Tarixdən səhifələr

General Kərim Kərimov

Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi olan Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakıda mühəndis-texnoloq ailəsində anadan olub. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində xidmət edib.  Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z.Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olub. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin üzvü olub. Babasının himayədarlığı ilə  K. Kərimov 5 yaşında olarkən Təzə Pir məscidinin nəzdində açılan mədrəsədə ərəb dilini və Qurani-Kərimi öyrənir. Mədrəsəni bitirdikdən sonra orta təhsilini Bakıda 8 saylı (hazırda General Kərim Kərimovun adını daşıyır) orta məktəbdə alır.  1934-cü ildə orta məktəbi bitirən Kərim Kərimov 1936-cı ildə Moskvaya gedir və Novoçerkaskdakı Sənaye İnstitutunun  “Elektromexanika” fakültəsinə qəbul olur. Birinci kursda oxuduğu zaman orta məktəbdə təhsil aldığı sinif yoldaşı Zərifə xanım Hənəfiyeva ilə ailə qurur. 22 yanvar 1937-ci ildə qızı dünyaya gəlir və qızına anası Sürəyya xanımın adını qoyur. 1939-cu ildə təhsilini Bakıda Sənaye İnstitutunda davam etdirərək 1941-ci ildə elektromexanika üzrə mühəndis ixtisasına yiyələnir. Həyat yoldaşı isə Sənaye İnstitutunun kimya fakültəsində təhsilini başa vurur.

İkinci Dünya müharibəsi zamanı radiomühəndislərə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə F.Dzerjinski adına Artilleriya Akademiyasına birbaşa beşinci kursa qəbul edilir. 1943-cü ildə bu təhsil müəssisəsini topçu mühəndis kimi başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilir. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olur və bu sahədə səmərəli fəaliyyət göstərir. 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov Stalinin göstərişi ilə  bir qrup mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniyaya - Nordhauzen şəhərinə ezam olunur. K.Kərimov burada “Fau-2” ballistik raketlər üzərində işləyərək, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində mühüm işlər görür. 30 yaşı tamam olmayan, lakin SSRİ  Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olaraq çalışan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə Dövlət Komissiyasının iclasında o zaman üçün unikal radioteleölçü - “Don” sistemini yaradır. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə xidmət etmişdir. K.Kərimovun bu zəhməti yüksək qiymətləndirilərək 1950-ci ildə  Stalin mükafatına (SSRİ Dövlət mükafatı laureatı) layiq görülür.

Baykonur kosmodromunun (1955-ci il) təməli qoyulan gündən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Kərim Kərimov kosmodromda çalışmağa başlayıb. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində böyük rolu olan Kərim Kərimov bu tarixi uçuşu həyata keçirənlərin təltifolunma mərasimində “Lenin” ordeni və vaxtından əvvəl general-mayor rütbəsinə layiq görülür.

1965-ci ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə qalmaqla yanaşı, yeni yaradılan Mülki Ümumi Maşınqayırma Nazirliyində Baş Kosmos İdarəsinin rəisi vəzifəsinə keçirilir və nazirliyin kollegiya üzvü olur.

1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri olan, kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən Kərim Kərimov 1967-ci ilin oktyabrında orbitə ilk dəfə iki pilotsuz kosmik aparatın (“Kosmos-186” və “Kosmos-188”) göndərilməsində xüsusi xidmətinə görə  general-leytenant rütbəsinə layiq görülür. General Kərim Kərimovun rəhbərlik etdiyi  komissiyanın  tərkibi 50 nəfərdən ibarət olub. Buraya  SSRİ-nin  müdafiə naziri, o cümlədən 7 nazir, digər mühüm komitə və struktur rəhbərləri daxil idi.

1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdı. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” (1987) stansiyasının adlarını çəkmək olar. 1991-ci ildə 74 yaşında istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməyib. Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur.

1979-cu ildə general Kərim Kərimov kosmik tədqiqatlar sahəsindəki uğurlarına görə ikinci dəfə SSRİ Dövlət mükafatına, 1987-ci ildə isə ikinci dəfə Lenin ordeninə, Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Bir çox medallarla təltif olunan general Kərim Kərimov Rusiya prezidenti Vladimir Putin tərəfindən "Vətən qarşısında xidmətlərinə görə" ordeninə layiq görülmüşdür.

Bütün həyat və fəaliyyəti Moskva ilə bağlı olmasına baxmayaraq, general Kərim Kərimov doğma Azərbaycanı heç zaman unutmamış, onun inkişafı ilə maraqlanmış, uğurlarına sevinmişdir. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı. Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq K.Ə.Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçmişdir.

Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyev öz fərmanı ilə K. Kərimovu Azərbaycan Respublikasının "Şöhrət" Ordeni ilə təltif etmişdir.

Kərim Kərimov “Kosmosa yol” avtobioqrafik kitabın müəllifidir.

General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nikolski, Andrey. Kosmik səfərlər xeyir-duaçısı general Kərim Kərimov /A.Nikolski; Tərcümə ed. və işləyəni. V.Həbiboğlu; Red. T.Muxtarova. - Bakı: Gənclik, 1991. - 48 s.
  2. Şıxlar, Hacı Niftalı. Bizim əfsanəvi kosmos generalımız : [Kərim Kərimov] / N. Şıxlar ; red. R. B. Əsgərov. - Yenidən işlənilmiş nəşr. - Bakı : Müəllim, 2020. - 88 s.
  3. Керимов, Керим Али-Аббас оглу. Дорога в космос: /записки председателя Государственной комиссии СССР по пилотируемым космическим полетам /К. Керимов ; ред. А. Мехтиев ; Институт Стратегических Исследований Кавказа (ISSC). - Стокгольм: CA&CC Press, 2009. - 431 с.