Tarixdən səhifələr

Malıbəyli faciəsi

Qarabağın iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində yerləşir. 
1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. 1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı, Mİ-8 vertolyot şəhərə çatmamış, yəni, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladılmış, nəticədə vertolyotda olan 3 nəfər heyət üzvü və 41 sərnişin faciəli şəkildə həlak olmuşlar. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.

Erməni silahlı dəstələri Xocalını işğal etmək üçün, ilk növbədə, Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərini zəbt etməyə qərar vermişdi. 1992-ci il fevralın 10-da erməni silahlı dəstələri Malıbəyli kəndinə 3 tərəfdən hücuma keçdilər. Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərinin 3 minədək əhalisi düşmən əlinə keçməmək üçün ya Xocalıya, ya da Ağdama doğru hərəkət etməli idi. 3 minlik əhalinin salamat çıxarılmasını cəmi 60 nəfər müdafiə edirdi. Ancaq düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüş, Ağbulaq və Pircamal kəndləri yaxınlığındakı zirvələrdə mövqe tutaraq əhalinin keçə biləcəyi yolu nəzarətə götürmüşdü. Hücum zamanı 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirildi, 100-dən çox insan yaralandı və ya əsir götürüldü.

1992-ci il fevralın 11–12-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri erməni silahlı dəstələri tərəfindən tamamilə zəbt olundu. Bu qanlı hadisələr keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirildi. O zaman təcavüzkar erməni silahlı dəstələrinin tərkibində Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilər də qanlı vəhşiliklər törətdilər. Xankəndinin yaxınlığında yerləşən və düşmənə sipər olan bu iki kəndin sakinləri 1988–1992-ci illərdə erməni təcavüzünə qarşı mərdliklə mübarizə apardılar.

Ermənistanın törətdiyi bu qətliam– Malıbəyli faciəsi Xocalı soyqırımına gedən yolun başlanğıcı idi.


Tövsiyə edilən ədəbiyyat:

  1. Hacıyev, İsmayıl Muxtar oğlu. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri : monoqrafiya / İ. M. Hacıyev ; red. F. Y. Səfərli ; rəy.: M. R. Quliyev, H. Cəfərov. - Naxçıvan : Əcəmi NPB, 2012. - 192 s.
  2. Məmmədov, Nazim Rəhbər oğlu. Dağlıq Qarabağ gerçəklikləri : soyqırımı, terror, deportasiya, işğal: XX yüzillik / N. R. Məmmədov ; red. Q. Ə. Hacıyev ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Təhsil, 2009. - 272 s.
  3. Musayev, Talıb Qurban oğlu. Ermənilər və faciələrimiz : XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr / T. Q. Musayev ; red.: Ə. Y. Ələkbərli, M. T. Musayev. - III nəşri. - Bakı : Nurlar NPM, 2008. - 320 s.
  4. Арзуманлы, Вагиф Минад оғлу. Тарихин гара сәһифәләри: Депортасија. Сојгырым. Гачгынлыг : монографија / В. Арзуманлы, Н. Мустафа. - Бакы : Гартал, 1998. - 280 с.