Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını dünya ictimayyətinə çatdırılması idi. Lakin müstəqil dövlətimizin informasiya blokadasına alınması Azərbaycanın öz haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda ciddi problemlər yaratmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra informasiya blokadasını yarmağa, beynəlxaq aləmə inteqrasiya yolunda inamlı addımlar atmağa, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq. Bu, böyük və çətin prosesin ən uğurlu addımı isə ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon Zirvə görüşündə atıldı. Bu sammit Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu hesab edilir.
Lissabon sammitinə qədər – 1994-cü ildə də Ulu öndər Heydər Əliyevin iştirakı ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qərar qəbul olunmuşdu. 1994-cü il dekabrın 4-6-da ATƏM-in (1995-ci il yanvarın 1-dən ATƏM Avropada Təhlükəsizlik və Əmkdaşlıq Təşkilatına çevrildi) Budapeştdə keçirilən sammiti bu təşkilatın üzvü olan dövlətlərin başçılarının dördüncü, Heydər Əliyevin isə iştirakı ilə keçirilən ilk tədbiri idi. Zirvə görüşündə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu qurumun fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdu. ATƏM-ə üzv dövlətlərin başçıları problemin nizamlanmasının mərhələli xarakterini müəyyən edərək, təşkilatın Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdı. Bu saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Budapeşt sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarlar qəbul olundu. Belə qərarlardan biri də münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yaradılması və münaqişəli bölgələrdə yerləşdirilməsi barəsində idi.
Azərbaycanın ATƏT-lə münasibətlərində 1996-cı il dekabrın 2-3-də keçirilən Lissabon (Portuqaliya) sammiti mühüm əhəmiyyət kəsb edir. Avropa dövlətləri, ABŞ, Kanada və Asiya-Afrika dövlətləri başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilən ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı xalqımızın yaddaşında tarixi hadisə kimi qaldı. Qafqaz regionu, xüsusilə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon sammiti Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli oldu.Zirvə görüşündə üç mühüm sənəd (ATƏT-ə üzv ölkələrin Lissabon zirvə görüşünün bəyannaməsi, XXI əsrin Avropası üçün ümumi və hərtərəfli təhlükəsizlik modelinə dair bəyannamə və Avropadakı adi silahlı qüvvələrin məhdudlaşdırılması prosesinin parametrləri və əhatə dairəsi haqqında sənəd) qəbul olunmalı idi. Lakin Zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan biri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddə Ermənistan tərəfinin etirazına səbəb oldu. Ermənistan həmin maddəyə veto qoydu. Azərbaycan Prezidenti Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bildirdi. Aparılmış danışıqlar Azərbaycan Prezidentini mövqeyini dəyişməyə vadar edə bilmədi və ölkəmiz konsensus verməmək hüququndan istifadə edərək sammitin bütün sənədlərinə veto qoydu. Bu isə Lissabon sammitinin nəticəsiz başa çata biləcəyi demək idi. 20-ci maddə Dağlıq Qarabağ münaqişəsinin üç prinsip əsasında həll edilməsinin mümkünlüyünü göstərirdi: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində öz müqəddəratını təyinetmə hüququ əsasında muxtariyyət və özünüidarə statusunun verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Sözügedən prinsiplər ATƏT-in Minsk qrupunun 1996-cı ilin noyabr ayında Helsinkidə keçirilmiş iclasında münaqişənin həlli formulu kimi qəbul olunmuşdu və təxminən eyni layihəni də elə həmin ilin fevralında ATƏT-in fəaliyyətdə olan sədri Flavio Kotti irəli sürmüşdü.
Bütün maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti sona qədər öz prinsiplərinə sadiq qaldı və bir çox dövlət başçıları ilə keçirilmiş görüşlərində də mövqeyini kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edildi. Bəyanatda deyilirdi: "Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər. Onlar aşağıdakılardır: - Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü; - Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını təyin etməyə əsaslanan bir razılaşmada müəyyənləşdirilən ən yüksək özünüidarəsini təmin edən hüquqi statusu; - məsələnin həllinin müddəalarına əməl olunmasını təmin etmək barədə bütün tərəflərin qarşılıqlı öhdəlikləri daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyi". Bu, ölkəmizin diplomatik müstəvidə əldə etdiyi çox mühüm uğur idi. Əvvəla, Azərbaycan bütün dünyanın diqqətini Qarabağ münaqişəsinə yönəltməyə nail olmuşdu, bu isə olduqca vacib məsələ idi. Çünki dünyanın problemə münasibəti heç də obyektiv məlumatlar əsasında formalaşmamışdı və Azərbaycan Lissabon sammitində Ermənistanın və erməni lobbisinin uzun müddətdən bəri apardığı təbliğat kampaniyasının nəticələrini bir günün içərisində dəyişməyə nail oldu. Digər tərəfdən Ermənistan bir daha işğalçı siyasət yürütdüyünü və beynəlxalq hüququn bütün dünya tərəfindən qəbul olunmuş prinsiplərinə qarşı çıxdığını ortaya qoydu. Bununla yanaşı ATƏT üzvlərinin hamısı, Ermənistan istisna olmaqla, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə yaşayan azərbaycanlılar da daxildir) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqlədilər. Ermənistan isə ilk dəfə məhz bu sammit zamanı beynəlxalq birliyin ciddi təzyiqi ilə qarşılaşdı və özünü təcrid olunmuş vəziyyətə saldı.
Lissabon sammiti zamanı münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin sonrakı mərhələsi üçün Azərbaycanın milli maraqlarını təmin edən, beynəlxalq birliyin qəbul etdiyi hüquqi baza müəyyənləşdirildi.
Tövsiyə edilən ədəbiyyat: