Dünyanın qlobal informasiya məkanında internet, kompüter-peyk kommunikasiya şəbəkəsi kimi nəhəng sisteminin hegemonluğuna baxmayaraq, planetimizin müxtəlif güşələrində yaşayan, yaşından, dini-irqimənsubiyyətindən, peşəsindən asılı olmayaraq milyardlarla insanın ən operativ informasiya ilə təmin olunmasında radio və televiziya yayımı öncül mövqeyini saxlayır. Müstəqil Azərbaycan Respublikasının bütütn dünyada taninmasında, Azərbaycan gerçəkliklərinin yayılmasında, eləcə də müstəqil dövlətimizindemokratik cəmiyyət quruculuğu sahəsində nailiyyətlərinin təbliğində televiziya və radiomuz önəmli rol oynayır.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da radio yayımının başlaması XX əsrin 20-ci illərinə təsadüf edir. 6 noyabr 1926-cı ildə ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" sədası ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycanın siyasi və mədəni həyatında böyük bir yenilik idi.
İlk dövrlər Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqlı məkanda fəaliyyət göstərirdi. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir.
Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayımlayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı. Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi. Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, verilişlərdə isə ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr öz əksini tapırdı.
Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olur. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar. Azərbaycan Radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdi.
Televiziya fəaliyyətə başladıqdan sonra da radio öz dinləyicilərini ətrafında saxlaya bildi. 1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı.
Azərbaycan Televiziyası radiodan düz 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə start verilib. Tikili üçün yer Bakının ən hündür məkanlarından birində – "Mehdi Hüseyn 1" adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası yayıma 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı Studiyası ara-sıra sınaq verilişləri yayımlayıb.
İlk veriliş günü ekranda o dövrdə gənc aktrisa olan, sonradan Azərbaycanın tanınmış sənətkarı Nəcibə Məlikova görünüb. Çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra "Bəxtiyar" bədii filmi nümayiş olunub.
O zamanlar Bakı Studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb.
1956-cı ilin mayından başlayaraq ekranda ilk diktorlar göründü. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov vardı.
Sonradan televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Sevda Ağazadə, Nailə İslamzadə, Dilarə Səlimova, Kəmalə Hüseynova, Rafiq Həşimov, Nailə Babayeva, Nəsimi Nəbizadə, Afaq Əhmədova, Aynurə Mehdiyeva, Aynur Məmmədzadə. Beləliklə, Azərbaycan Televiziyasında diktorluq və aparıcılıq məktəbinin əsası qoyuldu.
1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.
Milli radio və televiziyamız xüsusən müstəqillik illərində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin, milli maraqlarımızın, zəngin mədəniyyətimizin yorulmaz təbliğatçısı olub. Əlamətdar yubileylərini qeyd edən Azərbaycan Radiosu və Televiziyasının verilişləri bu gün intellektual səviyyəsi və janr rəngarəngliyi ilə fərqlənir, geniş tamaşaçı auditoriyası tərəfindən daim maraqla izlənilir.
Televiziya ən müasir texnika ilə təmin olunub, yeni studiyalar yaradılıb. Bu da verilişləri daha baxımlı edir, onların məzmunu və forması bir-birini üzvi surətdə tamamlayır. Ölkə həyatının müxtəlif sahələrinə dair bir-birindən maraqlı verilişlər və rəngarəng proqramlar Azərbaycan Televiziyasına və Radiosuna böyük tamaşaçı və dinləyici məhəbbəti qazandırıb. Aparılan axtarışlar, yeni maraqlı layihələr telekanalın daha uğurlu gələcəyindən xəbər verir.
2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Hazırda işğaldan azad olunan digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir.
Tövsiyə edilən ədəbiyyat: