Tarixdən səhifələr

Sumqayıt şəhərinin yaranması

Sumqayıt şəhəri Xəzər dənizinin qərb sahilində, Sumqayıt çayının mənsəbində, düzənlikdədir. Böyüklüyünə görə respublikanın 3-cü şəhəridir.

Tarixi mənbələrdə ilk dəfə Sumqayıtın adı ingilis səyyahı Berrou tərəfindən 1580-ci ildə qeyd olunmuşdur. Alman səyyah İ.Lerx XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzərində daş körpünün mövcudluğunu bildirmişdir. 1858-ci ildə fransız yazıçı Aleksandr Düma “Qafqaz” adlı kitabında Sumqayıtı poçt stansiyası kimi qeyd etmişdir.

Hələ XX əsrin 30-cu illərin ortalarından başlayaraq, keçmiş SSRİ-də geniş miqyasda sənаyеləşmə siyаsətinin reallaşdırılmasına stаrt vеriləndə, Аzərbаycаnın üzərinə iri sənаyе mərkəzinin fоrmаlаşmаsı – Sumqаyıt sənаyе mərkəzinin yаrаdılmаsı düşdü. Belə bir şəraitdə Sumqayıtın yaradılması proseslərinə başlanıldı, amma Hitler Almaniyasının keçmiş SSRİ üzərinə qəfil hücumu və müharibə ilə əlaqədar bu proseslər müvəqqəti olaraq dayandırıldı. Müharibə başa çatmamış, Sumqаyıt sənаyе mərkəzi fоrmаlаşdırılmаğа və bir-birinin аrdıncа iri mеtаllurgiyа, kimyа və nеftkimyа zаvоdlаrı tikilməyə bаşlаnıldı. Bu tip iri müəssisələrin, qurğulаrın əksəriyyəti хаmmаl və yаrımfаbrikаt təyinаtlı idi və keçmiş ittifaqın plаnlı хаlq təsərrüfаtı iqtisаdiyyаtının tələbələrinə uyğun fəаliyyət göstərirdi.

Artıq 1949-cu ilədək aparılan quruculuq və tikinti işləri, Sumqayıtın ərazisində yaradılan sənaye müəssisələri, əhalinin sürətlə artması, hər tərəfdən Sumqayıta işçi qüvvəsi axınının intensivləşməsi, şəhərdə sənaye infrastrukturunun gücləndirilməsi, şəhər infrastrukturunun yaradılması istiqamətində addımların atılması artıq Sumqayıtın bir şəhər kimi formalaşmasına dəlalət edirdi və bura şəhər adının verilməsinə zərurətin yaranmasını əsaslandıran ciddi arqumentlər var idi. Belə bir şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin 22 noyabr 1949-cu il tarixli qərarı ilə Sumqayıt şəhəri yaradılmışdır. Bu tarixdən başlayaraq, Sumqayıt Azərbaycanın sosial-iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edən şəhəri kimi formalaşmışdır. Sumqayıt şəhərinin yaranma tarixinə əhalinin sayı 17,2 min nəfər olmuşdur, bu göstərici 1939-cu ildə isə cəmisi 6,4 min nəfərə yaxın olmuşdur.

Sonrakı illərdə Sumqayıtın sosial-iqtisadi infrastrukturunun yaradılması prosesləri getmişdir və şəhər təsərrüfatının formalaşdırılması diqqət mərkəzində olmuşdur. 1950-ci ildən başlayaraq, 1970-ci ilədək olan dövrdə Sumqayıtda bir-birinin ardınca iri sənaye müəssisələri istismara verilmişdir.

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında əsaslı dönüş 1970-ci illərin əvvəllərindən başlamışdır. Bütün bu proseslərin təşəbbüskarı, yaradıcısı və ilhamvericisi o dövrdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev idi. Artıq 1970-ci illərin əvvəllərində Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi, ondan maksimum səmərəli istifadə olunması məsələləri aktuallığı ilə diqqət çəkmişdir. 1970-80-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilmişdir.

1969-1982-ci illərdə Sumqayıtda 2130 mln. kv.m. mənzil tikilmiş, 30 min ailə yeni mənzillə təmin olunmuşdu. Eyni zamanda 30,5 min şagird yeri olan 27 müasir ümumtəhsil məktəbi, 1500 yerlik mədəniyyət sarayı, 6 mədəniyyət evi, 6 kitabxana, 129 çarpayılıq xəstəxana kompleksi tikilib sumqayıtlıların istifadəsinə verilmişdir. Məhz həmin dövrdə Sumqayıt nəinki respublikada, eyni zamanda keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf nöqteyi-nəzərindən sürətlə inkişaf edən şəhərlər sırasında yer almışdı. Xüsusilə, 1970-1985-ci illərdə formalaşdırılmış şəhər təsərrüfatı və sənaye infrastrukturu Sumqayıtın güclü sənaye mərkəzi və inkişafda olan şəhər kimi tanınmasında strateji əhəmiyyət kəsb etmişdir.  

