8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi təmin olundu.
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son illər Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi.
Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 2020-ci il 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi.
Bu artıq qələbənin yaxınlaşması demək idi. Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Şuşanın əslində kimə məxsus olduğunu bu qələbə dünyaya bir daha nümayiş etdirir. Azərbaycan xalqının tarixi yaddaşının mühüm bir hissəsini əks etdirən, unikal memarlıq xüsusiyyətlərinə, eyni zamanda hərbi-strateji əhəmiyyətə malik bu şəhərin işğaldan azad olunması nəticə etibarilə həm də bütün ölkənin həyatında yeni bir mərhələnin başlamasına səbəb oldu. Məhz Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Prezidentinin Şuşa şəhərinə səfərləri, qısa müddətdə şəhərin Baş planının hazırlanması bu şəhərin Azərbaycan və hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, buradakı tarixi, dini və memarlıq abidələrinin bərpa olunması kimi çox böyük işlər görülüb. Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdi: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Tövsiyə edilən ədəbiyyat: