Tarixdən səhifələr

Görkəmli şair, xəttat, rəssam, musiqişünas, astronom Mir Möhsüm Nəvvab

Rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O, Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.

Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şeirlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər.

Mir Möhsünün əsərləri içərisində “Təzkireyi-Nəvvab” toplusu daha artıq maraq doğurur. Burada orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur. 
Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir.
“Nəsihətnamə” əsərində onun cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıqdır. Tanınmış pedoqoq və alimin etik görüşləri onun “Kifayətül-ətfal”, “Nurül-Ənvar” və “Pəndnamə” kimi kitablarında da öz əksini tapmışdır.

Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlar bizə yadigar qalmışdır.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı “Vüzuhül-ərqam” ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq burada dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adlarını da qeyd etmişdir. Əsərdə Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır.

Müəllifin “Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan” (“Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri”) adlandırdığı kitabı real faktlar əsasında qələmə alınıb və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gercəkliyi ilə əks etdirir. Tarixçilərin stolüstü kitabına çevrilərn bu əsər “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə ilk dəfə 1993-cü ildə Bakıda nəşr edilmişdir.

Mir Möhsüm Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişmişdir.

Tövsiyə edilən ədəbiyyat:

  1. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası / M. M. Nəvvab ; tərt., tərc. K. K. Şərifli ; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı : Qanun, 2014. - 180 s.
  2. Əliyev, Əli Umud oğlu. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab : monoqrafiya / Ə. U. Əliyev ; elmi red. K. İ. Əliyev. - Bakı : Avropa nəşriyyatı, 2016. - 151 s.
  3. Mir Möhsün Nəvvab. Seçilmiş əsərləri / M. M. Nəvvab ; ərəb dilindən translit.: Ə. Məmmədbağıroğlu, A. Ramazanov ; fars dilindən tərc. R. Ş. Kərimov ; bur. məsul Ə. Güləliyev. - Bakı : Şərq-Qərb, 2006. - 216 s.