Keçmiş SSRİ-nin süqutu ilə əlaqədar olaraq, 1990-cı illərin əvvəllərindən başlayan proseslər öz acı nəticələrini göstərdi və Sumqayıt şəhəri özünün sənaye potensialının əhəmiyyətli hissəsini itirdi, on minlərlə sənaye iş yerlərindən məhrum oldu, bir çox iri qurğular işləmədiklərindən sürətlə köhnəlməyə başladılar və tezliklə istismara yararsız vəziyyətə düşdülər.

Bu çətin dövrdə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyevin tarixi səyləri nəticəsində Sumqayıt şəhərinin sənaye potensialının dirçəldilməsi, ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının təmin edilməsi mümkün olmuşdur.

1995-2003-cü illərdə Sumqayıtın sənaye müəssisələrinin bir hissəsi modernizasiya olunmuş, şəhərin ekoloji problemlərinin həlli istiqamətində zəruri addımlar atılmış, sənaye potensialının gücləndirilməsi tədbirləri görülmüşdür.

Bu gün Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynadı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür.

Sumqayıt yalnız Azərbaycanın sənaye mərkəzi deyil, eyni zamanda o zəngin mədəniyyət və incəsənət həyata malik olan şəhərdi. Sumqayıtın yaranmasından ötən müddət ərzində şəhərdə bir sıra mədəniyyət evləri tikilib istifadəyə verilib, geniş istirahət parkları salınıb, Azərbaycan xalqının görkəmli dövlət xadimlərinə abidələr qoyulub: 1951-ci ildə C. Cabbarlı adına, 1958-ci ildə S. Vurğun adına və 1985-ci ildə Ü. Hacıbəyov adına mədəniyyət evləri tikilib, 1966-cı ildə M. Hüseynzadə adına stadion istifadəyə verilib, müxtəlif vaxtlarda Nəsimi adına dənizkənarı istirahət parkı, şəhər parkı, Sumqayıtda qardaşlaşmış şəhər olan Lüdviqshafen şəhəri ilə dostluq əlaqələrinin rəmzi kimi “Lüdviqshafen” parkı, “Heydər park” salınıb. Şəhərlərin görkəmli yerlərində müxtəlif vaxtlarda Azərbaycan xalqının görkəmli xadimləri N. Nərimanova, C. Cabbarlıya, C. Məmmədquluzadəyə və İ. Nəsimiyə abidələr qoyulub. Şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Sumqayıtda 1969-cu ildən H. Ərəblinski adına Musiqili Dövlət Dram Teatrı, həmçinin Sumqayıt Dövlət Universiteti, Müəllimlərin Təkmilləşdirmə İnstitutunun Sumqayıt filialı, Dövlət Texniki Kolleci, Tibb məktəbi, Musiqi Texnikumu, Pedaqoji Seminariya və musiqi məktəbləri fəaliyyət göstərillər.  

Sumqayıtda müxtəlif beynəlxalq və yerli festivallar, sərgilər və konsertlər keçirilir. Şəhər, Azərbaycanın müxtəlif bölgələrindən və xaricdən gələn sənətçilər və incəsənət həvəskarları üçün bir məkana çevrilmişdir. Sumqayıtda keçirilən festivallar, şəhərin mədəniyyətin inkişafına verdiyi önəmi və incəsənətə olan dəstəyi göstərir.

Son illərdə Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, mədəniyyət və elm müəssisələrini fəaliyyətə başlaması şəhərin uğurlu inkişafına yollar açıb və müasirləşən, inkişaf edən şəhərə çevirib.


Tövsiyə edilən ədəbiyyat:

  1. Alıyev, Həmid Alhüseyn oğlu. Sumqayıt şəhərinin tarixi: [monoqrafiya] /Həmid Alıyev ; elmi red. A. B. Baxşəliyev ; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlər Un-ti. - Bakı: Elm və təhsil, 2011. - 542 s.
  2. Məmmədov, R. S. Sumqayıt: tarixdən səhifələr: 1930-2000 /R. S. Məmmədov, H. Ş. Sadıqov. - Sumqayıt: [s.n.], 2010. - 205 s.
  3. Əhmədov, Qalib Əhmədxan oğlu. Sumqayıt və sumqayıtlılar /Qalib Əhmədov, Beydulla Vəziroğlu; Red. hey.: M. Salahov, Z. Həsənova, Q. Kərimov və b. - Bakı: Zaman, 1999. - 446 s.
  4. Ахундов, Гусейн Юсиф оглу. Сумгаит /Г. Ю. Ахундов ; ред. М. Багиров ; худож. М. Гумриев. - Баку: Азерб. Гос. изд-во, 1966. - 42 с.