Tarixdən səhifələr

Beynəlxalq Əqli Mülkiyyət Günü

26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Bu əlamətdar günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi isə təsadüfi deyil. Belə ki, ÜƏMT-in təsis edilməsi haqqında Konvensiya 1970-ci ilin məhz bu tarixində qüvvəyə minmişdir.

Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur. 2006-cı ildə ÜƏMT ilə Azərbaycan Respublikası arasında Əməkdaşlıq Proqramı imzalanmışdır. 2012-ci ildə Azərbaycanın Əqli mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilmişdir.

Biliklərə əsaslanan XXI əsr iqtisadiyyatında əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. İnkişaf etmiş ölkələrdə artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. Vaxtilə xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilmiş və nəticədə əqli mülkiyyət fenomeni prioritet fəaliyyət və təhlil istiqaməti kimi formalaşmışdır. Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Çünki elm, texnika və mədəniyyətin inkişafı əqli mülkiyyət hüququnun qorunmasından asılıdır. Bu mənada, əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının inkişafı və bu potensialdan səmərəli istifadəyə səbəb olur. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunmaqdadır.

Ölkəmizdə müstəqillik dövründə əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də bu sahənin yeni dünya nizamı tələbləri çərçivəsində qurulduğunu və ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin qeyri-neft sektorunun inkişafına yönəldilən, təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etdiyini görürük. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqeyini möhkəmləndirir və dünya ölkələri sırasında layiqli yerini tutur.

Son illər beynəlxalq fenomenə çevrilmiş əqli mülkiyyət hüquqları sahəsindəki yeni çağırışlarla əlaqədar, Prezident İlham Əliyevin səyi və dəstəyi nəticəsində müvafiq islahatlar aparılır, qanunvericilik və normativ hüquqi baza daha da zənginləşdirilərək daima təkmilləşdirilir. Bu sahədə idarəçiliyin təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə işlər ardıcıl olaraq davam etdirilir. Təbii ki, həyata keçirilən bu məqsədyönlü islahatlar, əqli mülkiyyətin dünya iqtisadiyyatındakı yeni mahiyyətindən irəli gəlir.

Əqli mülkiyyətin sahələri olan ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 22 may 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Zamanla ölkəmizdə yaradıcı fəaliyyətin nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmış, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə inteqrasiya uğurla həyata keçirilmişdir.

2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Agentlik respublika ərazisində əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarını qorumaq, sözügedən sahədə bilikləri və informasiya cəmiyyətinə təsiri artırmaq, əqli mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində mütərəqqi korporativ idarəetmə standartlarını əsas götürərək verilmiş tapşırıqları uğurla icra edir.

Beynəlxalq Əqli Mülkiyyət Gününün elan edilməsi bəşər cəmiyyətinin əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əqli mülkiyyət hüquqları : məqalələr toplusu / Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ; tərt. N. İsayev. - Bakı : Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyi, 2013. - 198 s.
  2. İmanov, Kamran Sultan oğlu. Əqli mülkiyyət və insan hüquqları = Intellectual property and human rights / K. S. İmanov ; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi. - Bakı : Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyi, 2016. - 29 s.
  3. Allahverdiyev, Sabir Salman oğlu. Azərbaycan Respublikasının əqli mülkiyyət hüququ : mülki hüququn yarımsahəsi: dərs vəsaiti / S. S. Allahverdiyev ; elmi red. A. T. Səfərov ; Odlar Yurdu Universiteti. - II nəşr. - Bakı : Hüquq Yayın Evi, 2022. - 456 s.
  4. İmanov, Kamran Sultan oğlu. Əqli mülkiyyət və insan kapitalı / K. S. İmanov. - Bakı : Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyi, 2016. - 23 s.