Tarixdən səhifələr

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)

Rusiyada Fevral inqilabı nəticəsində çarizmin devrilməsi Cənubi Azərbaycana da böyük ümidlər gətirdi. İran irticasının dayağı olan çarizmin süqutu geniş xalq kütləsi və demokratik qüvvələr tərəfindən Tehran hakimiyyətinin yerlərdə o cümlədən Cənubi Azərbaycanda zəifləməsi kimi qəbul edildi.

Əhalinin çıxışlarına İran Demokrat Partiyasının (İDP) Azərbaycan Əyalət Komitəsi istiqamət verirdi. Komitəyə İran məşrutə inqilabının (1905-11) səngərlərində mətinləşmiş Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. Sərabda, Ərdəbildə. Zəncanda, Urmiyada İDP-nin yerli komitələri yaradılmışdı. İDP Azərbaycan Əyalət Komitəsinin mətbu orqanı - “Təcəddüd” qəzeti nəşr olunmağa başladı. Qəzetin ilk nömrəsi 1917-ci il aprelin 9-da çıxdı. Demokratlar əhalini xarici işğalçıların ölkədən qovulması və Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizəyə çağırırdılar.

1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin Azərbaycan Əyalət Komitəsinin konfransı açıldı. Konfransda Cənubi Azərbaycanın müxtəlif vilayətlərindən 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Firqəsini (ADF) müstəqil elan edərək, Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. 1917-ci ilin yayından sonra ADF- nin fəaliyyətində yeni mərhələ başlandı.

Cənubi Azərbaycanda baş verən və İranın başqa yerlərində də genişlənən çıxışlar nəticəsində 1917-ci ilin sonunda Vüsuqüddövlə hökuməti istefa verdi. Lakin ölkədə ingilislərin nüfuzu hələ də qalırdı. 1918-ci ilin əvvəllərində Rusiya öz qoşunlarını İrandan çıxartdı. İngiltərə isə İrandan qonşu dövlətlərə qarşı müdaxilə üçün hücum meydanı kimi istifadə etməyi planlaşdırırdı. 1918-ci ilin yanvarında ingilislər general Denstervilin komandanlığı altında İrana xüsusi hərbi dəstə göndərdilər.

Bu dəstə Ənzəlini və Rəşti, sonra isə Bakını işğal etməli idi. 1918-ci ilin yazınadək ingilislər Zəncan və Miyanəni işğal etdilər. Onlar Türkiyə “təhlükəsini” bəhanə edərək Cənubi Azərbaycanın şəhərlərini, o cümlədən Xoy və Urmiyanı ələ keçirib, orada ingilis zabitlərinin komandanlığı altında polis və qoşun dəstələri yaratdılar. Eyni zamanda, açıq ingilispərəst siyasət yürüdən Vüsuqüddövlə yenidən hakimiyyətə qaytarıldı. Cənubi Azərbaycanın şimal-qərbində keçmiş rus və fransız zabitlərinin, Amerika missionerlərinin təhriki ilə aysorlar, ermənilər və kürdlər azərbaycanlılara qarşı qırğınlar törədirdilər. ADF Cənubi Azərbaycanda işğalçılıq siyasəti yeridən ingilislərə qarşı başlanmış çıxışlara istiqamət verir, fitnəkar qırğınların qarşısını almaq üçün ciddi tədbirlər görürdü.

1918-ci ilin əvvəllərində Türkiyə hərbi hissələrinin Cənubi Azərbaycana daxil olması bu qırğınların qarşısını aldı. Onlar mart ayında Maku xanlığını, mayda Urmiya və Səlması, bir qədər sonra Təbrizi tutdular və 1918-ci il noyabrın sonunadək əyalətdə qaldılar. Türklər 1918-ci ilin noyabrında qoşunlarını buradan çıxardıqdan sonra, ingilislər İranın şimal-qərbini əllərinə keçirdilər. 1919-cu il avqustun 9-da ingilislərin İran hökuməti ilə bağladığı saziş isə Cənubi Azərbaycanda genişlənən milli azadlıq hərəkatının yeni pilləyə qalxmasına təkan verdi, əyalətdə ingilislər və şah hökumətinə qarşı mübarizə şiddətləndi.

1919-cu il oktyabrın sonlarında baş vermiş üsyan nəticəsində İran valisi Təbrizdən qovuldu. Çıxışlar 1920-ci ilin əvvəllərinədək davam etdi. 1920-ci ilin mart ayında İngiltərənin İrandakı siyasətinə qarşı izdihamlı nümayiş keçirildi. Təbrizdəki ingilis komandanlığı nümayişçilərin tələbi ilə hərbi hissələri Təbrizdən çıxartdı.
1920-ci il aprelin ilk günlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi üsyanın başlamasına təkan verdi. Aprelin 7-nə keçən gecəni “Təcəddüd” qəzetinin yerləşdiyi redaksiya binasında keçirən ADF rəhbərliyi silahlı üsyan planını hazırladı. Üsyanın başlaması ilə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatı yeni mərhələyə daxil oldu. Hərəkat silahlı üsyan xarakteri aldı. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) təşkil olundu. Heyətə Ş.M.Xiyabani başçılıq edirdi. İİH-nin rəhbərliyi altında üsyançılar iki gün müddətində, demək olar ki, bütün dövlət idarələrini ələ keçirdilər. Silahlı üsyan qan tökülmədən qələbə çaldı.

İİH milli azadlıq və demokratik hüquqlar uğrunda mübarizə apardığını Təbrizdəki xarici dövlət konsulluqlarına rəsmən bildirdi. Ş.M.Xiyabaninin təklifi ilə Azərbaycan adı “Azadıstan”la əvəz olundu.

Təbrizdə başlamış üsyan tədricən Cənubi Azərbaycanın başqa mahal və şəhərlərini də əhatə edirdi. Bu hərəkatların çoxuna, bir qayda olaraq, ADF-nin yerli təşkilatları başçılıq edirdi. Artıq 1920-ci ilin iyun ayının əvvəllərinə doğru üsyan Cənubi Azərbaycan çərçivəsində geniş bir ərazini – Zəncan, Marağa, Əhər, Xoy, Ərdəbil və s. əhatə edirdi.

1920-ci il iyunun 23-də ADF-nin qərarı ilə İİH əsasında yaradılmış Milli Hökumət (MH) “Təcəddüd” qəzeti redaksiyası binasından Alaqapıya köçürüldü. Bu hadisə Təbriz əhalisinin ümumi bayramına çevrildi. MH-nin tələbi ilə vali Eynüddövlə və onun məmurları Təbrizdən çıxarıldı. MH-nin tərkibinə ADF-nin üzvlərindən 20 nəfər daxil idi. Üzvlər içərisində orta və xırda mülkədarların, ziyalıların, qulluqçuların, həmçinin iri ticarət burjuaziyasının nümayəndələri də vardı.

Milli Hökumətin yeritdiyi siyasət İranın Cənubi Azərbaycana münasibətdə yürütdüyü ayrı-seçkiliyə qarşı yönəlmişdi və bu siyasətin məqsədi yaradılacaq demokratik İranın tərkibində Azərbaycana muxtariyyət əldə etmək idi.

Milli hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və s. sahələrdə islahatlar və başqa tədbirlər həyata keçirməyə başladı. Milli müdafiə qüvvələrinin təşkili üçün də layihə hazırlandı. Bu layihəyə əsasən şəhər əhalisindən və Təbrizə gəlmiş kəndlilərdən gələcəkdə ümumi sayı 12 minə çatdırılacaq qoşun hissəsi – milli qvardiyanın yaradılmasına başlanıldı. Hökumət şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil edərək nizam-intizam yaratdı. Bu qüvvələr Milli hökumətin əsas dayağı idi.

Milli hökumətin mühüm sahələr – maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. üzrə idarə və nazirlikləri yaradılmışdı. Əhalinin savadlanmasına xüsusi diqqət yetirilir, şəhər və kəndlərdə pulsuz məktəblər açılırdı. Təbrizdə pulsuz qız məktəbinin təşkili bütün İran üçün nadir hadisə oldu. İdarə və müəssisələrdə “Azadıstan” adı yazılmış yeni lövhələr vurulsa da, onların üzərində İran dövlətinin gerbi saxlanılmışdı.

Cənubi Azərbaycandakı milli azadlıq və demokratik hərəkat İngiltərənin İrandakı nümayəndələrini və onlarla əlbir olan İranın mərkəzi hökumətini son dərəcə narahat edirdi. İngilislər özləri üçün “təhlükəli” hesab etdikləri Cənubi Azərbaycandakı hərəkata qarşı yeni planlar cızmağa başladılar.

Danışıqlarla üsyançılara təsir edə bilməyəcəyini görən İranın yeni baş naziri Müşirüddövlə üsyançılara qarşı yeni hücum hazırladı. Bu məqsədlə yeni vali Hidayət Müxbirüssəltənə 1920-ci ilin sentyabr ayının ilk günlərində Təbrizə gəldi. Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniyə çatdırıb, onunla danışığa başladı.

Danışıqlar davam etdiyi müddətdə o, Təbrizin kənarında düşərgə salmış kazak briqadasının komandanlığını öz tərəfinə çəkərək şəhərə birgə hücum planını hazırladı.

Başqa yerlərdən Təbrizə əlavə süvari dəstələri də çağırıldı. Eyni zamanda Müxbirüssəltənə MH-nin silahlı qüvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstəsinin rəhbəri Mir Hüseyn Haşimini ələ aldı. Haşimi ətrafdakı quldur dəstələrini məhv etmək bəhanəsilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxartdı.

Sentyabrın 12-də əksinqilabi qüvvələr sübh çağı üsyançılar üzərinə hücuma keçdilər.

Ciddi müqavimətə baxmayaraq, əksinqilabi qüvvələr sentyabrın 12-də Alaqapını ələ keçirdilər, sentyabrın 14-də isə “Təcəddüd” qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Müxbirüssəltənə kazaklara demokratların evlərini qarət və talan etməyə icazə verdi. Sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani öldürüldü. İrticaçılar üsyançılara amansız divan tutdular. Onların evləri yandırıldı, yüzlərlə üsyançı həbs, edam və ya sürgün edildi. Beləliklə, Cənubi Azərbaycandakı hərəkat ingilis qüvvələrının bilavasitə köməyi ilə İran irticası tərəfindən yatırıldı.

Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə baş vermiş milli-azadlıq hərəkatı Cənubi Azərbaycanda, ümumiyyətlə İranda yaşayan xalqların tarixində parlaq səhifədir.

Hərəkat məğlubiyyətə uğrasa da, azərbaycanlıların İranda hökm sürən imperialist ağalığına, irtica özbaşınalığına qarşı mübarizəsi tarixinə qızıl hərflərlə yazıldı.


Tövsiyə edilən ədəbiyyat:


Atabəyi, Turac. Azərbaycan : etnik mənsubiyyəti və İranda qüdrət uğrunda mübarizəsi / T. Atabəyi ; tərc. N. E. Mədətli ; elmi red. Y. M. Mahmudlu. - Bakı : Təhsil, 2002. - 248 s.

Azadlıq uğrunda mübarizə tariximizdən : Xiyabani hərəkatı-90: [məqalələr toplusu] / AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu ; elmi red. Ə. R. Rəhimli ; red. E. F. Məmmədova. - Bakı : Bakı Çap Evi, 2011. - 232 s.

Rəhimli, Əkrəm Rəhim oğlu. Cənubi Azərbaycan : düşüncələr, problemlər: [məqalələr] / Ə. R. Rəhimli ; elmi red. S. Z. Bayramzadə ; red. İ. Qəribli. - Bakı : Nurlar NPM, 2017. - 400 s.

Mədətli, Eynulla Yadulla oğlu. İranda Azərbaycan tarixi məsələləri : monoqrafiya / E. Y. Mədətli ; elmi red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Turxan NPB, 2020. - 508 s.