Nərimanov Nəriman Nəcəf oğlu 1870-ci il aprelin14-də Tiflisin məşhur Şeytanbazar məhəlləsində anadan olmuşdur. Atası Kərbəlayi Nəcəf dindar idi, xırda ticarətlə məşğul olurdu. Nəriman ailədə 9 uşağın sonbeşiyi idi.
Tiflisdəki altısinifli ruhani məktəbində təhsil almışdır. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra, Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur. 1891-ci ildə Bakıya gələrək müəllimlik fəaliyyətinə başlamışdır. 1894-cü ildə Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil etmişdir.
Mütəmadi olaraq publisistik məqalələrlə çıxış etmiş, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır. Onun “Nadanlıq”, “Dilin bəlası”, yaxud “Şamdan bəy”, “Bahadır və Sona”, “Nadir şah” əsərləri bütün Azərbaycanda geniş yayılmışdır. Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə verilmişdir. Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edirdi.
N. Nərimanov 1896-cı ildən etibarən Bakı realnı məktəbində dərs demiş, 1902-ci ildə ekstern yolu ilə imtahan verərək Bakı kişi gimnaziyasının attestatını almışdır. Elə həmin ildə o, Odessa şəhərindəki Novorossiysk İmperator Universitetinə daxil olmuşdur.
N.Nərimanov siyasi fəaliyyətə Odessada tələbə hərəkatında başlamışdır. Çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıtmış, sosial-demokrat "Hümmət” təşkilatına daxil olmuşdur. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyasının əsasını qoyanlardan biri olmuşdur. 1906-cı ildən başlayaraq mətbuatdakı çıxışları mədəni- maarif problemləri ilə yanaşı, açıq siyasi məzmun daşımışdır. "İrşad" və "Həyat" qəzetlərində silsilə məqalələr dərc etdirmişdir.
1906-cı ilin avqust ayında Bakıda keçirilən Qafqaz müsəlman müəllimlərinin Birinci Qurultayının təsis komissiyasına sədrlik etmişdir.
N.Nərimanov 1906-cı ilin dekabrında təhsilini başa vurmaq üçün Odessaya qayıtmışdır. 1908-ci ildə universiteti bitirib Bakıya gəlmiş şəhər xəstəxanasında işləmişdir. 1909-cu ilin əvvəlində Tiflisə köçən N.Nərimanov "Mücahid" təşkilatının üzvü olması və İran inqilabçılarına yardım göstərməsi ilə bağlı həbs edilmişdir. 6 ay həbsxanada saxlanıldıqdan sonra o, Həştərxana sürgün edilmişdir. Burada həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, mədəni-kütləvi tədbirlərdə iştirak etmiş, inqilabi fəaliyyətini davam etdirmişdir. Həştərxan Xalq Universitetinin sədri seçilən Nərimanov, həmçinin şəhər dumasının üzvü olmuşdur.
1913-cü ildə Həştərxandan Bakıya qayıtmış, həkimliklə bərabər, "Nicat" cəmiyyətində fəaliyyət göstərmişdir.
1915-ci ilin yayında Bakıda Gülsüm xanım Mirzə Kazım qızı Əliyeva (Nərimanova) ilə ailə həyatı qurmuşdur.
N.Nərimanov 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasının üzvü seçilmişdir.
1918-ci ilin martında şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunan N.Nərimanov, türk-müsəlman əhaliyə qarşı Bakı Sovetinin daşnak-bolşevik rəhbərliyinin həyata keçirdiyi milli düşmənçilik siyasətinin qarşısını almağa çalışmışdır.
1918-cilin iyununda xəstəliyi ilə əlaqədar Həştəxana aparılmışdır. O, bir müddət sonra Həştərxan İcraiyyə Komitəsi maarif şöbəsinin müdiri olmuşdur. 1919-cu ilin yanvarında Həştərxanda Zaqafqaziya Müsəlmanlarının İşləri üzrə Komissarlığın sədri seçilmişdir.
1919-cu ilin avqust ayında Rusiya Xalq Xarici İşlər Komissarlığında Yaxın müsəlman Şərqi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 4 noyabr 1919-cu ildə Rusiya Xalq Komissarların Sovetinin qərarı xalq komissarının millətlər məsələləri üzrə müavini təyin edilmişdir.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik qüvvələri tərəfindən süqut etdirilən zaman N.Nərimanov Həştərxanda idi və qiyabi olaraq Azərbaycan Xalq Komissarları Sovetinin sədri və xarici işlər komissarı təsdiq edilmişdi. Yalnız repressiyaların birinci dalğası başa çatdıqdan sonra o, mayın 16-da Bakıya gələ bilmişdi.
O, Xalq Cümhuriyyəti dövründə təhsil üçün Avropa ölkələrinə göndərilən tələbələrə dövlət tərəfindən maddi yardımın verilməsinin təmin edilməsi üçün xüsusi qərar imzalamışdır.
N.Nərimanov 1920-ci ilin sentyabrında Bakıda çağırılan Şərq xalqlarının 1-ci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak etmişdir. 1921-ci ilin mayında 1-ci Ümumazərbaycan Sovetlər qurultayını, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyasında Nərimanov başda olmaqla, Azərbaycan SSR hökumətini təşkil etmişdir.
Nərimanov Atatürkə və türk xalqının istiqlal savaşına dərin rəğbət bəsləmiş, əlindən gələn yardımı göstərmişdir. 1921-ci ildə Nərimanovun səyi ilə imzalanan Qars müqaviləsinə əsasən, Naxçıvana olan təzyiqlər aradan qaldırılmış və bunun qarantı kimi Türkiyə çıxış etmişdir.
Azərbaycan-türk dilinə dövlət statusunun verilməsini, dinə toxunmamağı, mədəni-maarif işlərinin keçirilməsini, milli ziyalıların qorunmasını tələb edən Nərimanov, getdikcə daha artıq dərəcədə Moskvanın və onun Azərbaycandakı əlaltılarının təzyiqi ilə üzləşirdi.
1922-ci ilin martında N.Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri seçilmişdir.
1922-ci ilin dekabrında keçirilən 1-ci Sovetlər Qurultayında Zaqafqaziyadan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir.
1925-ci ildə N.Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd olunmuşdur. Martın 19-da axşam müəmmalı şəkildə qəflətən vəfat edən N.Nərimanovun zəhərləndirilərək öldürülməsi fikri geniş yayılmışdır. Onun dəfn günü - martın 23-ü bütün SSRİ-də matəm günü elan edilmişdir. Nərimanov Moskvada, Qızıl Meydanda Kreml divarı yanında dəfn olunmuşdur.
N. Nərimanovun layiqli qiyməti yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra verilmişdir. 1972-ci ildə Bakıda Nəriman Nərimanovun möhtəşəm abidəsi ucaldıldı. Onun haqqında kitablar çap olunmağa başlandı, “Mosfilm” kinostudiyasında “Ulduzlar sönmür” filmi çəkildi.
Nəriman Nərimanovun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi və dövlət xadimi, maarifpərvər şəxs, yazıçı, publisist, həkim kimi həkk edilmişdir.
Tövsiyə edilən ədəbiyyat: