Tarixdən səhifələr

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.

Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və şəhid olmuşdur.

Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir.

Mübariz İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini əbədiləşdirilərək Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə və rayonun mərkəzi küçələrdən birinə Mübariz İbrahimovun adı verilmişdir.

Mübariz İbrahimovun oxuduğu orta məktəbdə xatirə muzeyi yaradılıb. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. “Palmali” şirkətinin Türkiyədə hazırlatdığı tanker onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb.

İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun həlak olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Qəhrəman: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov /red. C. Cavanşir ; naşir M. Xan ; dizayn F. İlham. - Bakı: Mücrü, 2022. - 88 s.
  2. Leman, Feride. Mübarizim bir dünya: Azerbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov /F. Leman ; çev. prof. dr. T. Abbashanlı-Aliyeva ; edt. M. Kubat. - Eskişehir: Özkağıtçılık, 2015. - 113 s.
  3. Mübariz, Məryəm. (Şahverdiyeva Məryəm Bəşir qızı). Xalqın Mübariz oğlu /M. Mübariz ; məsləhətçi F. Qoca ; red. Ə. Şahverdiyev. - Bakı: Təknur, 2011. - 103 s.