə və dəyişikliklərin edilməsi, tolerantlıq və dini dözümlülüyün möhkəmlənməsinə yönələn qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, Azərbaycanda və ümumilikdə, regionda ilk dəfə 1999-cu ildən etibarən 16 noyabrın “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd edilməsi məhz Ümummilli liderin təşəbbüsü ilə olmuşdur.

Ölkə başçısı İlham Əliyev tolerantlığın və multikulturalizmin dövlət siyasətinə və cəmiyyətin həyat tərzinə çevrildiyinə xüsusi önəm verir: “Tolerantlıq artıq ölkəmizin vizit kartına çevrilib. Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir”. 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Prezident İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətə bununla bağlı mühüm mesajlar çatdırmışdır. Onun  müvafiq fərmanları əsasında ölkəmizdə məhz dini, milli və multikultural məsələlərə daha diqqətlə yanaşmaq və bu istiqamətdə sistemli siyasət həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidməti, daha sonra isə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji, mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunun göstəricisidir.

Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri vardır. Mehriban xanım Əliyeva Azərbaycan reallıqlarını, ənənələrini, multikulturalizmi, tolerantlıq mədəniyyətini hər zaman daxildə və ölkə xaricində beynəlxalq konfranslarda, tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırır, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verir və milli mədəniyyətimizin təbliğində böyük işlər görür. Mehriban xanım Əliyeva respublikamızın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu belə ifadə etmişdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir.

Azərbaycan Respublikası nəinki Qafqazda, hətta bütün dünyada xalqların, millətlərin birgəyaşayış nümunəsi kimi tanınır. Bütün digər millətlərin və milli azlıqların nümayəndələri hər yerdə, hər bir işdə azərbaycanlılarla çiyin-çiyinədir – həm sevinci, həm də ağrını-acını qardaşcasına bölüşürlər. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi dövründə onlar Vətən uğrunda azərbaycanlılarla yanaşı, erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparmış, şəhidlik zirvəsinə yüksəlmiş və qazi olmuşlar.

Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Tolerantlıq baxımından örnək bir dövlət kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün dinlərə etiqad edənlərin azad yaşadığı bir dövlətdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. İsmayılov, Gündüz Kamil oğlu. Tolerantlıq : bildiklərimiz və bilmədiklərimiz / G. K. İsmayılov ; ön sözün müəl. M. Q. Qurbanlı ; red. N. Məmmədov. - Bakı : Nurlar NPM, 2014. - 240 s.
  2. Azərbaycan - tolerantlıq məkanı = Azerbaijan - the Land of Tolerance = Азербайджан - страна толерантности. - Bakı : n. y., 2011. - 399 s.
  3. Hüseynov, Sakit Yəhya oğlu. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik : monoqrafiya / S. Y. Hüseynov ; elmi red. A. Əlizadə. - Bakı : Təknur MMC, 2012. - 176 s.
  4. Azərbaycanda tolerantlıq ənənəsi / Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ; red. N. Məmmədov. - Bakı : Nurlar NPM, 2015. - 160 s.
  5. Hüseynov, Sakit Yəhya oğlu. Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu / S. Y. Hüseynov ; elmi red. İ. Məmmədzadə ; AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu. - Bakı : Tuna, 2023. - 277 s.