Tarixdən səhifələr

Qarakənd faciəsi

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. İndiyədək Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Qarakənd faciəsi də belə qanlı tarixi hadisələrdən biridir. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub və növbəti qanlı terror hadisəsi törədilib.

Həmin tarixi dövrə nəzər salsaq görərik ki, 1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın sıxışdırıldığını diqqətə çatdırmaq olmuşdur. Bu səbəbdən də, həmsədrlər razılaşırlar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə, məhz polkovnik Georgi Septa çatdırır.

1991-ci il noyabrın 19-u siyahı tərtib olunur və ilkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil olunur. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam Hava Limanına, hərbi komendanta və Moskvaya göndərilir. Qrupun Qarabağ ərazisindəki fəaliyyətinə isə, üçlük nəzarət edir - Qarabağ təhlükəsizlik idarəsinin rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov.

Hələ 1991-ci ilin yay aylarından başlayaraq Qarabağ və ətraf rayonlarda bütün quru yollar bağlanmışdı. Ermənilər həmin yollara nəzarət edirdilər. Həmin vaxt bölgədə fövqəladə vəziyyət və komendant saatı tətbiq olunmuşdu. Buna baxmayaraq, ermənilər azərbaycanlılar yaşayan kəndlərə gedən yollarda terror aksiyaları həyata keçirir, pusqu qurur, maşınları, avtobusları gülləbaran edirdilər. Bölgədə çox çətin və ziddiyyətli vəziyyət yaranmışdı. İnsanlar fövqəladə vəziyyətə arxayın olsalar da, ermənilər sabitliyi demək olar ki, hər gün pozurdular. Kəndlər bir-bir işğal olunurdu. 1991-ci ilin noyabrın 18-də Xocavənd rayonu işğal edildi. Doğma yurd-yuvasını məcburi tərk etmiş məcburi köçkünlər Ağdam şəhərinə toplaşmışdı. Həmin dövrdə Ağdamda da vəziyyət olduqca gərgin idi. Noyabrın 20-də səhər dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Ağdama gəldilər və kəndlərdən qovulmuş əhali ilə görüş keçirildi. Sonra isə nümayəndə heyəti Xocavənd istiqamətində getmək və hadisələri yerində görmək üçün Ağdam aeroportuna yola düşürlər.

Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotun rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür. Lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb, lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.

Erməni terroru nəticəsində Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, keçmiş SSRİ Xalq deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, vilayət prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, milli təhlükəsizlik idarəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, Azərbaycan televiziyasının əməkdaşları Alı Mustafayev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov, helikopter heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov və Gennadi Yarovenko qətlə yetirildi.

İlkin olaraq, Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edilib.

Bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı məkrli şəkildə hazırlanmış terror aktının tərkib hissələri idi.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Səlimbəyli, Şöhrət Əlvənd oğlu. Terrorizm : qan çilənən torpaqlar / Ş. Ə. Səlimbəyli, M. Dostuyev ; red. Q. Ə. Hacıyev. IV kitab. - Bakı : Avropa nəşriyyatı, 2013. - 504 s.
  2. Ağa Xəlilqızı, Sevinc. Əlvida söyləmədən... : [şeirlər, məqalələr, müsahibələr] / S. Ağa Xəlilqızı ; red. D. Osmanlı. - Bakı : Elm və təhsil, 2020. - 256 s.
  3. Qolts, Tomas. Azərbaycan gündəliyi : dəliqanlı jurnalistin müharibə dağıntıları yaşamış neftlə zəngin postsovet respublikasındakı sərgüzəştləri: [ing. dilindən tərc.] / T. Qolts. - Bakı : TEAS Press, 2019. - 584 s.
  4. Велимамедов Мамед. Карабахская война 1991-1994. - М.: Эдитус, 2021. - 596 с.
  5. Goltz, Thomas. Georgia Diary : a chronicle of war and political chaos in the post-soviet Caucasus / T. Goltz. - New York ; London : M.E. Sharpe, 2006. - 262 p.