Tarixdən səhifələr

Yazıçı, publisist, Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğlu

Səməd Əhməd bəy oğlu Ağaoğlu 1909-cu iI aprelin 23-də Bakıda anadan olub, bir neçə aylıq körpə ikən ailəsi Türkiyəyə köçüb. O, ilk təhsilini İstanbulda, Fevziyyə məktəbində almışdı. Sonra ailənin ölkənin yeni paytaxtı elan olunmuş paytaxt Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxumuşdu. Özünü ədəbiyyata, bədii yaradıcılığa həsr etmək qərarına gəlsə də, atasının təkidi ilə Ankara Universitetinin Hüquq Fakültəsinin tələbəsi olmuş (1926-1931) və ali təhsilini uğurla başa çatdırmışdı. Magistr dərəcəsi almaq üçün Strasburq Universitetinə daxil olsa da, təhsilini tamamlaya bilməmişdi. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmiş, sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir.

O, 1939-cu ilə qədər bədii əsərlər yazsa da, heç bir şey üzə çıxarmamışdı. Yazı həyatının birinci mərhələsində daha çox publisist və araşdırmaçı kimi çıxış etmişdi. Həmin dövrdə onun “Türkiyədə kiçik sənət məsələləri” (1939), “Türkiyədə ış hüququ tarixi” (Səlahəddin Xudayoğlu ilə birlikdə, 1939), “Türkiyənin iqtisadi təşkilatında iş odaları, ticarət odaları və ticarət borsaları” (1943), “Qüvveyı-milliyyə ruhu” (1944), “Türkiyədə suçlu çocuqlar” (bacısı Tezer Taşqıranla birlikdə, 1947), “İki partiya arasında siyasi fərqlər” (1947) kimi broşüra və kitabları çap olunmuşdu. Ciddi tədqiqatın nəticəsi olan bu əsərlər bir tərəfdən Səməd Ağaoğlunun iqtisadiyyat və hüquq sahəsindəki dərin biliklərini əks etdirir, o bırı tərəfdən isə onun ədəbı-siyasi memuarlarındakı elmı-tarıxi təhlillərin mənbəyini aşkara çıxarmağa imkan verir.

S.Ağaoğlu 1946-cı ilin iyul ayında Demokrat Partiyasına üzv oludu. Demokrat Partiyasının qurucuları sırasında yer almışdı. 1950-ci ildə təmsilçisi olduğu bu siyasi qüvvənin iqtidara gəlməsi nəticəsində Adnan Menderesin rəhbərlik etdiyi hökumət kabinəsində Baş nazir müavini (1950-1952), sənaye naziri (1952-1954), ticarət naziri (1954-1958) kimi mühüm vəzifələr tutmuşdu. 1950,1954 və 1957-ci illərdə üç dəfə Manisa vilayətindən Türkiyə Böyük Millət Məclisinə vəkil seçilmişdi.

1960-cı il 27 may hərbi çevrilişi nəticəsində Menderes hökuməti devrildi. Həbs olunanlar arasında Səməd Ağaoğlu da var idi. Dörd ay sonra, sentyabrın 14-də başlanan məhkəmə, Baş nazir Adnan Menderesi, xarici işlər naziri Fatin Rüşdü Zorlunu və maliyyə naziri Həsən Polatkanı dar ağacından asılmaqla edam cəzasına məhkum etdi. Əvvəlcə haqqında ölüm hökmü istənən Səməd Ağaoğlu, sonda ömürlük həbsə məhkum edildi. Yastı ada, İmralı, Kayseri kimi ünlü türk həbsxanalarında məhkumluq həyatı yaşamışdı. Amma bu məhrumiyyət illərində də nə ideyalarından, nə də yaradıcılığından ayrılmışdı. 1964-cü ildə çıxan xüsusi əfv nəticəsində yenidən azadlığa qovuşdu.

S.Ağaoğlu 1966-cı ilin 13 avqustunda həyat yoldaşıyla birlikdə SSRİ-yə səfər edib. İki ay ərzində onlar SSRİ-nin bir çox yerlərində, eləcə də, Azərbaycanda olublar. S.Ağaoğlu Bakıda və Şuşadakı qohumları ilə görüşüb. 1967-ci ildə səfər təəssüratlarını ehtiva edən “Sovet Rusiya İmperatorluğu” adlı kitabı nəşr edilib.

Səməd bəy həbsdən çıxdıqdan sonra ədəbiyyatla məşğul olub, xatirələrini yazıb. Ümumiyyətlə, çağdaş türk nəsrində ilk dəfə Səməd Ağaoğlu öz ədəbi istedadı və fitri müşahidəçilik qabiliyyəti sayəsində bədiiliklə memuar ədəbiyyatının ünsürlərini sintez etmiş, bır sıra orijinal, yaddaqalan nəsr nümunələri yaratmışdır. Onun müxtəlif illərdə qələmə aldığı “Atamdan xatirələr” (1940), “Atamın dostları” (1957), “Tanış üzlər” (1965), “Dostum Menderes” (1967), “Mərmərədə bir ada” (1972), “İlk mərhələ” (1978), “Həyat bir macəradır” (1981) kımı kitabları müasir Türkiyədə memuar janrının örnək əsərləri sayılır. Çünki bu əsərlərdə ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti fonunda bütöv bir dövrün siyasi, mənəvi, ədəbi, intellektual mənzərələri yaradılmışdır. Onun cəlbedici üslubda yazılmış memuarları Türkiyənin təxminən son yüz ildəki siyasi, mənəvi, əxlaqi və fikri inkişaf tarixinə ədalət və obyektivlik mövqeyindən işıq salmaqdadır.

Səməd Əhməd bəy oğlu Ağaoğlu 6 avqust 1982-ci ildə Türkiyədə vəfat edib.


Tövsiyə edilən ədəbiyyat:

  1. Ağaoğlu, Səməd Əhməd bəy oğlu. Atamın dostları : [memuar] / S. Ə. Ağaoğlu ; tərc., şərhlərin müəl. V. M. Quliyev ; red. G. Nəsib ; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. - 376 s.
  2. Ağayev, Səməd Əhməd oğlu. Hekayələr, memuarlar / S. Ə. Ağayev ; tərt. V. M. Quliyev ; red. A. H. Rüstəmli. - Bakı : Ozan, 2008. - 352 s.
  3. Əhməd, Dilqəm. Mühacirlərin dönüşü : yeni fotolar və sənədlər / D. Əhməd ; red. Ə. Ş. Tahirzadə. I cild. - II nəşri. - Bakı : TEAS Press, 2017. - 140 s.