Rusiyanın Cənubi Qafqazda işğalçılıq siyasətini həyata keçirməsi məqsədilə apardığı müharibələr nəticəsində imzalanan Gülüstan müqaviləsindən (1813) sonrakı dövrdə Rusiya-Qacarlar dövləti arasında münasibətlərin kəskinləşməsi yeni müharibəyə gətirib çıxardı. 1826-cı ilin iyulunda Qacarlar dövlətinin ordusu Arazı keçərək, Şuşanı mühasirəyə aldı, lakin səhər təslim olmadı. İyulun 26-da Salyan tutuldu. Sentyabr ayınadək Talış, Şirvan, Şəki, Qarabağ əyalətləri və Yelizavetpol (Gəncə) dairəsi ələ keçirildi. Bundan sonra Rusiya əks tədbirlər gördü, Şəmkir, Gəncə və başqa döyüşlərdə qələbə çaldı, itirilən mövqelər geri qaytarıldı. 1827 ilin fevralınadək ciddi döyüşlər baş vermədi.
Müharibə ilə əlaqədar Rusiyanın 1826-cı il sentyabrın 16-da elan etdiyi “Bəyannamə”də gələcək sülh müqaviləsinin əsas müddəaları ümumi şəkildə şərh olunmuşdu.
Sülh haqqında ilkin danışıqlara Qacarlar dövləti tərəfindən cəhdlər bir nəticə verməmişdi. Buna görə də rus qoşunları yeni hücuma başlamış, 1827-ci il iyunun 26-da Naxçıvan tutulmuş, iyulun 7-də Abbasabad qalası təslim olmuşdu. İyulda danışıqlar yenidən başlanmışdı. Osmanlı dövləti ilə müharibə təhlükəsi artdığına görə, Rusiya sülh bağlanmasını sürətləndirməyə can atırdı. Lakin bu niyyətdən bir nəticə hasil olmadığına görə, Qafqaz ordusunun yeni baş komandanı İ.F.Paskeviç 1827-ci il oktyabrın 1-də İrəvanı tutdu. 1826-cı ilin sonunda Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları həmin istiqamətdə hücumu genişləndirdilər. 1827-ci il oktyabrın 13-də Təbriz tutuldu. 1827-ci il noyabrında Dehqarqanda yenidən danışıqlar başladı.
Təzminat məsələsində bəzi ciddi narazılıqlar 1828-ci il yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Buna görə də rus qoşunları yenidən hücuma keçməklə, Qacarlar dövlətinə təzyiqi gücləndirdilər. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Bu vəziyyət müqavilə bağlanmasını sürətləndirdi. 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Miyanə şəhərindən 33 km. şimal-qərbdə olan Türkmənçay kəndində müqavilə imzalandı.
Müqavilə 16 maddədən ibarət idi. 1-ci maddədə tərəflər arasında “bundan sonra əbədi sülh, dostluq və tam razılıq” olacağı bildirilirdi; 2-ci maddə Gülüstan müqaviləsi üzrə qarşılıqlı təəhhüdlərin başa çatdığını və onun Türkmənçay müqaviləsilə əvəz olunduğunu təsdiq edirdi; 3-cü maddə ilə Qacarlar dövləti, İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə getdiyini etiraf edirdi; 4-cü maddə sərhədləri müəyyənləşdirirdi: “Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütüm adaların... Rusiya imperiyasına məxsus olduğu tanındı. Müqaviləyə görə, Rusiyaya iyirmi milyon gümüş manat təzminat verilməli idi (6-cı maddə). Gülüstan müqaviləsində olduğu kımi yenə də Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi (8-cı maddə). 12-15-ci maddələr ermənilərin Azərbaycan xanlıqlarının ərazilərinə köçürülməsinə, onlara tanınan imtiyazlara, əsirlərin qaytarılması və başqa məsələlərə həsr edilmişdi.
Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqlarına köçdülər. Həm 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-Qacarlar dövləti müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-Qacarlar dövləti müharibəsinin gedişində Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə, ermənilərin maneəsiz olaraq Cənubi Azərbaycan ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. İki il ərzində, 1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40 mindən çox Cənubi Azərbaycan və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Gəncə, Qarabağ və İrəvan xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı.
Türkmənçay sülh müqaviləsi Rusiyanın Qafqazdakı strateji mövqeyini möhkəmləndirdi, onun qonşu ölkələrdə siyasi və iqtisadi təsirinin daha da genişlənməsinə zəmin yaratdı. Şimali Azərbaycan ərazisi tamamilə Rusiyanın tabeçiliyinə keçdi.
Tövsiyə edilən ədəbiyyat: