Tarixdən səhifələr

Görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağayev (Ağaoğlu)

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşada anadan olmuşdur. O, türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq idi. Qarabağ xanı Pənahəli хаnın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almış, Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olub, lakin təhsilini yarımçıq qoyaraq 1888-ci ildə Parisə getmiş və orada hüquq məktəbini, sonra isə Sarbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

1894-cü ildə vətənə qayıdan Əhməd bəy Ağayev Azərbaycan dilində “Məşriq” qəzetini çıxarmaq üçün hökumətdən icazə istəsə də, rədd cavabı almışdır. 1896-cı ildə Şuşaya gedərək, realnı məktəbdə fransız dilindən dərs demiş, qiraətxana-kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir. 1897-ci ildə məşhur milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələrək, realnı məktəbdə fransız dili müəllimi işləmiş, “Kaspi” qəzetində əməkdaşlıq etmiş, Əlimərdan bəy Topçubaşovun redaktorluğu (1898-1907) dövründə qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur.

Məhəmməd ağa Şahtaxtlının Tiflisdə nəşr etdirdiyi “Şərqi-Rus” qəzetində, habelə Kəlkətə (Kəlküttə) və Qahirə mətbuatında da məqalələri dərc olunmuşdur. O, “Nicat”, “Nəşri-maarif’, “Səadət” kimi xeyriyyə cəmiyyətlərinin təşkilində və fəaliyyətində də yaxından iştirak etmişdir. 1905-ci ilin iyunundan Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynamış “Həyat” qəzetinin redaktoru idi. 1905-ci il dekabrın 19-dan “İrşad” qəzetini, 1907-ci ildə isə, eyni zamanda, rus dilində “Proqress” qəzetini nəşr etdirmişdir. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini çıxarmağa başlamış və Türkiyəyə gedənə qədər (1909) onun naşiri olmuşdur.

Əhməd bəy Ağayev 1905-ci ildə erməni-daşnak quldurlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni-daşnakların iç üzünü açıb göstərirdi. O, Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə əlaqədar 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı “barışdırıcı qurultay”da Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə Bakı şəhərinin ali sosial təbəqələrinin nümayəndəsi kimi iştirak edərək, Azərbaycan tərəfinin proqramını bəyan etmişdi.

Əhməd bəy Ağayev Azərbaycan xalqının hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə “Difai” partiyasını yaratmışdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbuluna getmişdi. Əhməd bəy Ağayevin bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılmışdır.

Təqiblər üzündən 1909-cu ildə Türkiyəyə mühacirət edən Əhməd bəy Ağayev burada “Gənc türklər”lə yaxınlaşmış, “İttihad və tərəqqi” partiyasına daxil olmuşdu. O, elmi, ictimai və publisistik fəaliyyətini davam etdirərək, “Tərcümani-həqiqət” qəzetinin redaktoru, “Türk yurdu’’jurnalının yaradıcılarından olmuş, türkçülük hərəkatının əsas ideoloqlarından biri kimi, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Sübhi və başqaları ilə çiyin-çiyinə çalışmış, Afyon-qarahisardan Osmanlı parlamentinə deputat seçilmişdir. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir.

Əhməd bəy Ağayev 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmişdir.

Əhməd bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdi. 1918-ci ildə general Tomsonla danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibində Ənzəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda “türk jurnalisti və Türkiyə parlamentinin deputatı” kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, “İttihad və tərəqqi” partiyasının rəhbərləri ilə birlikdə Malta adasına sürgün olunmuşdu. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdirilərkən, Ağayev də 26 aylıq sürgündən sonra, 1921-ci il mayın 28-də İstanbula qayıdaraq, yenidən milli hərəkata qoşulmuşdur.

1920-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilən Əhməd bəy Ağayev Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur, Ankara Universitetinin professoru, eyni zamanda, “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru olmuşdur.

Əhməd bəy Ağayev 19 may 1939-cu ildə İstanbulda vəfat etmişdir.
 

Tövsiyə edilən ədəbiyyat:

  1. Akalın, Gülsərən. Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu / G. Akalın ; elmi red. O. Ə. Musayev ; tərc. S. Məmmədova ; Azərbaycanda Atatürk Mərkəzi. - Bakı : AzAtaM, 2004. - 164 s.
  2. Mirəhmədov, Əziz. Əhməd bəy Ağaoğlu: [monoqrafiya] /Ə. Mirəhmədov ; nəşrə haz. və red. D. Ə. Mirəhmədova-Əlizadə. - Bakı: Ərgünəş, 2014. - 264 s.
  3. Ağaoğlu, Səməd Əhmədbəy oğlu. Atamın dostları/S. Ağaoğlu ; turk dil. çevirmə, müqəddimə, şərhlər və bioqrafik məlumat. V. Quliyev. - Bakı: Qanun, 2016. – 311 s.
  4. Balayev, Aydın Hüseynağa oğlu. Əhməd bəy Ağaoğlu /A. Balayev ; red. E. Astanbəyli ; rəssam E. Cabarov. - Bakı: Altun Kitab, 2021. - 160 s.
  5. Quliyev, Vilayət Muxtar oğlu. Atatürk və Əhməd Ağaoğlu /V. Quliyev ; red. və ön söz. müəl. N. Cəfərov ; [dizayn K. İbrahimov] ; Azərb. Atatürk Mərkəzi. - Bakı: Elm və təhsil, 2019. - 202 s.
  6. Mirzəliyev, Tural Elmi oğlu. Əhməd bəy Ağaoğlu: Azərbaycan ədəbi-ictimai fikri Avropaya doğru /T. Mirzəliyev ; red. B. H. Əzizəliyeva [ön söz]. - Bakı: Elm və təhsil, 2019. - 198 s.
  7. Балаев, Айдын Гусейнага оглы. Патриарх тюркизма. Ахмед бек Агаоглу. 1869-1939 /А. Балаев (предисл.) ; науч. ред. Я. Акпынар. - Баку: TEAS Press, [2018]. - 508 с.