Tarixdən səhifələr

Akademik Ziya Bünyadov

Ziya Musa oğlu Bünyadov1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirib. 1941-ci ildə Bakı Hərbi Piyadalar Məktəbini bitirdikdən sonra leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. O, iki dəfə yaralanıb və kontuziya alıb. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Z.Bünyadov 1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olur. Z.Bünyadov 1954-cü ildə Y.Belyayevin rəhbərlik etdiyi kafedrada ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə başa çatdıraraq uğurla müdafiə edib.

Z.Bünyadov 1954-cü ildə Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilib. O, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin müəllimi olub. Alim 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun (indiki Şərqşünaslıq İnstitutu) Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik edib, 1981-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləyib.

Alimin elmi yaradıcılığı iki istiqamətdə inkişaf edib: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri.

Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə edib və 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı verib.1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. 
Z.Bünyadov 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1970-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)” jurnalının baş redaktoru təyin olunub.

1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuqlar dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.

1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülən akademik elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilib. 1986-cı ildə Moskvada “Nauka” nəşriyyatı tərəfindən alimin “Xarəzmşahlar-Anuştəginlər dövləti 1097-1231-ci illər” monoqrafiyası nəşr olunub.

1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib.

Ziya Bünyadov elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmayıb. Alimi Vətənin yaxın keçmişi də maraqlandırıb. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, Bakı kommunasına və digər mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ziya Bünyadov elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən İslam dininin doğru-dürüst öyrənilməsinə yönəldilib. O, akademik V.Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirib, ona şərhlər yazıb. Sonra “Dinlər, təriqətlər, məzhəblər” adlı irihəcmli soraq kitabı hazırlayıb. Kitab alimin vəfatından sonra 1997-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görüb.

Alim 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun ”Gülüstani-İrəm” əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb.

Akademik Z.Bünyadov Şərqşünaslıq İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq ölkələri probleminə həsr olunan bir sıra beynəlxalq və regional elmi konfransların təşkilatçısı olub. 1992-ci ildə - Azərbaycanın ən çətin dövründə Z.Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan Partiyasına sədr müavini seçirlər.

1993-cü ildə “Astaranın fəxri vətəndaşı”, 1994-cü ildə isə “Göyçayın fəxri vətəndaşı” adına layiq görülüb. 1995-ci il noyabrın 12-də Z.Bünyadov Milli Məclisin deputatı seçilib. Akademikin Vətən qarşısında xidmətləri həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib.

1997-ci il fevralın 21-də akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında vəhşicəsinə qətlə yetirilib.
1998-ci ildə Z.Bünyadov vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Baxşəliyeva, Gövhər Baxşəli qızı. Hamıdan ucadır alimin yeri : Məqalələr. Müsahibələr. Rəylər / G. B. Baxşəliyeva ; red. M. Ə. Məhəmmədi ; AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. - Bakı : Nurlan, 2003. - 322 s.
  2. Буниятова, Тагира. Сильнее смерти : Зия Буниятов в воспоминаниях современников = Ölümdən güclü : Ziya Bünyadov müasirlərinin xatirələrində / Т. Буниятова ; ред. А. Бабаев. - Баку : Элм, 2002. - 584 с.
  3. Буниятова, Тагира. Зия - моя судьба : воспоминания = Ziya - mənim taleyim : xatirələr / Т. Буниятова ; ред. А. Бабаев. - Баку : Pedaqogika, 2004. - 232 с.